Türkiyə Cümhuriyyətinin qurulması böyük tarixdir

Azərbaycan türklərinin də bu prosesdə yaxından iştirakı qürurverici haldır


Türkiyə Cümhuriyyəti yaranmasının 100-cü ildönümünü qeyd etməyə hazırlaşır. Heç şübhəsiz, bu əlamətdar yubiley təkcə qardaş Türkiyə deyil, bütün Türk dünyası üçün qürur mənbəyi sayılan və qeyd olunan bir tarixdir. 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan etdi. Türkiyə Cümhuriyyətinin qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. 19 may 1919-cu ildə Mustafa Kamal Paşa Samsuna gələrək, məğlub durumda olan, əraziləri işğal altında qalan Osmanlıya qarşı irəli sürülən ağrı şərtləri ləğv etdi və ölkənin bütövlüyünü qorumağı hədəfləyən Türkiyənin qurtuluş savaşını başlatdı. 1922-ci il sentyabrın 18-də ölkədəki bütün düşmən qüvvələr qovuldu və idarəetmə sistemi müasirləşdirilmiş, yeni respublika siyasi sisteminə keçid edildi. Lozanna müqaviləsi Osmanlı imperiyasının xələfi olan Türkiyə Respublikasının beynəlxalq mühitdə tanınmasını təmin etdi. 29 oktyabr 1923-cü ildə paytaxt Ankara olmaqla Türkiyə Cümhuriyyəti elan edildi.

 Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti olan Mustafa Kamal Atatürk ölkənin yeni və dünyəvi bir respublikaya çevrilməsini hədəfləyən bir çox islahatlar apardı. Təkcə geyim sahəsində deyil, təhsil, hüquq, mədəniyyət, iqtisadiyyat, qadınlara siyasi hüquqların verilməsi kimi ictimai həyatın bütün sahələrində çox sayda inqilablar edildi və latın əlifbasına keçildi. Beləliklə, Türkiyə Cümhuriyyəti Mustafa Kamal Atatürkün hədəflədiyi dünyəvi, müasir və demokratik dövlət kimi dünya ölkələri arasında öz yerini tutdu. Qeyd edək ki, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsi tərəfindən bir sıra irimiqyaslı tədbirlər nəzərdə tutulub. Tədbirlər çərçivəsində respublikanın 100 il ərzində əldə etdiyi nailiyyətləri əks etdirən rəqəmsal sərgilər və 3D şoular təşkil olunacaq. Oktyabrın 29-da İstanbul boğazında pilotsuz uçuş aparatları ilə vizual şou və atəşfəşanlıq keçiriləcək. Müxtəlif tarixi yerlərdə xüsusi işıq şouları təşkil olunacaq, Türkiyənin Dövlət Himni səsləndiriləcək. İstanbulun Üsküdar meydanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Rəqəmsal Təcrübə Sərgisi baş tutacaq. Burada Prezident Ərdoğanın rəhbərliyi altında son iyirmi ildə “xəyallardan reallığa çevrilmiş” layihələr təqdim ediləcək. Sərgidə ən son rəqəmsal texnologiyalardan istifadə edilməklə 360 guşə nümayiş olunacaq. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərini daha da möhkəmləndirməsi dövlətimizin xarici siyasətinin mühüm istiqamətidir. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verməklə yanaşı, eyni zamanda ən çətin anlarda iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir. 
  
Tarixçi-alim Boran Əzizli "Sherg.az"a açıqlamasında deyib ki, Türkiyə Cümhuriyyətinin qurulması təkcə Türkiyə deyil, bütün müsəlman və Türk dünyası üçün çox böyük bir hadisə idi. Alim vurğulayıb ki, XX əsrin əvvəllərində Rusiya məhkumu türklərin və müsəlmanların ümid yeri kimi Osmanlı imperiyası düşünülürdü: 

