Üçtərəfli İşçi Qrupunun növbəti iclası: Kommunikasiya xətləri açılır? – Aktual
Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək. Rusiya mətbuatının məlumatına əsasən görüşdə üç ölkənin Baş nazirlərinin müavinləri Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan iştirak edəcəklər.
Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi səbəbindən İşçi Qrupun işində müvəqqəti fasilə yaranmışdı, lakin son vaxtlar üçtərəfli formatda görüşlər yenidən başlayıb.
10 noyabr 2020-ci il Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatı Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoydu. Bu Bəyanatın imzalanmasından 2 ay sonra yanvarın 11-də Moskvada üç ölkə başçısının görüşü - 10 noyabr üçtərəfli Bəyanatının möhkəmləndirilməsi baxımından əhəmiyyət kəsb edirdi. Məhz bu görüşdə əldə edilmiş razılaşmaya əsasən, regionda tamamilə fərqli geoiqtisadi mənzərə yaranacaq, yeni nəqliyyat kommunikasiyalarının açılması reallaşdırılacaq. Lakin prosesin o qədər də sürətli getdiyini söyləyə bilmərik. Səbəb isə yanvarın 11-dən etibarən Ermənistan tərəfinin müxtəlif bəhanələrlə prosesin ləngiməsinə şərait yaratması idi. Ancaq son zamanlar rəsmi İrəvanın mövqeyində müəyyən dəyişikliklər olduğunu desək, yanılmarıq. Maraqlıdır, üçtərəfli İşçi Qrupunun iclasında hansı məsələlər masaya yatırıla bilər?
Sualımızı cavablandıran BDU-nun müəllimi, beynəlxalq məsələlər üzrə mütəxəssis Sultan Zahidov “Sherg.az”a bildirib ki, üçtərəfli İşçi Qrupunun əsas vəzifəsi 10 noyabr 2020-ci il bəyanatındakı maddələrin icrasının sürətləndirilməsidir. Bura təhülkəsizlik və nəqliyyat-kommunikasiya xətlərinin bərpası da aiddir:
“Ancaq bu sahədə hər hansı bir ciddi irəliləyişə nail olunmayıb. Bəzi məqamlar yerinə yetirilsə də, Ermənistan tərəfindən qeyri-konstruktiv yanaşma görürük. Ümumiyyətlə, Paşinyanın çıxışları və verdiyi bəyanatlar özündə ikili standartları ehtiva edir. O, ölkə daxilinə müraciət edərək Zəngəzur dəhlizi barədə ümumiyyətlə nəsə demir, ancaq xarici auditoriyada çıxışı zamanı kommunikasiyaların açılmasına razılıq verdiyini qeyd edir”.
Təhlükəsizlik məsələsinin gündəmi zəbt etdiyini diqqətə çatdıran S.Zahidov vurğulayıb ki, bu günlərdə rus sülhməramlılarının nəzarət etdiyi ərazidə hərbçimiz şəhid oldu. Üçtərəfli bəyanatın maddələrindən birinə görə isə erməni silahlıları həmin bölgədən çıxarılmalı idi:
“Düşünürəm ki, bu məsələ də Moskvadakı iclasın gündəliyində olacaq. Ümid edək ki, Ermənistan tərəfi bundan sonra daha konstruktiv formada çıxış edəcək. Sözsüz ki, Rusiya da maddələrin yerinə yetirilməsində maraqlıdır. Çünki Kreml bu məsələdə qarant rolunda çıxış edir. Bu baxımdan görüşün Moskvada keçirilməsi əbəs yerə deyil. Paşinyanın sonuncu dəfə Rusiyaya səfərində də qeyd etdiyim məqamlara diqqət çəkildi. Həmin görüşdə Vladimir Putin qısa zamanda üçtərəfli bəyanatın maddələrinin icra olunması və prosesin sürətlənməsi barədə fikilərini Paşinyana bildirib. İnanmıram ki, Paşinyan bundan sonra da məsələni uzadar. Çünki təzyiqlər çoxalmaqdadır. Əvvəllər bəhanə gətirirdi ki, hələ hökumət formalaşmayıb, seçkilər keçirilir və.s. İndi isə belə bəhanələri yoxdur. Baş nazir üçtərəfli bəyanatın maddələrinin yerinə yetirilməsi prosesini sürətləndirərək, regionda sülh və təhlükəsizlik platformasına töhfə verməlidir. Çünki Ermənistan üçün ən rasional çıxış yolu budur!”.