“Naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan ordusunun əsgəri Nəsimi Musayev ömürlük burada qala bilməz”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə deyib.
Hökumət başçısı hələlik Bakı və İrəvan arasında ekstradisiya məsələsinin müzakirə edilmədiyini bildirib.
“Amma onun ömürlük Ermənistanda qalacağını da deyə bilmərəm. İstintaq aparılır, məhkəmə keçirilməlidir və hökmü də məhkəmə çıxaracaq”, - Paşinyan vurğulayıb.
Qeyd: Baş Prokurorluğun Mətbuat xidməti oktyabrın 1-də bəyan edib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib.
Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.
Araşdırma zamanı toplanmış materiallar əsasında Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.
Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.
Hazırda Nəsimi Musayevin Ermənistan Respublikası ərazisində olması, saxlanılması, habelə hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir.
Cinayət işi üzrə istintaqın gedişi və nəticələri barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcək.