“Tutdum orucu irəməzanda...”

Cəsarət Əliyev 



(II yazı)

Bəs Ramazan ayının başlaması ilə ayın gözlə görünməsi üst-üstə düşmürki? Yox. Ayın kordinatlarının sıfırlanmasının (bu vaxt Ay tam görünməz olur) ertəsi gün Ay təqvimi ilə yeni ay başlayır, məsələn Ramazan. Aysa hələ gözlə görünmür, bir, bəzən də, bir neçə gün sonra görünəcək. Ondan yana da, iki fərqli seçim arasında gün(lər) fərqi yaranır. Azərbaycanda ikinci hal, yəni ayın gözlə görünməsi ilə  başlanan orucluq seçilib. Bu halda, Ayın görünməsi həm havadan (buludluluq), həm də coğrafi yerdən asılıdır (dağ, düzən).

Hə, gəlib çıxdıq söz üstünə, əsas istəyə. “Bu”, nə idi ki belə, el üçün özünü şam etmişləri dinə (daha çox dindarlara) qarşı söz deməyə vadar etmişdi? Əslində, yuxarıda üstüörtülü deyildi. Gəlmə sözlərlə desək, Bu – mövhumat, xurafat, nadanlıqdır. Bu – insanı doğru düşüncədən ayırıb qarabasmalarla yaşatma, Bu – sözlə işin düz gəlməməsi (Cəlilin sadə misalı, mollanın xəstə kadınının üstünə erməni həkim gətirməkliyi), Bu – yanlış yolla getmək, biliyi qoyub yalanın dalınca qaçmaqdır (baxmayaraq ki, Peyğəmbər bilik dalınca lap Çinə getməkdən, qəbr evinə kimi öyrənməkdən danışırdı), Bu –etdikləri qəza törətməyən fərqli fikirliyə qarşı zor işlədilməsidir. Bu – bütövlükdə sosial-siyasi həyatda dinin payına düşən doğrudan sapınmalardır. Nə bütün problemləri qucmaq istəyimiz var, nə də gücümüz çatar. Yalnız bircəciyi, dində bilik, onun da çox xırda bir qolu – dini bayramların vaxtının doğru bəlirlənməsi – söhbətimizin mövzusu olacaq. 
 


Nə vaxta kimi Azərbaycanda oruc yanlış tutulub, yanlış da açılacaq, nə vaxta kimi Məhərrəmlik yanlış başlaycaq, yanlış onuncu gün (qətl günü) keçiriləcək? Haqlısınız, desəniz ki, axı bu təqvim, kalendar günləri nə Dini idarədə, nə də Nazirlər kabinetində bəlirlənir, suçlu başqaları deyilmi? Yanlış olduğu bəlliydisə, vaxtında niyə deyilmirdi? Deyilmişdi! Özü də düz səkkiz il öncə. Təkcə o yazı deyil, başqaları da saytlardan silinmişdi (təkcə ondan yana yox ki, adları hallandirılmayan elm korrupsionerlərinin olmayan şərəf-ləyaqətləri qorunsun, yox, həm də yazılarda gedən yeni ideyaların oğurlanması üçün; bu gün dünyada baş verən siyasi olaylar o yazıda cızılmışdı; o problemlərə qayıdış, yeni yazı istəyir). Jurnalistləri qınamaq istəyirsiniz? İnkubator cücələri kimi bir-birinə bənzər, hamılıqla eyni informasiyaları çap edən, “Qorxuludur” – kiberişarəsi söyüş kimi alnına yazılmış saytlarda onların rolu nə qədərdirki?! Bəs onlar dəyişmək istəmir? Qoymurlar (xorla qışqırırlar)! Bəlkə institutda (Rəsədxanada) deyilməyib? Bizdə keçirilən hər elmi şura və seminardan sonra “İt haqları müdafiə komitəsi”nin bizə qarşı “bəyanatı”nı “oxumursunuzmu”? Hə də, başladınız sualları yağdırmağa ki, dəyişmək gərəkdirsə niyə onda bunu öz AMEA-nızdan başlamayasınız? Doğru sözə nə deyəsən, axı Dini idarəyə də, Nazirlər kabinetinə də informasiya AMEA-dan gedir. AMEA-da dəyişikliklər başlayıb, rəyasət heyyətinin buraxılması doğru yöndə olan qərardır, amma yeyin deyil. (Doğrudanmı, elmi işçiləri ac saxlayan, “Mən yeyim, xırda uşaqlar baxa, ağlaşa, ətə!” deyən, öz işçilərinə qarşı kiberterror işlədən, onların intellektual kapitalını oğurlayaraq ölkədən çıxarılıb satılmasına yardımçı olan  qurumu saxlamaq gərəkdir? Axı barmağını sormaqla elmi iş görmək olmur. Doğrudanmı, əmək intizamı dedikdə görülən işi yox, saat “9-6 rejimi”ni başa düşən insanlar bundan sonra da elmi dərin quyuya salmaq üçün rəyasət heyyətində saxlanılmadır. Hələ çox uzaq keçmişdə başa