10 milyon dövlət büdcəsinə qaytarılıb
Hesablama Palatasının ötənilki hesabatı müzakirə olundu
Dünən Milli Məclisdə "Hesablama Palatasının 2015-ci il üzrə hesabatı”nın müzakirəsi keçirilib. Palatanın sədri Vüqar Gülməmmədov deyib ki, 2015-ci il dünya iqtisadiyyatında tərəddüdlərin baş verdiyi il kimi yadda qalıb. Buna görə dünya ölkələri daha qənaətli büdcə siyasəti həyata keçirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünya iqtisadiyyatında böhrana baxmayaraq ötən il ölkə iqtisadiyyatı daha az zərərlə çıxıb: "Ötən il Hesablama Palatası dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarət məqsədi ilə 81-i audit, 1-i analitik təhlil olmaqla 82 nəzarət tədbiri həyata keçirib, 1 nəzarət tədbiri isə növbəti ilə keçirilib, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə nəzərdə tutulmuş nəzarət tədbirlərinin hamısı il ərzində həyata keçirilib. Bundan əlavə hesabat ilində 2014-cü il üzrə 2 nəzarət tədbirinin nəticələri də yekunlaşdırılıb”.
Palata 10 milyon avrodan çox vəsaiti büdcəyə qaytarıb
V.Gülməmmədovun sözlərinə görə, 2015-ci ilin iş planına uyğun başa çatdırılıb və qərar qəbul olunmuş nəzarət tədbirləri üzrə dövlət büdcəsinin gəlirləri ilə bağlı 4 milyon 496,1 min manat, dövlət büdcəsinin xərcləri ilə bağlı 4170 min manat məbləğində vəsait, həmçinin 39,5 min avro dövlət büdcəsinə qaytarılıb: "Əvvəlki illər üzrə aparılmış nəzarət tədbirlərinin nəticələri ilə bağlı həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq Hesablama Palatası tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada Baş Prokurorluğa göndərilmiş materiallar üzrə 1055 min manat, digər tədbirlər üzrə isə 565,6 min manat və 20,7 min avro məbləğində vəsaitin bərpası təmin edilib. Beləliklə, hesabat ilində həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi olaraq 10 milyon 286,7 min manat və 60,2 min avro məbləğində vəsait müvafiq qaydada bərpa edilib. Hesabat ilində dövlət büdcəsinə vəsaitlərin bərpası ilə yanaşı, 377,8 min manat məbləğində maliyyələşmənin azaldılmasına nail olunub ki, bu da dövlət vəsaitlərinin qənaətli istifadəsini təmin edib. Vəsaitlərdən təyinatı üzrə istifadə olunmaması ilə bağlı mövcud qanunvericiliyə dəyişikliklər edilməkdədir. Palata hesabat ilində müvafiq təhlillərin nəticələri ilə bağlı məlumatları, həmçinin büdcə prosesinin təkmilləşdirilməsi üzrə 16 istiqamətdə 40-dan çox təklifi, eyni zamanda tərtib etdiyi rəylərdə çoxsaylı təklif və tövsiyələrini Milli Məclisə təqdim edib”.
