Baş nazir sərhədlərin müəyyənləşməsi prosesini yubatmamalı, xalqının gələcəyini düşünməlidir
Ermənistanın Baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” kanalına müsahibəsində bildirib ki, Azərbaycanla Ermənistanın delimitasiya və sərhədlərin təhlükəsizliyi üzrə milli komissiyası Qarabağla əlaqədar deyil. Onun sözlərinə görə, rəsmi Bakı ilə İrəvan arasında biri delimitasiya üzrə olmaqla müxtəlif formatda ünsiyyət var:
“Ermənistan-Azərbaycan dialoqunun ikinci istiqaməti tərəflər arasında münasibətlərin normallaşmasıdır. Danışıqların üçüncü istiqaməti də var. Bu, regional nəqliyyat və iqtisadi kommunikasiyanın blokdan çıxarılmasıdır”. Baş nazir əlavə edib ki, regionda sülhün bərqərar olması üçün ən vacib məsələ “Dağlıq Qarabağ”dır. Jurnalistin “Rusiya bu məsələdə daha çox Azərbaycanı dəstəkləyir” sualına Ermənistan hökumətinin rəhbəri “Rusiya Ermənistanın strateji partnyoru və müttəfiqidir, amma onun Azərbaycanla da çox yaxın münasibətləri var” deyə cavab verib. Xatırladaq ki, bir neçə gün öncə Rusiya XİN rəhbəri Sergey Lavrov İrəvanda səfərdə olarkən Fərrux kəndi ilə bağlı suala, “bu məsələnin delimitasiya prosesinin tərkib hissəsi” olduğunu söyləmişdi.
Paşinyanın zaman-zaman bir-birinə zidd açıqlamalarla gündəmə gəlməsini “Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru Cümşüd Nuriyev bildirib ki, baş nazir Azərbaycanla aparılan danışıqların 3 istiqamətdə getməsindən və heç birində Qarabağ məsələsinin olmamasından dolayı yolla şikayətlənir.
Professorun sözlərinə görə, Qarabağ problemi, “Dağlıq Qarabağ” termini artıq müzakirə predmeti deyil:
"Brüssel görüşündə də Qarabağın adı çəkilmədi. Sadəcə, Qarabağ bölgəsində olan etnik ermənilərin hüquqlarından, onların təhlükəsizliyindən bəhs edildi. Azərbaycanla Ermənistan arasında ilk növbədə müzakirə olunan məsələ sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır. Bundan öncə Sergey Lavrovun İrəvanda Fərrux kəndi ilə bağlı səsləndirdiyi fikirlər birbaşa publikaya hesablanmışdı. Lavrov kimi peşəkar bir diplomat sərhədlərin müəyyən olunması prosesindən bixəbər deyil.
Gözəl bilir ki, Azərbaycan daxilindəki Fərrux kəndinin sərhədlərin delimitasiyası ilə əlaqəsi yoxdur. O ki qaldı Paşinyana, erməni baş nazir indiki məqamda daha ağıllı hərəkətlər etməli, məntiqli bəyanatlar səsləndirməlidir. Amma baş nazir hakimiyyətini itirməkdən qorxur. Daxildəki etiraz aksiyalarından, revanşistlərin hücumlarından ehtiyatlanır. Ancaq proseslər başlayıb və müəyyən addımlar atılıb. Avropa İttifaqı da Azərbaycan-Ermənistan arasındakı normallaşma prosesinə ciddi töhfələr vermək niyyətində olduğunu göstərir.
Rusiya da Aİ-nin mövqeyini dəstəkləməyə məcburdur. Çünki Brüssel görüşünün yekun bəyanatlarında bölgədə sülh və əməkdaşlıqdan bəhs olunur. Yaxşı olar ki, Paşinyan da provokasyon çıxışlardan uzaq dursun və öz ölkəsinin gələcəyini düşünsün”.