İyulun 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə Teleqraf-a Vəkillər Kollegiyasından bildirilib.
İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilən tədbirlər, görülən işlər və qarşıda duran əsas vəzifələr barədə ətraflı məlumat verib.
İclasın gündəliyinə uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğunda fəaliyyətlərinə xitam verilməsi ilə əlaqədar vəkillik fəaliyyətlərinin bərpa olunması, eləcə də müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad edilmələri barədə müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.
Eyni zamanda iclasda Bakı şəhəri 41 saylı Vəkil Bürosunun təsis edilməsi, habelə bəzi vəkillərin vəkil kabineti yaratmaları ilə bağlı müraciətlər müzakirə olunaraq müsbət qərarlar qəbul edilib.
Bundan başqa, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunacaq Beynəlxalq Yay Hüquq Məktəbi layihəsinə akademik və maddi dəstəyinin göstərilməsi ilə bağlı müraciət müzakirə edilib. Gənc hüquqşünasların beynəlxalq hüquqi bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların beynəlxalq platformalarda təmsilçilik imkanlarının genişləndirilməsi və praktiki hazırlığının gücləndirilməsi nəzərə alınaraq layihəyə akademik və müvafiq maddi dəstəyinin göstərilməsi barədə qərar qəbul olunub.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 2 vəkilə töhmət verilib, 1 vəkil barəsində cərimə tədbiri tətbiq olunub və 4 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə riayət etməsi diqqətə çatdırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.