ABŞ və İran arasında nüvə obyektlərinə mümkün zərbələrlə bağlı gərginlik yenidən gündəmə gəlib. ABŞ Prezidenti Donald Tramp İrandakı nüvə proqramı ilə əlaqəli “Pickaxe Mountain” obyektinin hədəfə alına biləcəyini istisna etmədiyi halda, Tehran Vaşinqtonun mümkün hücumuna cavab verəcəyini bəyan edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, ABŞ İrana hansı gücdə zərbə endirərsə, eyni ölçüdə cavab alacaq və “vur-qaç” dövrü artıq başa çatıb. O, həmçinin Tehranla Vaşinqton arasında nüvə danışıqlarının aparıldığına dair iddiaları təkzib edərək, İranın istənilən hərbi təcavüzə qarşılıq verməyə hazır olduğunu vurğulayıb.
Azərbaycanın İrandakı keçmiş səfiri, professor Nəsib Nəsibli “Sherg.az”a bildirib ki, İran tərəfindən də, Amerika tərəfindən də səsləndirilənlər ənənvi bəyanatlardır:
“ABŞ və onun nümayəndələri "artıq məsələ bitib, biz İran məsələsindən çəkilirik", deməyib. Onlar deyirlər ki, bu nüvə araşdırma mərkəzlərinin xeyli hissəsini zərərsizləşdirmişik. Amma yenə də bunların bəzi fəaliyyətləri var. O cümlədən, İran Natanzın yanında yeni bir nüvə araşdırma mərkəzi qurub. Digər tərəfdən İsrail də o xüsusi hazırlıq vəziyyətini elan edib. Yeni müharibə dalğasının seçkilərdən sonramı, əvvəlmi mümkün olacağını da demək çətindir. Çünki bu, eyni zamanda İranın davranışından da asılıdır. Yəni, İran provokasiya etsə, onu başlada bilərlər. İkincisi, sorğulara əsasən Trampın reytinqi düşüb. Respublikaçılar Partiyasının aralıq seçkilərində uğursuzluq əndişələri var. Ona görə də, İrana zərbələr 3 noyabra qədər başlaya bilər. Digər tərəfdən də Netanyahunun da belə qayğıları var. İsraildə də 27 oktyabr tarixində növbəti parlament seçkiləri keçiriləcək. Yaxın həftələrdə çox maraqlı hadisələrin şahid olacağıq”.