Tortun içindən tük çıxması fiziki çirklənmə hesab olunur - Qida eksperti

  • Qida təhlükəsizliyi qaydaları çörək və digər un məmulatlarının istehsalında belə halların qarşısının alınmasını tələb edir

Artıq ikinci neqativ haldır ki AZZA şirniyyat mağazaları şəbəkəsiylə bağlı yaşanır. Bir neçə gün öncə müştəri AZZA mağazasından aldığı yoqurtun qıcqırmış olmasıyla bağlı video paylaşmışdı. Bu gün isə AZZA-dan alınan tortun içindən tük çıxdığını əks etdirən video yayılıb.

Vətəndaş tortun içindən tük çıxdığını əyani şəkildə nümayiş etdirib. Paytaxtda populyarlıq qazanmış AZZA şirniyyat mağazalarında bu cür halların yaşanması təbii ki narahatlıq doğurur və əlaqədar təşkilatlar bununla bağlı yoxlama aparmalıdır. Bəs vətəndaş nə etməlidir?

Qida məsələləri üzrə ekspert Ağa Salamov “Sherg.az”a açıqlamasında bildirdi ki, hər hansı bir ərzağın, qidanın, bu, çörək, un məmulanları da ola bilər, xörək, şirniyyat da, içindən tük və ya qeyri-qida cismi çıxırsa, bu, qidada fiziki və bioloji çirklənmə baş verdiyini göstərir: 

- Tortun içindən tük çıxması ilk növbədə fiziki çirklənmə hesab olunur. Ancaq qida təhlükəsizliyi standartlarına əsasən, bu həm də bioloji çirklənmə riskini daşıyır, çünki tük özü ilə birlikdə bakteriya və mikroorqanizmlər daşıyıcısıdır. Qida təhlükəsizliyi qaydaları çörək və digər un məmulatlarının istehsalında belə halların qarşısının alınmasını tələb edir. Çirklənmə növləri müxtəlifdir. Əgər istehsal və ya qablaşdırma zamanı qidaya hər hansı yad cisim düşürsə, bu, fiziki çirklənmədir. Amma insan saçı və ya tük, hər hansı canlıya məxsus tük aşkarlanırsa, bu, həm də biloji çirklənmədir, çünki özündə mikrob və patogenlər, məsələn, stafilakok kimi (Staphylococcus aureus) saxlaya bilir. Tük qidaya düşdükdə bu mikroorqanizmlərin qidaya keçməsinə və çoxalmasına səbəb ola bilər. Nəticədə insan orqanizmində fəsadlar yaradacaq. 

A.Salamov qeyd etdi ki, müştərilər hazır qidalar aldıqda diqqətli olmalı, qidadan hər hansı yad cisim çıxırsa, onu istehlak etməməlidir: 

- Həmçinin ev şəraitində də kim qida hazırlayır, xörək bişirirsə, mütləq şəkildə gigiyenik qaydalara əməl etməlidir. Qida hazırlığı zamanı saçlar mütləq örtülməlidir, əllər ciddi şəkildə yuyulmalıdır, dırnaqlar təmiz olmalıdır, ümumiyyətlə mətbəxdə təmizlik ən üst səviyyədə qorunmalıdır.