düşülmüşdü ki, elm adi (deyək ki) “9-6” qaydası ilə yönləndirələ bilməz. Ona görə ki, beyni saat 9-da işə salıb 6-da söndürmək olmur. Elmi işi dəyərləndirmək qarşısında dünya acizdir. Onun dəyəri “normativ” dediyimiz “9-6” ilə bəlirlənə bilməz və bəlirlənməyib də. Evində bütün gecəni, bəzən də aylarla kəsilməz işləyənin işini necə qiymətləndirəsən? Və o, saat 9-da işdə olmalıdır? Bəlkə rəssama da yaradıcılıq üçün ayrılmış evinin qarşısında “göz” qoyulsun ki, 9-da işə gəlmədiyini fiksə edib 6-da qapısına kilid vursun ki, iş vaxtı qurtarıb, giriş qadağandır. Gör rəssamlar nə qədər xoşbəxt adamlardır ki, onların Akademiyasında belə ... akademiklər yoxdur. Bəlkə geriqalmanın bir nədəni də, elə “9-6” – dır. Bu qayda ilə işləyəndə yalnız heç kimə gərək olmayan qalın-qalın kitablar ortalığa çıxır. Bir baxın, küçədən tutulub pulla akademik edilmış, heç bir tutumu olmayan, ancaq yalnız çap olunduğu üçün iş sayılan bir nəsnəni vacib nəticə kimi Azərbaycan elminə sırımaqla alimlik edir. Beləsi Rəyasət heyyətində oturmalıdır? Kimsə, heç bir qərəz olmadan belə, “9-6” qaydası ilə elm yaratmaq haqqında düşünürsə, bilsin ki, belə ağıl onun Rəyasət heyyətində oturması üçün yetərli deyil. Bütün dünyada elmdə iş vaxtı formal “9-6 qaydası” ilə bəlirlənsə də (bəlkə kimdəsə biliyi dəyərləndirmək üçün hazır formul var?), o, yüksək düşüncəyə söykəkli tam sərbəstlik və yüksək hesabatlılıq(!) üzərində qurulub. Təkcə sovet məkanında deyil, bütün dünyada ən qapalı institutlardan birində elmi işçi il boyu tam sərbəst idi, amma sonda ayla hesabat verirdi. Hesbat qəbul edilsəydi(!), kitab şəklində çap edilib qapalı yararlanılması üçün qriflə arxivə qoyulurdu. Bəs bizdə? “9-6 rejimi” sadəcə qanmazlıqdan doğan tələbkarlıq deyil, o, elmi işçiyə qarşı terror vasitəsidir ki, AMEA-nın bir çox korrupsioner institut rəhbərləri və rəyasət heyyətindəkilərdən şikayətçi düşməsinlər.)


 
Baxın, iqtidar hansı çevikliklə dəyişiklikləri həyata keçirir. Elmdə çətindir? Ola bilər, çünki dəqiq elmlər sahəsində kadr siyasəti uzun illər bacarıqlı kadrların məhvinə yönəldilib ki, bir çoxlarının əvəzlənməsi üçün üzdə bir nəfər də olmasın. Nəsillər arasında böyük uçurum yaranıb və bacarıqlı gənclər (barmağını sormaqla) “elmdə” işləmək istəmirlər. Saç-saqqalını yataqxanada ağartmışların evini də, “rəyasət heyyəti” oğurlayırsa, onda siz deyin, hansı bacarıqlı gənc elmə gələr. Lətifəyə çevrilmiş bir olayı söyləmək yerinə düşər. Bir instituta (korrupsiya nəticəsində) yeni təyin edilmiş direktor, özünü bilik adamı kimi göstərmək üçün nəzəriyyəçilərin seminarında iştirak edir. Lövhədə Şrödinger tənliyini görüb çıxış edənə söz atır ki, neynirsiz, orada axı psilər ixtisar olunur (Hψ=Eψ operator əmsallı tənlikdir, çox savadsız olmaq gərəkdir ki, psilərin ixtisarından danışasan). Beləsi və ona bənzərlər hansı gəncə nümunə olacaq?! Bax, onlar Azərbaycanda elmin akademik bayraqdarıdırlar. (vurğu sonda) Akademik korrupsiyada bir üsul çox geniş yayılıb: vəzifəyə qoyulmaya görə, akademik seçilməyə görə pul öncədən alınmır. Öncə vəzifəyə qoyulur, sonra isə institut və başqa daha yüksək akademik strukturun imkan verdiyi digər yollarla qazanılan pullar vəzifəyə qoyanlara, korrupsiyaya yönəldilir. Dissertasiya bazarının da, AAK-la birgə, bu işdə payı az deyil. Bu işdə ən böyük cinayət kapitalı cinayəti həyata keçirəcək kadr bazasının hazırlanmasıdır. Təkcə rəsədxanada son on-onbeş ildə görülən əksər dissertasiya işləri pulla (avtomaşın alanlar da var) müdafiə edilib və bu, dəfələrlə elmi şuralarda da