“Rusiyaya etibar etmək olmaz, Ermənistan qazsız qala bilər” - Politoloq

  • “İran və Azərbaycandan başqa Ermənistanın alternativi yoxdur”

Azərbaycan və Ermənistan arasında sülh prosesinin növbəti mərhələsi ilə bağlı diplomatik təmaslar davam edir. İki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın bu ay Nyu-Yorkda görüşməsi planlaşdırılır. Görüşün BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilməsi nəzərdə tutulur. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın açıqlamasına görə, tərəflər arasında görüşlə bağlı yekun razılaşma hələ əldə olunmayıb və onun baş tutması nazirlərin qrafikindən asılı olacaq. Nyu-York görüşü Azərbaycan və Ermənistan arasında son dövrdə intensivləşən diplomatik təmasların davamı kimi qiymətləndirilə bilər. Xüsusilə sülh sazişinin imzalanması istiqamətində əldə olunan irəliləyiş, sənədin yekunlaşdırılması ilə bağlı qalan məsələlər, regional kommunikasiyaların açılması və tərəflər arasında etimadın möhkəmləndirilməsi kimi mövzuların danışıqlar gündəliyində yer alması gözlənilir.

Qeyd edək ki, Ceyhun Bayramov və Ararat Mirzoyanın son görüşü sentyabrın əvvəlində Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub. Həmin görüşdən sonra Azərbaycan tərəfi yaxın gələcəkdə yeni təmasların keçiriləcəyinə dair mesaj verib. Bu baxımdan Nyu-York görüşü tərəflərin sülh gündəliyi üzrə mövqelərinin bir daha müzakirə edilməsi və danışıqlar prosesinin növbəti mərhələsinin müəyyənləşdirilməsi baxımından diqqət çəkir.

Politoloq Abutalıb Səmədov Sherg.az-a söyləyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq məsələlər həddindən artıq çoxdur:

“Bu, ilk növbədə, təbii ki, sülh sazişi ilə bağlıdır. Məlumdur ki, Ermənistanda referendumun əvvəlcədən nəzərdə tutulduğu vaxtda keçirilməsi mümkün olmadı. Parlament seçkilərinin nəticələri Paşinyan hakimiyyəti üçün müəyyən problemlər yaratdı. Vəziyyətdən çıxış yolları axtarılır. Görünür, bu məsələ xarici işlər nazirləri arasında da müzakirə olunacaq. Həmçinin Zəngəzur dəhlizində nəzərdə tutulan işlər, oradan keçəcək kommunikasiyalar və s. məsələlər də şübhəsiz ki, müzakirə ediləcək. Digər tərəfdən delimitasiya-demarkasiya məsələləri daim gündəlikdədir. Bunun üçün, təbii ki, komissiya var və onlar daha çox bu işlə məşğul olurlar. Ancaq yəqin ki, xarici işlər nazirlərinin görüşündə də bu məsələyə ötəri də olsa toxunacaqlar”.

Analitik qeyd edib ki, Rusiyanın təzyiqləri, Ermənistana tətbiq etdiyi qadağalar, bundan çıxış yolları, Azərbaycanın bu məsələdə Ermənistana göstərə biləcəyi yardım, ən əsası, qaz tədarükü ilə bağlı məsələlər də müzakirə olunacaq:

“ Çünki burada Rusiyaya etibar etmək qeyri-mümkündür. İstənilən an qazın qiymətini Avropa səviyyəsinə qaldıra bilər, ümumiyyətlə, qaz verilməsindən imtina edə bilər. Ona görə də bu məsələlər indidən ciddi şəkildə götür-qoy olunmalıdır. Əgər Rusiya qaz verilməsindən imtina edərsə, Ermənistan qazı kimdən ala bilər? İran və Azərbaycandan başqa Ermənistanın alternativi yoxdur. Azərbaycan və Ermənistan arasında əvvəllər qaz boru kəməri olub. Lakin sonradan dağıdılıb, minalanıb, sıradan çıxıb. İndi yeni boru kəmərinin çəkilişinə ehtiyac var. bu proses mümkün qədər tez həyata keçirilməlidir ki, Rusiyanın mümkün addımlarına vaxtında cavab vermək imkanı olsun. Yəni, müzakirə olunacaq məsələlər həddindən artıq çoxdur. Əsas odur ki, dünən bir-birinə düşmən kimi baxan iki qonşu dövlət bu gün bir-birinə kömək etmək, bir-birinin yanında olmaq, problemləri birlikdə həll etmək məsələlərini müzakirə edir.Bu da, təbii ki, həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verir”.