Radomski: Polşa Azərbaycanla siyasi və iqtisadi əlaqələri möhkəmləndirməyi hədəfləyir

Polşa həm iqtisadi, həm də siyasi müstəvidə Azərbaycanla münasibətləri bundan sonra da möhkəmləndirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı səfiri Pavel Radomski ölkəsinin Konstitusiyasının qəbul edilməsinin 235-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

"Polşa Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir. Uzun illər ərzində ölkələrimiz qarşılıqlı hörmət, dialoq və ümumi maraqlara əsaslanan konstruktiv əməkdaşlıq qurublar. Biz siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələri bundan sonra da möhkəmləndirmək niyyətindəyik. Polşa Avropa İttifaqının (Aİ) üzvü kimi, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın artan dinamikasını məmnunluqla qeyd edir. Xüsusilə də, son vaxtlar Bakıya baş tutan çoxsaylı yüksək səviyyəli səfərlər, o cümlədən Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın bugünkü səfəri buna töhfə verir", - o qeyd edib.

Diplomat həmçinin vurğulayıb ki, Varşava Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesində əldə olunan irəliləyişi yüksək qiymətləndirir.

"Biz səmimi qəlbdən ümid edirik ki, bu səylər yaxın vaxtlarda bütün Cənubi Qafqazda uzunmüddətli sabitliyi təmin edəcək hərtərəfli sülh sazişinin imzalanmasına gətirib çıxaracaq. Qonşu regionlardakı qeyri-sabitlik fonunda biz həmçinin bu strateji cəhətdən vacib olan regionun sabit və firavan gələcəyini təmin etmək üçün əsas təməl kimi Azərbaycanın təmkinli və sülhsevər yanaşmasını alqışlayırıq", - Radomski əlavə edib.