dartışma mövzusu olub. Pul alanın təbii ki, elmi də yoxdur və onlar plagiatı, yalanı, saxta işi bilik adı ilə topluma sırıyıblar. Maraqlıdır, “sanballı jurnalda çap olunub” adı ilə sırınan məqalə niyə adi seminardan keçə bilmir?! Doğrudanmı yalnız çapolunma elmi işin dəyər göstəricisi sayılır? Keçmişdən bir misal çəkim. Bizim bir işçi, sovet dövründə ittifaqda astrofizikaya aid ikinci sayilan jurnalda çap olunmuş iki məqaləsini “götürüb” Leninqrad universitetinə gəlmişdi. İstəyi akademik Sobolevin apardığı, astrofizika sahəsində ən sanballı seminardan yaxşı rəy alaraq “müdafiəyə çıxmaq” idi. Bəs nə baş verdi?! Sanballı jurnalda çap olunmuş yazıları və özü elə bir hala salındı ki, qayıtdıqdan sonra institutda qalsa da, elmdən birdəfəlik getdi. 
Akademiyada fırıldaqçı hesabatları dayandırıb, milyonları mənimsəyənlərdən  gördüyü işi soruşmaq gərəkdir. Siz bir baxın, kibertəhlükəsizliyə aid konfrans keçirilir. Bu işi Akademiyada korrupsiyanın başında duran, elm üçün qorxulu bir fırıldaqçı təşkil edir. Təkcə bizim kompüterə hücumlarının sayı-hesabı yoxdur. Soruşmaq gərəkdir ki, ay “şərəfli”, görülən işlərin dəyəri yoxdursa, onda hücumların istəyi nə? “Çamadan”a sığmaz hücumlarınızı açıb saytdamı göstərək, oğurluqlardanmı, kompüterin sıradan çıxarılmasındanmı, elmi yazışmaların qarşısının alınmasındanmı, jurnala göndərilmiş elmi işi poçtdan çıxarmağınızdanmı, gələn gərəkli məktubları oğurlamağınızdanmı, saxta məktublar
 göndərməkliyinizdənmi yazaq?! Düşünürsiz ki, artıq bir çoxları qanun qarşısında dayandığı halda, siz, tutuşduranda daha böyük günah yiyələri, cavabdehlikdən qaçacaqsınız? 
Bir deyilmişə bir də qayıdaq. Niyə son bir neçə onillikdə, dünyada(!) dəqiq elmlər sahəsində, heç bir sanballı iş çapa çıxarılmır və nəticədə Nobel ödülü ya 90-dan yuxarı yaşlılara verilir, ya da astrofizika sahəsində təsdiqi çox çətin olan işlərə (təsdiqini tapmayan işə “Nobel” verilmir; məsələn, yeyin (təcilli) genişlənən Kainat və son ekzoplanetlər haqqındakı araşdırmalar doğruluğu çox çətin göstərilə bilən işlərdir)? Bütün inkişaf etmiş ölkələr xammal – məsələn, pambıq, neft, metal – ixracını dayandırır, onu ölkə daxilində işləyib sonra daha yüksək qiymətlə satışa çıxarır. Elm kapitalı ən bahalı kapitaldır və onu ucuz xammal kimi satışa (faktiki heç neçəyə çapa) çixarmaq olmaz. Bir baxın, nüvə silahının yaradılması ilə bağlı 40-cı illərdən sonra nəinki nüvə sahəsində, hətta astrofizikada enerji köçürülməsi ilə bağlı gərəkli işlərin  çapı dayandırıldı. İndiki dünyada çapa gedən işlərdə ya gərəkli bir nəsnə yoxdur (çünki, indiki texnologiyalar bəs edir ki, təkcə ideya bəlli olsa, o, realisə edilsin), ya da ağılsızcasına özgələrə pay edilmiş ideya, metod, nəticə var. Bizdə də, biliyin dəyərləndirilməsi fırıldaqçılar yox, institut rəhbərliyində, Rəyasət heyyətində oturmuş bilik adamları tərəfindən vaxtında aparılmalıdır ki, bir çoxları güvənlik adı altında gizlənərək, onları oğurlayıb ölkədən çıxarmasın. İşi dəyərləndirmək üçün bilik bir yana qalsın, heç dünyagörüşü yoxdursa, onda belə adamın Rəyasət heyyətində nə işi var? Akademiyanı Sədərək, Binə bazarlarına çevirmişlərə “imkan vermək” gərəkdir ki, öz “kahalarına çəkilib bacardıqları peşə işlərinə baş qoşsunlar”. Bir sözlə, “AMEA-nın Sədərək filialı”nı ayırmaq gərəkdir. Akademiyada düzgün yöndə aparılan dəyişikliklər daha yeyin olmalıdır ki, başqalarına da örnək olsun. Bu haqda hamının “əli çatası” ayrıca diskussiyalar aparılmalıdır, daha AMEA-nın qapılarını bağlayıb “toy” (festifal) etmək yox. 
