“Ermənistan KTMT– yə özünə arxa-dayaq tapmaq məqsədi ilə daxil olub”


“Azərbaycanın beynəlxalq təşkilatlar arasında hörməti Ermənistandan dəfələrlə çoxdur”. 

Bunu “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. 

Partiya təmsilçisi vurğulayıb ki, Ermənistan dəfələrlə aşağılayıcı münasibətin şahidi olub: 

“Rusiya baş nazir Dmitri Medvedyevin erməni həmkarını ələ saldığı epizod hamının yadındadır. Ermənistan özünə olan münasibəti hamıdan yaxşı görür. 

İndiki halda İrəvan hökumətinin Kremlin istəklərinə zidd addımlar atmasının kökündə özlərinə hörmət qazanmaq istəyi durur. Ermənistandakı realist qüvvələr bunu başa düşür və dilə gətirirlər.



KTMT-də təmsil olunan ölkələrlə Ermənistan xaric Azərbaycanın çox yaxın əlaqələri var. 

Nəzərə çatdırım ki, əslində KTMT bir qurum olaraq mövcudluğunu sübut etməmiş, sınaqlardan çıxmamış bir təşkilatdır. 

Bir növ məcburiyyətdən yaranmış qurumdur. Bu baxımdan Azərbaycanın təşkilata üzv olması hələlik məqsədəuyğun hesab edilmir. Gələcəkdə Qarabağ münaqişəsi həllini taparsa, birliyə üzv olmaq haqqında düşünmək olar”. 

A.Qasımov bildirib ki, Ermənistan bu təşkilata Rusiyanın təkidi və özünə arxa-dayaq tapmaq məqsədi ilə daxil olub: 

“Bu baxımdan erməni tərəfi avro-atlantik məkanla çəkinə-çəkinə əməkdaşlıq edir, özünə daha güclü himayədar axtarır. 

Lakin indiki halda Ermənistanın KTMT vasitəsi ilə Azərbaycanı “təhdid” etməsi özünə ürək-dirək verməkdən başqa bir şey deyil. 

Azərbaycan Ermənistan ərazisinə girmir ki, təşkilat bizə qarşı erməniləri müdafiə etsin. 

Biz öz ərazilərimiz çərçivəsində hərbi əməliyyatlar keçirmək fikrindəyik. Buna da hüquqi haqqımız çatır”.