Tələsmək olmaz:Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması ciddi əmək tələb edir

"Ona görə də universitetdən əvvəl orta məktəb və ya kollec səviyyəsində ortaq bir layihə reallaşdırıb onun nəticəsinə uyğun ali təhsil ocağı yaratmaq olar"

Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması ilə bağlı danışıqlar davam edir. Layihənin gecikməsi ictimaiyyətdə müəyyən suallar doğursa da, rəsmilər əsaslı şəkildə bir məsafə qət etdiklərini bəyan edirlər.
Qeyd edək ki, Türkiyə-Azərbaycan arasında olan dost və qardaş münasibətləri hər sahədə olduğu kimi, təhsil sahəsinə də sirayət edir. Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsində də bu yaxınlaşmaya zəmin yaradacaq maddələr var. Bu universitet Azərbaycan ali təhsili, elmi, gəncləri, insan kapitalının inkişafı üçün ciddi addım olacaq. Bu, yalnız təhsil və tədris deyil, elm, tədqiqat sahəsindəki inkişaf üçün də vacib addımdır.
Birgə universitet layihəsi həm Azərbaycan, həm də Türkiyə təhsili üçün ilk layihə deyil. Hazırda ölkəmizdə Fransa və Koreya ilə birgə universitetlər fəaliyyət göstərir, Türkiyə isə bu təcrübəni Qazaxıstan və digər ölkələrlə həyata keçirib. Təsis olunacaq birgə universitetdə hər iki ölkənin elmi potensialından istifadə etməklə, bu iki ölkənin vətəndaşlarına eyni güzəştlərlə xidmət göstərilməsi nəzərdə tutulur. Universitetin ilk illərdə məhdud ixtisaslarla fəaliyyət göstərməsi planlaşdırılır.
Hazırda müzakirə mərhələsində olan Azərbaycan-Türkiyə Universiteti haqda qərar dəqiqləşəcəyi təqdirdə universitetə qəbul da elə növbəti tədris ili üçün nəzərdə tutulub. Bu isə universitetin ilk ilində Bakıda hansısa universitetin nəzdində açılması ehtimalını artırır. Lakin universitetin növbəti illərdə öz binasında və daha çox ixtisasla fəaliyyət göstərməsi planlaşdırılır. Universitetin məhz ali təhsil pilləsində dünya reytinqlərində yüksək nəticələr göstərmiş Türkiyə ilə birgə qurulması bura daha çox yüksək ballı tələbələrin maraq göstərəcəyi ehtimalını artırır.
Ekspertlərin fikrincə, birgə universitetlərin  yaradılması təhsil  sahəsində  əməkdaşlığın daha da  gücləndirilməsinə, təcrübə  mübadiləsinin  aparılmasına, sağlam rəqabət mühitinin  yaradılmasına, ölkə gənclərinin elə Azərbaycanda təhsil almasına  mühüm töhfə verə bilər.

 “Study İn Turkey Azerbaijan” şirkətinin rəhbəri, xaricdə təhsil  üzrə ekspert Fuad Hacıyev isə “Şərq”ə açıqlamasında deyib ki, birgə universitet məsələsi uzun müddətdir gündəmdə olsa da, yaxın gələcəkdə  bu istiqamətdə real addımların atılması  gözlənilən deyil: 

“Bilirsiniz ki, daha əvvəl də  Şuşada türk dünyasının ortaq orta məktəbinin yaradılması məsələsi də müzakirə mövzusu idi. Amma daha sonra məsələ gündəmdən düşdü.  Türkiyə Cümhuriyyətinin Ali Təhsil Şurasının sədri Erol Özvar Bakıda səfərdə olanda  birgə universitet məsələsi əsas müzakirə mövsu oldu. İdeya baxımından birgə universitet layihəsi arzuolunandır. Amma bu universitetin yaradılması ilə cavabı birmənalı olmayan suallar çoxdur. Bu universitet harada yaradılacaq? Paytaxt Bakıda? Halbuki biz uzun illərdir paytaxtda yerləşən ali məktəblərimizin digər şəhərlərə köçürülməsini məqsədəuyğun hesab edirik. Belə bir zamanda Bakıda yeni bir universitet modelinin tətbiq edilməsi arzuolunan deyil”. 
Ekspertin fikrincə, birgə universitet mərkəzdən kənarda fəaliyyət göstərməlidir: “Bəzi informasiyalarda Azərbaycan-Türkiyə birgə universitetinin paytaxt Bakıda açılacağı, daha sonra filiallarının Gəncə və Şuşada fəaliyyətə başlayacağı deyilir.

Məncə, bu layihə  mütləq işğaldan azad olunan rayonlarımızdan birində reallaşdırılmalıdır. Birgə universitet ölkəmizdə ehtiyac olan sahə üzrə olmalıdır. Bildiyimə görə, mühəndislik ixtisası üzrə formalaşdırılması planlaşdırılıb. 

 Türkiyənin hansı universitetilə birgə universitet açılacağından asılı olaraq bu istiqamət üzrə ölkənin ali təhsil müəssisələri düzgün kadr hazırlığı həyata keçirə bilmir.  Əsas məsələ işin necə qurulacağı, rəhbərliyin və idarəçiliyin hansı tərzdə həyata keçiriləcəyi ilə bağlıdır.

Ekspertin fikrincə, Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması ciddi əmək tələb edir. Ona görə də universitetdən əvvəl orta məktəb və ya kollec səviyyəsində ortaq bir layihə reallaşdırıb onun nəticəsinə uyğun ali təhsil ocağı yaratmaq olar”.