Gəlin ilkin problemin, dini bayramların vaxtının düzgün bəlirlənməsi məsələsinə qayıdaq. İstənilən budur ki, hesablamalar AMEA-da aparılır deyimini qalxan etməklə, faktiki olaraq, başqa ölkələrdəki yanlış təqvimlər Azərbaycana gətirilməsin. Oruc Ramazan ayında tutulmur ki, onda niyə Ramazan ayı başlasa da bizdə orucluq başlamır? Yaxud Ramazan ayı bitib, orucluqsa hələ sürür. Həmişə oruc tutmaq olar, amma Ramazanda oruc fərqlidir axı. Nədən söhbət getdiyinin hamıya aydın olması üçün problemi çözək. Dini inanclılar bilir, qalanlar da bilsin ki, dünyada orucluğun başlamasının iki fərqli günü var. Ona görə də, islam dini aparıcı olan bölgələrdə orucluq fərqli günlərdə başlayır. Bu bölgü belədir: orucluğu Ramazan ayının başlaması ilə başlayıb, bitməsi ilə də bitirənlər və orucluğu Ayın gözlə görünməsi ilə başlayıb, gözlə görünməsi ilə də bitirənlər. Bəs Ramazan ayının başlaması ilə ayın gözlə görünməsi üst-üstə düşmürki? Yox. Ayın kordinatlarının sıfırlanmasının (bu vaxt Ay tam görünməz olur) ertəsi gün Ay təqvimi ilə yeni ay başlayır, məsələn Ramazan. Aysa hələ gözlə görünmür, bir, bəzən də, bir neçə gün sonra görünəcək. Ondan yana da, iki fərqli seçim arasında gün(lər) fərqi yaranır. Azərbaycanda ikinci hal, yəni ayın gözlə görünməsi ilə  başlanan orucluq seçilib. Bu halda, Ayın görünməsi həm havadan (buludluluq), həm də coğrafi yerdən asılıdır (dağ, düzən). Amma astronomiya elmi artıq böyük vaxt kəsiyi üçün (yaxın 100-150 il üçün, daha bəzi saytlarda yazıldığı kimi, 1000 illər üçün yox) hesablaya bilir ki, Ay yeniləndikdən sonra nə vaxt gözlə görünəcək (jurnalist bilmir ki, “1000 illər sonra” xəbərini verənə 1000 il sonranı göstərin desə, o, hansı durumda qalar; belə xəbərlə rastlaşsanız bilin ki, yumşaq desək, doğru deyil; niyəsi odur ki, bir yandan, həyacanlaşmanı götürməklə Ayın kordinatlarını çox böyük sürə üçün doğru generasiya edən proqramlar yoxdur, o biri yandan 1000 illər sonra üçün indi işlədilməyən hesablamalar kimə və nəyə gərəkdir). Bir də vurğulayaq, Ay yeniləndi və yeni Ay göründü, eyni anlayışlar deyil və fərq də elə bundadır. Ayın astronomik yenilənməsi Ay təqvimi ilə köhnə ayın sonuncu günüdür. Ertəsi gün isə, Ay təqvimi ilə yeni ay başlayır, məsələn,  Məhərrəmlik ayı. Ay təqvimi, təkcə dəqiq astronomik almanaxda, uyğun dəqiq elmi saytlarda deyil, bir çox populyar saytlarda da çox dəqiq göstərilir. Ayın gözlə görünməsi isə, çətin bir iş kimi fərqli saytlarda nə eyni göstərilir, nə də dəqiq. Aydın havada Ay, onun səthinin iki fazi də Günəş tərəfindən işıqlandırılarsa, görünə bilər. Hava yaxşı deyilsə o, yalnız Ay səthi üç faizə bərabər və çox işıqlandırıldıqda görünə bilər. Bəs hava buludlu olarsa? Doğrudur, bu halda proqramın köməyi ilə bilmək olur ki, ay görünür ya yox, amma bu iş deyil axı. Hətta bu halda dəqiq