Rəşad Bayramov: “Putinin danışıqlara hazır olması hələ sülhə hazır olması demək deyil”
Rusiya-Ukrayna müharibəsi 5 ilə yaxındır ki, gərgin müstəvidə davam edir. Tərəflər müvəqqəti atəşkəs barədə yalnız xüsusi günlər və əsir mübadiləsi çərçivəsində razılıq əldə edə biliblər. Bu dəfəki atəşkəs rejimi ABŞ Prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkofun Rusiya ilə Ukraynaya gözlənilən səfəri çərçivəsində təmin olunub. Rejim sentyabrın 5-dən 8-dək qüvvədə olacaq. ABŞ nümayəndə heyyəti müharibəyə son qoymaq adı altında Rusiyaya gedərək, Prezident Validimir Putinlə müzakirələr aparıblar. Putin amerikalı tərəfdaşlarla müharibənin siyasi-diplomatik yolla həllini davam etdirməyə hazır olduğunu təsdiqləyib. ABŞ nümayəndə heyətinin Ukraynaya səfəri bu günə gözlənilir. Ukrayna prezidenti Volodimir Zelenski onları qəbul etmədən öncə komandası ilə işçi görüşü keçirib. Ukrayna lideri danışıqlar üçün öz təkliflərini hazırladıqlarını açıqlayıb. Ölkəsinin dialoqa açıq olduğunu vurğulayan Zelenski, Ukraynanın hər zaman konstruktiv mövqe tutduğunu və bu prinsipə sadiq qalacağını bildirib. Dövlət başçısı qeyd edib ki, Kiyev müharibənin tezliklə başa çatmasında maraqlıdır. Zelenski danışıqlar masasında əsas prioritet kimi ölkəsinin etibarlı təhlükəsizlik zəmanətləri ilə təmin olunmasını və ədalətli sülh şərtlərinin irəli sürülməsini ön plana çıxarıb.
Bəs Vaşinqton heyətinin bu missiyası tərəflər arasında razılığın əldə olunmasına təkan verəcəkmi?
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a bildirib ki, hazırkı mərhələdə diplomatik prosesin yenidən canlanması üçün əvvəlkindən daha real imkan var:

“Çünki Vaşinqton bu dəfə yalnız tərəfləri masa arxasına gətirməyə deyil, konkret təkliflər üzərindən nəticə əldə etməyə çalışır. S.Uitkoff və C.Kuşnerin Moskvada Putinlə uzunmüddətli görüş keçirməsi və bundan sonra Kiyevə getməsi ABŞ-nin hər iki tərəflə paralel danışıqlar apardığını göstərir. Putinin siyasi-diplomatik yolla həllə yönəlmiş birgə işi davam etdirməyə hazır olduğunu bildirməsi də müsbət siqnaldır. Amma bunu hələ Putinin sülhə hazır olması kimi qiymətləndirmək olmaz. Çünki Moskvanın danışıqlara hazır olması ilə güzəştə hazır olması eyni şey deyil. Putin bundan əvvəlki danışıqlarda da oxşar bəyanatlarla çıxış edib. Əsas məsələ budur ki, tərəflərin münaqişəni dayandırmaq motivasiyası ilə müharibənin nəticəsi barədə təsəvvürləri hələ də bir-birindən ciddi şəkildə fərqlənir”.
Politoloqun sözlərinə görə, ABŞ vasitəçiliyinin uğuru Vaşinqtonun Moskva və Kiyev üçün qəbul edilə bilən kompromis modeli ortaya qoya bilməsindən asılı olacaq:
“Hazırda tərəflərin müəyyən diplomatik təmaslara qayıtması mümkündür. Lakin yekun sülh sazişi kifayət qədər uzaq görünür. Moskva görüşünün yekununda sülh prosesilə bağlı nəzərəçarpan irəliləyişin açıqlanmaması da bu mülahizəni təsdiqləyir. Zelenski isə hər zaman müəyyən güzəştlərə hazır olduğunu ifadə edib. Əsas məsələ güzəşt deyəndə nəyi nəzərdə tutmaqdan asılıdır. Əgər söhbət ərazi məsələsində birtərəfli güzəştdən gedirsə, buna nə Zelenskinin, nə də hər hansı başqa bir liderin razılıq verməsi mümkündür. Ukrayna cəmiyyətinə "ərazilərdən imtinaya məcburuq" mesajını məqbul etdirmək imkansızdır. Buna görə də rəsmi Kiyev daha çox ərazi məsələsi ilə təhlükəsizlik təminatlarınını paralel şəkildə müzakirə etmək istəyir”.
R.Bayramov Zelenskinin diplomatik təmaslara tam hazır olduğunu vurğulayıb:
“Onun ABŞ nümayəndələri ilə görüşə hazırlaşması və danışıqlar prosesinin yenidən başlamasına müsbət yanaşması bunu göstərir. Ukrayna müəyyən kompromislərə gedə bilər. Amma bunun qarşılığında ABŞ və Avropadan real təhlükəsizlik təminatları, atəşkəsin davamlılığı və Rusiyanın yeni hücumunun qarşısını alacaq mexanizmlər tələb edəcək. İtirilən torpaqların Kiyev ərazisi olaraq tanınması isə Zelenski üçün qırmızı xəttdir. Ümumilikdə indiki prosesi sülh danışıqlarına qayıtmaq üçün yeni pəncərənin açılması kimi qiymətləndirmək olar. Əgər Vaşinqton bu pəncərəni konkret mexanizmlə doldura bilsə, diplomatiya nəticə verəcək. Əks halda, biz hələ gələn il ərzində də müharibənin davam etməsinə şahid olacağıq”.