"Səhiyyə idarələri vakant yerlərə işçi cəlb etməyib, mövcud ştatı tibb heyəti arasında bölüşdürürlər”
Palatanın ötən il üzrə hesabatının təqdimatından sonra müzakirələr başlayıb. Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Palatanın apardığı audit nəticəsində səhiyyə müəssisələrində 100-lə vakant iş yerləri var: "Azərbaycanda səhiyyə ocaqlarını bitirən yüzlərlə məzun var. Səhiyyə idarələri vakant yerlərə işçi cəlb etməyib, vakant yerlər mövcud tibb heyəti arasında bölüşdürülür. Cənab Prezident də dəfələrlə çıxışında vurğulayıb ki, ölkədə yeni iş yerləri yaradılmalıdır. Bu baxımdan vakant yerlərin mövcud tibb personalı arasında bölüşdürülməsini düzgün hesab etmirəm. Hesablama Palatasının qaldırdığı bu məsələyə çox ciddi yanaşılmalıdır”. Q.Paşayeva əlavə edib ki, ölkədə valideyn himayəsindən məhrum olmuş uşaqların ali məktəbə təhsil haqqının ödənişlərdən azad edilməsi ilə bağlı qanun qəbul edilib: "Qanunda bu yaş həddi 18-23 yaş göstərilib. Amma bəzi hallarda belə uşaqlar ali məktəbə 1-2 ildən sonra qəbul edilir. Buna görə də onlar 1, 2, 3-cü kursda ödənişdən azad edilir. Amma növbəti illərdə ödəniş etməli olur. Bu məsələyə baxılmasını təklif edirəm”.
"10 milyon avro azdır, çünki ciddi nöqsanlar aşkar edilir”
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Hesablama Palatası tərəfindən sistemli nəzarət həyata keçirilir: "Büdcə vəsaitinin 5 mlrd. manatlıq hissəsinə Hesablama Palatası nəzarət edir. Mən hesab edirəm ki, Hesablama Palatası hesabatında dövlət büdcəsinin xərcləri ilə bağlı yol verilən nöqsanları maddələr üzrə bölüb. Bu isə nöqsanların aradan qaldırılmasına imkan verir”.
Millət vəkili Vahid Əhmədov isə nəzarət tədbirləri nəticəsində büdcəyə bərpa edilən 10 milyon manat vəsaitin az olduğunu diqqətə çatdırıb: "Hesablama Palatası çox ciddi nöqsanlar aşkar edir. Palatanın apardığı yoxlamalar nəticəsində çox ciddi problemlərin olduğu məlumdur. İndiki vəziyyəti nəzərə alaraq hesab edirəm ki, Palatanın səlahiyyətləri artırılmalıdır”.
"Manatın qeyri-stabilliyi nəticəsində dollar qıtlığı yaranıb, əhalinin manata inamı azalıb”
Deputat Elmira Axundova bildirib ki, hesabat ilində dövlət büdcəsinin gəlirləri və xərcləri sahəsində nöqsanlar aşkar edilib və onların aradan qaldırılması istiqamətində işlər görülüb ki, bu çox müsbət haldır: "Ümumiyyətlə, malların satınalınması, vəsaitlərin təyinatının dəyişdirilməsi, həmçinin vəsaitlərdən səmərəli istifadə olunmaması büdcənin xərclər hissəsinin ən yaralı yeridir. Hesabat ilində həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi olaraq 10 milyon 286 min 7 yüz manat və 60 min 2 yüz avro məbləğində vəsait müvafiq qaydada bərpa edilib. Sözün düzü, mən bu məbləği bir qədər az hesab edirəm. Düşünürəm ki, nəzarət tədbirlərinin artırılacağı təqdirdə daha böyük həcmdə vəsaitlərə qənaət edə bilərik. Bununla yanaşı, istərdim ki, Hesablama Palatası ölkədə manatın devalvasiyasından sonrakı ticarət bazarında yaranmış vəziyyətə də diqqət ayırardı. Çünki manatın qeyri-stabilliyi nəticəsində dollar qıtlığı yaranıb, əhalinin manata inamı azalıb. Bankların çoxu manatla kredit verilməsini dayandırıblar, valyutadəyişmə məntəqələri kütləvi şəkildə bağlanıb. Bu da turizm sektoruna mənfi təsir göstərir. Həm də bildiyimə görə, minə yaxın insan işsiz qalıb. Bank sistemində digər neqativ hallar da mövcuddur. Yaxşı olardı ki, Hesablama Palatası mühüm nəzarət orqanı kimi, bu məsələlərə də münasibətini bildirərdi”.
Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.
Anar Bayramoğlu