xəbər bəlli olsa belə yanılırlar. Niyəsinə baxaq. Bizdə orucluğun, həmçinin məhərrəmliyin vaxtının bəlirlənməsində iki əsas yanlışlıq var:  birincisi, orucluq Ramazan ayı ilə (eləcə də məhərrəmlik Məhərrəm ayı ilə) üst-üstə düşmür, ikincisi, orucluğu (məhərrəmliyi) Ayın (proqramla bəlirlənmiş) göründüyü gündə başlayırlar. Hansı ki, orucluq  (məhərrəmlik) Ay göründükdən bir gün sonra başlamalıdır. Bu il də, orucluq da, məhərrəmlik də düzgün vaxtda başlayıb-bitmədi. Nazirlər kabinetinin bayram günləri ilə bağlı verdiyi yeni sərəncama baxdım. Yenə də, orucluq bayramı üçun yanlış günlər seçilib. Bu, nə vaxta kimi belə sürəcək? 
Düzgün bildiyimiz odur ki, orucluğu və məhərrəmliyi uyğun olaraq Ramazan və Məhərrəmlik aylarının başlaması ilə başlamaq gərəkdir. Olsun ki, çox keçmişdə əl altda dəqiq Ay təqvimi olsaydı, kimsə göydə gözlə Ay axtarmazdı. Ayın yenilənməsi (yəni kordinatlarının sıfırlanması) astrnomik olaydır, nə havadan asılıdır, nə də coğrafi enlik və uzunluqdan. Ayın yenilənməsinin ertəsi günü Ay təqvimi ilə sonrakı ay başlayır, məsələn, Ramazan ayı, ya da Məhərrəmlik ayı. Bunu bilmək üçün də kiməsə ayda 1000 manat odəməyə gərək yoxdur (baxın a, hamının nəzir verdiyi idarədən də nəzir alan “oğul”lar var; özlərinə demişəm: imtina edin, düşər-düşməzi olur, amma kimə deyirsən ...). Ay təqvimini, Ayın fazalarını göstərən proqramlar isə, hətta əl telefonları üçün də yaradılıb (məsələn, androidlər üçün, Moon Phases, Фазы Луны, çoxdu; bu proqramlar “yeni ayı” xüsusilə göstərir). Populyar “timeanddate.com” saytını da seçə bilərsiniz: local ərazinin Bakı olduğunu seçdikdən sonra “Ayın çıxıb-batması”nı (Moonrise&Moonset) tıqqıldadın, baxmaq istədiyiniz ili və ayı verin, axtardığınız xəbərləri görəcəksiniz. Bu imkan verər ki, həm bu yazıda deyilənlərin nə dərəcədə doğru olduğunu yoxlayasınız, həm də indiyə kimi buraxılmış yanlışlıqları izləyəsiniz. 
Bəs Nazirlər kabinetinin sərəncamı? Dediyimiz kimi, heç nə Quran ayəsi deyil ki, dəyişdirilməsin. Öncə, əlbəttə ki, Dini idarədə dini mərasimlərin düzgün Ay təqvimi ilə verilməsinə başlanılmalıdır. Hansı dövrdə yaşayırıq ki, belə bir xırda işin əlində aciz qalaq. Demokratik cəmiyyət təkcə qanunlarla idarə olunan cəmiyyət demək deyil, qanunların da idarə olunduğu, vaxtı ötmüş, bəzən də yanlış olan qanunların, qərarların, sərəncamların dəyişdirildiyi cəmiyyətdir. Yalançı qanun konservatizmi sistemdə əks əlaqəni pozur və yüksəlişin qarşısını alır.  Gəlin hamılıqla, ölkədə hər sahədə yuxarıdan başladılan sosial-siyasi yerişin, yüksəlişə doğru marafonun ardınca gedək. Bir jurnalist gözəl dedi: Dəyişməzsən, dəyişərlər. 
2020-ci ildə Ramazan ayı aprelin 24-də başlayır (Ramazan ayının birinci günü). Orucluq may ayının 22-də bitir (Ramazan ayının sonuncu günü). Ertəsi gün, may ayının 23-ü bayramdır.