101 ailə ikiqat bayram sevinci yaşadı
Hüquq müdafiəçiləri prezidentin əfv sərəncamını alqışladılar
Azərbaycan Prezidenti İlham Əliyev martın 18-də növbəti əfv sərəncamı imzalayıb. Sərəncamla 101 nəfər cəzadan azad edilib; bunlardan 90 nəfəri həbsdən buraxılıb, 7 nəfərin cəriməsi bağışlanıb, 4 nəfər isə islah işlərindən azad olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının dövlət başçısına ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alan Azərbaycan Prezidenti Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq belə bir addım atıb.
Qeyd edək ki, əfv olunanlar arasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru Bəşir Süleymanlı, hicab məhbusu Anar Qasımlı və blogger Orxan Eyyubzadənin də adı var.
Son günlər əfvlə bağlı gedən müzakirələrdə Novruz bayramında daha çox vicdan məhbusunun azadlığa buraxılacağına dair rəylər vardı. Maraqlıdır, indiki halda hüquq müdafiəçiləri əfv sərəncamını necə dəyərləndirir? Gözləntilər özünü doğruldub, ya əfvə düşməyənlər çox olub? Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev hesab edir ki, əfv sərəncamı istənilən halda müsbət qiymətləndirilməlidir: "Çünki əfv sərəncamının imzalanması xeyli sayda Azərbaycan ailəsinə sevinc, xoşbəxtlik bəxş edir. Cənab prezidentin əfv sərəncamı yüksək səviyyədə qiymətləndirilir, bu, onun tərəfindən atılmış növbəti humanist addımdır. Bayram ərəfəsində əfv sərəncamlarının imzalanması ailələrə ikiqat sevinc bəxş edir. Mən cənab prezidentimizə təşəkkür edirəm ki, ayrı-ayrı ictimai təşkilatların, şəxslərin, QHT-lərin, İnsan haqları üzrə Birgə İşçi Qrupunun da rəyini, təkliflərini nəzərə alaraq növbəti əfv sərəncamı imzaladı. Məsələnin siyasi tərəflərinə gəldikdə, burada da çox müsbət məqamlar var; hər bir əfv sərəncamı cəmiyyətdə barış əhval-ruhiyyəsinin möhkəmləndirilməsi, etimad mühitinin güclənməsinə xidmət edir, vətəndaşların dövlətə inamını gücləndirir, onların hüquqlarının dövlət tərəfindən daim müdafiə edilməsinə əminlik yaradır. Həmçinin müxtəlif cinayətlər törətmiş şəxslərin cəzalarının müəyyən hissəsini çəkdikdən sonra cəmiyyətə inteqrasiyası, bir daha belə səhvlərə yol verməmələri üçün şans yaradır. Bu baxımdan da fərmanın əhəmiyyəti çox böyükdür”. Millət vəkilinin sözlərinə görə, əfv sərəncamı verilərkən bir sıra vətəndaş cəmiyyəti institutlarının, o cümlədən İşçi Qrupunun da təklifləri nəzərə alınıb: "Sərəncamla İşçi Qrupunun təqdim etdiyi siyahıda adları olan bir neçə nəfər azadlığa buraxılıb, qurumun müraciətinə adekvat redaksiya verilib. Bu baxımdan da fərman çox əhəmiyyətlidir ki, dövlət-QHT münasibətləri daha da yaxınlaşır. Bu, həm də bir mesajdır ki, problem kimi təqdim edilən məsələlər Azərbaycanın daxilində həll edilə bilər. Bu, həmçinin digərlərinə də bir mesajdır ki, dəstəyi hansısa xarici qurumlardan deyil, dövlətdən, cənab prezidentdən gözləməlidirlər. Bütün bunları nəzərə alaraq bir daha qeyd edirəm ki, əfv sərəncamı ancaq pozitiv qiymətləndirilə bilər və qiymətləndirilməlidir”.