"Hətta Rus imperiyasında türklərin və müsəlmanların milli mücadilə zəminində salamat qalmasının yeganə səbəbini çar Rusiyanın Osmanlı dövlətindən ehtiyatlanması ilə bağlayırdılar. Bu da səbəbsiz deyildi və burada böyük elmi həqiqət var idi. Osmanlı imperiyasının dağıdılması və yer üzündən silinməsi müsəlmanların və türklərin müstəmləkə altına salınmasına, dünya tarixində, mədəniyyətdə, dövlətçilikdə öz yerini tuta bilməməsinə hesablanmışdı. Böyük Mustafa Kamal Paşanın yaratdığı Türkiyə Cümhuriyyətinin tarixi inkişafı və onun mərhələləri göstərir ki, düşmən qüvvələr öz niyyətlərinə nail ola bilmədilər. Böyük bir imperatorluğun ərazisində yaranan Türkiyə Cümhuriyyəti XXI yüzilin əvvəllərində yenidən öz gücünü, qüdrətini bərpa etdi. Xüsusilə son illərdə Türk Dövlətləri Təşkilatının yaradılması və onların arasında iqtisadi, mədəni, mənəvi əlaqələrin güclənməsi, bir sıra hərbi əlaqələrin daha da intensivləşməsi olduqca ümidverici və sevindirici haldır".
  
Tarixçi əlavə edib ki, Türkiyə Cümhuriyyətinin qurulmasında, müxtəlif sahələrin inkişafında təkcə Türkiyə ərazisində yaşayan deyil, eyni zamanda fərqli səbəblərdən köçüb orada yaşayan, ilkin dövrlərdə mühacir kimi qərarlaşan, sonradan vətəndaşlıq alan şəxslər də ayrı-ayrı sahələrin inkişafında iştirak ediblər: 

"Azərbaycan türklərinin də bu prosesdə yaxından iştirakı qürurverici haldır. Ələlxüsus, 1920-30-cu illərdə, istər Qurtuluş savaşında, istərsə də Türkiyədə yeni cəmiyyətin qurulmasında Azərbaycandan köçmüş adamların fəaliyyəti yüksək qiymətləndirilməlidir. Türkiyə Cümhuriyyətinin mövcud olması 1920-ci illərdə yenidən müstəqilliyini itirmiş türk respublikalarında qan yaddaşının qorunub saxlanması, milli-mənəvi dəyərlərin dirçəldilməsində, Türkiyə Cümhuriyyətinin qarşılıqlı təsiri olub. Biz bu təsiri İkinci Dünya müharibəsindən sonrakı illərdə, Azərbaycan siyasi mühacirlərinin Türkiyədə Azərbaycan Kültür Dərnəyi yaratmasında, Azərbaycanın istiqlal davasının davam etdirilməsində görmüşük. Türkiyə Cümhuriyyətinin mövcudluğu türk cümhuriyyətlərinin öz müstəqilliyini əldə etməsində də mühüm rol oynayıb". 
  
B.Əzizli vurğulayıb ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana mənəvi və digər sahələrdə dəstəyi, sadəcə, vətəndaşların deyil, dövlət xadimlərinin də ölkəmizin yanında olması böyük tarixi əhəmiyyətə malik olan hadisədir:

 "Bu yardımlaşma və dəstək bütöv türk dünyasında yeni yaxınlaşmaya səbəb oldu. O baxımdan Azərbaycanın 44 günlük savaşda qazandığı möhtəşəm qələbə sadəcə regional zəfər sayılmamalıdır. Həm də dünya miqyasında öz azadlığı uğrunda mübarizə aparan xalqlara, eyni zamanda müsəlman və türklərə olduqca müsbət təsir göstərdi. Bu cəhətdən istər İslam Əməkdaşlıq Təşkilatında, istər Türk Dövlətləri Təşkilatı sıralarında bu əməkdaşlığın formalarının gücləndirilməsi və ona yeni çalarlara qazandırılması doğru addımdır və bunu alqışlayırıq. Ona görə də Türkiyə Cümhuriyyətinin quruluşunun yüzilliyi hamımızın bayramıdır. Qardaş Cümhuriyyətin yüzilliyinin ildönümünün Azərbaycanda geniş şəkildə, bütün idarə, müəssisə, təşkilatlarda, təhsil ocaqlarında qeyd olunması təqdirəlayiqdir. Dərs dediyimi Bakı Dövlət Universitetinin tələbələri də günlərdir Türkiyə Cümhuriyyətinin yüzilllik yubileyinə hazırlıq görürlər".