Tofiq Abbasov: “İran və ABŞ arasında gərginliyin arxasında üçüncü qüvvələr dayanır”

Ekspert: “Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər”

Məlum olduğu kimi, İran və ABŞ arasında iyunun 18-də imzalanan memorandumun əsas müddəalarından biri bütün cəbhələrdə atəşkəsin elan edilməsini nəzərdə tuturdu. Lakin iyunun 25-də SEPAH-ın Sinqapur bayrağı altında üzən yük gəmisinə dron hücumu, regiondakı vəziyyəti dəyişdi. ABŞ ordusu hücuma cavab olaraq, İranın raket və dron anbarlarını bombalayıb. Beləliklə, qarşılıqlı hücumlar müharibə dövrünü xatırladan vəziyyətə geri dönüb. SEPAH ən son ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi infrastrukturuna zərbələr endirdiyini açıqlayıb. Bəhreyn Xarici İşlər Nazirliyi, 2817 saylı qətnamənin icrasını təmin etmək məqsədilə BMT Təhlükəsizlik Şurasını təcili iclas keçirməyə çağırıb. Hazırda proseslərin hansı istiqamətə yol alacağı sual altındadır.

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, qarşılıqlı hücumlar, tərəflər arasında əsaslı anlaşma şəraitinin formalaşmadığını göstərir:

“Buna baxmayaraq Donald Tramp tez-tez pozetiv tonda çağırışlar səsləndirir. Hətta İranla tam anlaşma əldə etdiklərini nümayiş etdirməyə çalışır. Lakin hadisələrin gedişatı İran və ABŞ-dən asılı deyil. Üçüncü tərəflərin təsiri də xüsusi rol oynayır. Təkcə, İsraili nəzərdə tutmuram. Ərəb ölkələrinin bəziləri gizli şəkildə, ABŞ və İsraili İranın regionda artan nüfuzuna zərbə vurmaq üçün müharibəyə təşviq edir”. 

Politoloq, İran və ABŞ arasında cərəyan edən gərginliyin arxasında üçüncü qüvvələrin dayandığını söyləyib:

“Xatırlayırsınızsa, iyunun 8-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması tərəflər arasında gərginliyin şiddətlənməsinə səbəb olmuşdu. Tramp bu məsələdə İranı günahlandırırdı. Lakin ABŞ Mərkəzi Komandanlığı, helikopterin İran tərəfindən vurulmadığını üzə çıxardı. Məhz həmin dönəmdə Britaniyanın müdafiə naziri Con Hili istefa verdi. Bunun təsadüf olub-olmadığı şübhə doğurur. Ancaq beynəlxalq münasibətlərdə belə hadisələr çox olur. Bəzən qatı rəqiblər qarşılıqlı körpü quraraq, 3-cü ölkəyə zərbə vurmağı planlayırlar”. 

Ekspertin fikrincə, yük daşıyan gəmini vuran dronların İrana məxsus olub-olmadığı da şübhəlidir:

“Qarşılıqlı hücumlara baxmayaraq, Tehran və Vaşinqton yenidən müharibə şəraitinə qayıtmaq niyyətində deyil. Çox güman ki, İran ordusu mövcud hərbi resursları sıradan çıxarmaq üçün ərəb ölkələrində yerləşən bütün ABŞ hərbi bazalarını bombalayacaq. Məhz buna görə Amerika Bəhreyn, Küveyt və BƏƏ-də yerləşən qüvvələrin bir hissəsini təxliyə etməyə çalışır. Bu, ABŞ-nin İranın potensialı qarşısında öz təhlükəsizliyinə tam arxayın olmadığını göstərir”. 

T.Abbasov qeyd edib ki, İran artıq bölgənin yeni super gücünə çevrilir: 

“Proseslər Tehran dairələrini yanlış ümidlərə sövq etməməlidir. Çünki əsas güc daxili dayanıqlılıqdan və qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasından qaynaqlanır. İran isə hələ bu səviyyəyə çatmayıb. Körfəz ölkələri öz təhlükəsizliklərini Trampa həvalə etməyin yanlış olduğunu anlamağa başlayıblar. Belə bir vəziyyətdə, İran ərəb ölkələri ilə birləşib, regionda təhlükəsizliyin keşiyində durmağı bacarmalıdır. Onlar Cənubi Qafqazda yaradılan “3+3 formatı”na bənzər platforma qura bilsə, Yaxın Şərqin taleyi dəyişər. Formatda iştirak edən Cənubi Qafqaz ölkələri üçüncü dövlətlərin təsiri olmadan, regiondakı problemləri həll etməyə çalışırlar. Belə bir formatın yaradılması, Körfəz ölkələrinə regional resursları bərabər şəkildə bölüşmək və kənar qüvvələrin bölgədə at oynatmaq cəhdlərinə qarşı vahid mövqe formalaşdırmaq imkanı verəcək”.