Qərb Paşinyanın üzərində dayanacaq
Ermənistanda müxalifətin fəallaşması istiqamətində xarici dəstəyin verilməsi gözlənilmir
Ermənistan hakimiyyəti ermənilərin Qarabağa qayıdış məsələsinin sülh müqaviləsinin tərkibində yer almasında maraqlıdır
Ermənistanda ötən ay paytaxt meriyasına keçirilən seçkilərdə məğlub olan müxalifətin ölkənin Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etirazlara başlayacağı gözlənilirdi. Amma Qarabağdan könüllü erməni köçü bu etirazları bir müddət təxirə saldı. Amma N.Paşinyanın Strasburqda etdiyi çıxış müxalifətin qəzəbinə səbəb olub və nəticədə yeni aksiyalara hazırlaşdığını bəyan edib.
Müxalifətin yaratdığı Milli Komitənin koordinatoru Vazgen Manukyan Nikol Paşinyana qarşı təşkilatlanmağı qərara aldıqlarını və tezliklə ciddi fəaliyyətə keçiləcəyini bildirib. Müxalifətin əsas məqsədi Ermənistan erməniləri ilə yanaşı, Qarabağ ermənilərini də hökumətə qarşı etirazlara səsləməkdir. Eyni zamanda Milli Komitənin anti-Rusiya əhval-ruhiyyədə olması, Avropaya tərəf meyl etməsi nəzərdən qaçmır. Manukyan ənənəsinə sadiq qalaraq, Rusiya sülhməramlılarını günahlandırıb və Qarabağ ermənilərinin geri qayıtmasını prioritet adlandırıb. Bu qayıdış prosesinin isə beynəlxalq qüvvələrin, xüsusən də BMT himayəsində olması fikrini irəli sürüb. Eyni zamanda Nikol Paşinyanın “ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər” açıqlaması da müxalifətin hiddətinə səbəb olub. Milli Komitə adından çıxış edən Vazgen Manukyan imzalanacaq sülh müqaviləsini yeni müharibənin başlanğıcı adlandırıb.
Politoloq Məhəmməd Əsədullazadə isə "Sherg.az"a bəyan edib ki, Ermənistan müxalifəti və iqtidarı ermənilərin Qarabağa qayıtması üçün yekdil mövqeyə malikdir. Analitikin fikrincə, məhz Ermənistan hakimiyyəti ermənilərin Qarabağa qayıdış məsələsinin sülh müqaviləsinin tərkibində yer almasında maraqlıdır:
"Ona görə də müxalifət bu məsələdə Nikol Paşinyanın qarşısında şərt qoyub. Azərbaycan ermənilərin geri qayıtmasını Qərbi azərbaycanlıların geri qaytarılması ilə bağlı paralel aparmalıdır. Ermənistan müxalifətinin qərbpərəst siyasəti onların Qərbin dəstəyin alacağı mənasına gəlmir. Vazgen Manukyan bu dəstəyə ümid etsə də, Qərb Paşinyanın üzərində dayanacaq. Ermənistanda müxalifətin fəallaşması istiqamətində xarici dəstəyin verilməsi gözlənilmir. Rusiyaya yaxın müxalifətin aktivləşməsi isə ciddi perspektiv təşkil etmir".