Paşinyana çox güvənmək olmaz

Baş nazir Qarabağ açıqlaması ilə Rusiyanın da üzərinə getməyə çalışır

  Ermənistan Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında müxtəlif açıqlamalar verib. Paşinyanın diqqət çəkdiyi məsələlərdən biri də Qarabağla bağlı idi. Maraqlıdır ki, baş nazir bu cür açıqlamalarına görə müxalifət tərəfindən tənqidlərə də məruz qalmaqdadır. Bu dəfə Paşinyan deyib ki, "dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın". Baş nazir əlavə edib ki, Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycanın 1991-ci il Almatı Bəyannaməsi əsasında onların ərazi bütövlüyünü tanıması barədə razılıq əldə olunub. 

Onun sözlərinə görə, İrəvanın narahatlığı ondan qaynaqlanır ki, Azərbaycan Prezidenti daim Praqa görüşünə istinad edərək Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, lakin Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıdığını demir: "Biz aydın şəkildə bildirməliyik. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyırmı? Əgər belədirsə, o zaman Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Qalan hissələr üzrə, Qarabağ məsələsinin həllinin düsturu ilə bağlı mən 2021-ci il aprelin 13-də parlamentdə və digər ictimai bəyanatlar zamanı çıxış etmişəm". 

  Erməni baş nazirin sözlərini "Şərq"ə dəyərləndirən "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov deyib ki, Paşinyanın bu tip ritorikalarına tez-tez rast gəlirik. Analitikin fikrincə, vəziyyət gərgin olan anlarda baş nazir belə "etiraflar" edərək, mövcud durumdan çıxmağa çalışır: 

"Paşinyanın Qarabağla, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanatları ilk deyil və son da olmayacaq. Paşinyan bəzi məqamları doğru vurğulaya bilər. Amma məsələ ondadır ki, Almatı anlaşmasında Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, sonradan ərazilərimizi işğal etdi. 6-7 oktyabr tarixlərində, Praqa sammitində yenə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıqladı, amma sonrakı dönəmdə sərsəm bəyanatlar, iddialar gündəmə gəldi. Paşinyan proseslərdən manipulyasiya kimi istifadə etməyə cəhd göstərir. İki ölkənin bir-birinin ərazi bütövlüyünü rəsmən tanıması üçün ilk növbədə sərhədlərin demarkasiya və delimitasiya prosesi yekunlaşmalıdır. Rəsmi Bakı bu məsələni dəfələrlə gündəmə gətirib və həllinin vacib olduğunu bəyan edib. Bununla bağlı zəruri addımlar da məhz Azərbaycan tərəfindən atılıb, komissiyalar formalaşıb. Azərbaycanın Ermənistana təklif etdiyi 5 baza prinsiplərində də bu məqamlar əksini tapıb. Ancaq görünən odur ki, Ermənistan qəsdən prosesi uzatmaq niyyəti güdür. Bəzi məqamlar Paşinyanın özü üçün də qaranlıqdır. Daha doğrusu, baş nazir bir sıra prosesləri düzgün dərk edə bilməyib. Ona görə də əsassız açıqlamalar səsləndirməkdədir. Ola bilər, Paşinyan Qarabağ açıqlaması ilə Rusiyanın da üzərinə getməyə çalışır. Sülhməramlı məsələsini gündəmə gətirməklə də topu Rusiyanın üzərinə atıb. Hər halda Ermənistan rəhbərliyinə çox güvənmək olmaz".