Prezident İlham Əliyev Barak Obamanın ad gününü təbrik edib

"İkitərəfli münasibətlərimizin inkişafına, qarşılıqlı fəaliyyətimizin genişlənməsinə töhfəniz dəyərlidir"



Prezident İlham Əliyev ABŞ-lı həmkarı Barak Obamanı ad günü münasibəti ilə təbrik edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram.
Azərbaycan ilə Birləşmiş Ştatları dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin təmin edilməsində, ən qaynar nöqtələrdə sülhyaratma missiyasında birgə iştirakımız tərəfdaşlığımızın mühüm amillərindəndir.
İkitərəfli münasibətlərimizin inkişafına, qarşılıqlı fəaliyyətimizin genişlənməsinə Sizin töhfəniz dəyərlidir.
Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin nəticələr verəcəyinə ümidvarıq.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.