Hüquq müdafiəçisi, İşçi Qrupun üzvü Novella Cəfəroğlu isə hər şeyə rəğmən ümumilikdə 101 nəfərin əfv olunmasına çox sevindiyini bildirib: "Hər bir halda 101 nəfər əfv olunub, cəzadan azad edilib. Həmçinin bizim daim diqqətimizdə olan bir məhkum xanım - ədalətli mühakimə olunmadan həbs edilmiş, 4 uşaq anası Şəhla Muxtarovanın, ilahiyyətçilərin, Bəşir Süleymanlının, Orxanın azad edilməsi də bizi sevindirir. Ancaq çox istərdik ki, cənab prezident bizim təqdim etdiyimiz siyahıda adları olan məhbusların hamısını azad etsin. Bu məsələ mütləq həllini tapmalıdır”. Bu addımı yüksək qiymətləndirərək, növbəti əfv sərəncamı imzalanacağına ümid edən hüquq müdafiəçisinin sözlərinə görə, əfv sərəncamının imzalanması elə bir humanist addımdır ki, bu, hər zaman cəmiyyət tərəfindən yaxşı qarşılanır. Bu sərəncamlarla 1 nəfər, yaxud 10 nəfərin əfv olunması, azadlığa çıxması, ailəsinə qovuşması müsbət haldır”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə də Novruz bayramı öncəsi əfv sərəncamının imzalanmasını müsbət qiymətləndirərək, ölkə başçısı tərəfindən ildə bir neçə dəfə belə humanist addım atıldığını vurğulayıb. Onun sözlərinə görə, əfv siyahısında adı olan şəxslərlə yanaşı, onların ailə üzvləri, qohumları, dost-tanışları da sevinib ki, bu da ümumilikdə yüzlərlə insanın sevinci deməkdir: "Dövlət başçısı tərəfindən il ərzində bir neçə dəfə əfv sərəncamı imzalanır ki, bu da əfvə düşən insanlarla yanaşı, onların ailə üzvləri, qohumları və ümumilikdə yüzlərlə insanın sevincinə səbəb olur. Bu humanist addım üçün ilk öncə cənab Prezidentə təşəkkür edirik. Bütün hallarda bu humanist addım birmənalı olaraq dəstəklənməli, alqışlanmalıdır. Belə humanist addımdan sonra bəzi insanların müxtəlif fikirlər səsləndirməsi doğru deyil. Müəyyən adamların əfv siyahısında adlarının olmamasından narazı qalanlar absurd fikirlər səsləndirirlər. Amma nəzərə alınmalıdır ki, qanun hamı üçün qanundur. Bu addıma kölgə salmaq əvəzinə, başqa don geyindirmək əvəzinə, müsbət dəyərləndirmək lazımdır”.
Hüquq müdafiəçisi Səadət Bənənyarlı əfv sərəncamını müsbət dəyərləndirib və belə addımların tez-tez atılmasını arzu edib. Onun sözlərinə görə, hazırda həbsdə elə adamlar var ki, onların azadlıqda olması cəmiyyət üçün daha xeyirlidir. S.Bənənyarlı prezident İlham Əliyevin son əfv sərəncamını müsbət dəyərləndirib. Bildirib ki, imzalanan sərəncamla 100 ailəyə sevinc bəxş edilməsi böyük humanist addım, birmənalı şəkildə müsbət haldır.
Yüzlərlə məhbus öz azadlığına qovuşur və yüzlərlə məhbus ailələri sevinir. Budəfəki əfvə bizim siyahıdan cəmi bir nəfər daxil olub. Həbsdə olan çoxsaylı insanların məsələsinin Birgə İşçi Qrupunda qaldırıldığını bildirən hüquq müdafiəçisinin sözlərinə görə, İşçi Qrupunda müzakirə olunan Şəhla xanımın məsələsi də həll olunub. Ümid edirəm ki, bu proses davamlı olacaq və digər siyahıda olan şəxslər də öz azadlığına qovuşacaq”.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə İşçi Qrupun üzvü Əliməmməd Nuriyev isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli bayramımız olan Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamını imzalayacağının gözlənilən olduğunu deyib. Çünki bayramlar ərəfəsində ölkə başçısının əfv sərəncamları imzalaması bir ənənə halını alıb.
Ə.Nuriyev vurğulayıb ki, ölkə başçısı tərəfindən atılan bu addım yüksək humanizmin, öz vətəndaşına olan münasibətin nümayişidir: "Biz gözləyirdik ki, ölkə başçısı İlham Əliyev hər il olduğu kimi bu Novruz bayramı ərəfəsində də həbsdə olan bir çox vətəndaşımızı sevindirəcək, ailələrinə qovuşması üçün sərəncam verəcək. Bu artıq baş verdi. İnsan Haqları üzrə Birgə İşçi Qrupu bu istiqamətdə bir sıra təkliflər verib. Ümid edirəm ki, həmin təkliflər ölkə başçısı tərəfindən nəzərə alınıb. Çünki bundan əvvəlki sərəncamda da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İnsan Haqları üzrə İşçi Qrup, İnsan hüquqları müdafiə təşkilatları, ombudsman tərəfindən verilən təklifləri diqqətə aldığını sərəncamda qeyd edib. Ümid edirəm ki, ölkə başçısı bu sərəncamda da edilən müraciətləri diqqətə alıb və çoxsaylı insana öz ailələrinə qovuşmasına şərait yaradıb. Buna görə də cənab Prezident İlham Əliyevin bu addımını alqışlayırıq. Azadlığa çıxacaq hər bir kəsi də bir daha həbsxana həyatına geri dönməməyi, ölkəmizin inkişafı naminə çalışmağı arzu edirik”.
Şəymən