1 manatlıq dönərlər niyə bahalaşmır?

Tahir Əmiraslanov: “Ola bilər ki, dönərin içinə qoyulan ətin miqdarını azaldırlar”


Manatın devalvasiyasından sonra ölkədə bir çox qida məhsullarının qiyməti bahalaşdı. Son zamanlar isə tərəvəz bazarında qiymət artımı nəzərə çarpmaqdadır. Maraqlısı budur ki, ətin, tərəvəzin qiyməti bahalaşsa da, Bakıda illərdir ki, 1 manata satılan dönərlərin qiyməti dəyişmir. Əksinə, bəzi dönərxanalarda hətta 1 manata dönərlə bərabər ayran da verirlər. Bu qiymətə dönərlər xüsusilə tələbələrin olduğu yerlərdə satılır.

"Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov bildirib ki, dönərxanalarda mənşəyi məlum olmayan ətdən dönər satılır. Onun sözlərinə görə, ölkədə 15 minə yaxın dönərxana fəaliyyət göstərir ki, onların da böyük əksəriyyəti təhlükə mənbəyidir.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov "Şərq”ə bildirib ki, qiymətlər aşağıdır deyə dönərlərin də keyfiyyətinin aşağı olduğunu dəqiq söyləmək olmaz: 

"Bunu laboratoriyaların apardığı yoxlamalardan bilmək mümkündür. Ola bilər ki, qiymətlər qalxmır deyə dönərin içinə qoyulan ətin miqdarını azaldırlar. Tutaq ki, əvvəllər 1 manatdan 50 qəpik qazanc qalırdısa, indi 20 qəpik qalır. Qiymətin qalxmaması bunlarla bağlı ola bilər. Əlbəttə ki, dönərxanalarla bağlı müəyyən şübhələr var. 

Əgər doğrudan da 12 manatlıq qoyun ətindən və ya 10 manatlıq mal ətindən istifadə olunursa, bu qiymətlərə fərq edəcək. Amma indiki dönərlərə baxsaq görərik ki, daha çox hissəsi çörəkdən, az hissəsi ətdən ibarətdir. Daha çox göyərti, soğan və başqa ərzaqlar əlavə edirlər, tomat vururlar ki, həm dadı olsun, həm də tərkibində ətin az olduğu hiss edilməsin.

Dönərxanalardakı ətin keyfiyyəti ilə bağlı araşdırmalar təftiş orqanların, laboratoriyaların işidir. Neçə dəfə ölmüş at və digər heyvan ətləri tutuldu, ola bilər ki, hazırda ifşa olunmayan dönərxanalar da var. Bəlkə ucuz ətdən istifadə edirlər. Məsələn, xaricdən gələn dondurulmuş ətlər var. Şərt onda deyil ki, təzə kəsilmiş heyvan ətini şişə taxsınlar. Bəlkə elə adam var ki, dindardır və özü ucuz qiymət qoyur ki, tələbələr keyfiyyətli yeməyi ucuz alsınlar. Ümumiyyətlə isə ətlər yoxlanılsa, laborator analizlərdən keçsə tərkibi bilinər. Ondan sonra biz kimisə günahlandıra bilərik.

Yeganə Bayramova