“Gah deyirlər 5 rayon qayıdır, gah da deyirlər 7 rayon”

Yaqub Məmmədov: “ABŞ, Fransa və Rusiya indiki status-kvonun qalmasını və dolayı yolla işğalçı Ermənistanı müdafiə edirlər”




Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən proseslərlə və qarşıdan gələn parlament seçkisi ilə bağlı "Şərq”in suallarını cavablandıran budəfəki müsahibimiz Ali Sovetin sabiq sədri, tibb elmləri doktoru, professor Yaqub Məmmədovdur.

- Yaqub müəllim, münaqişənin həlli ilə bağlı danışıqlar prosesi yenidən canlanıb. Xüsusən Minsk Qrupu həmsədrlərinin fəallığı diqqət çəkir. Sizcə, indiki məqamda problemin həlli ilə bağlı irəliləyiş olacaqmı?

- İnanmıram, neçə ildir, danışıqlar gedir. "Gedin özünüz problemi həll edin, biz də xeyir-dua verək” yanaşması ilə heç bir münaqişəni həll etmək olmaz. Bunlar hamısı boş söhbətlər və səfərlərdir.

- Prezidentlərin növbəti görüşündən müsbət nəticə gözləməyə dəyərmi?

- 20 ildir ki, prezidentlərin və xarici işlər nazirlərinin görüşü keçirilir. Ancaq indiyə kimi faydasını görməmişik. Problemin həllinin yalnızca bir yolu var. Həmsədrlər birmənalı şəkildə işğalçı Ermənistana təzyiq göstərməlidir. Düşmən qoşunları zəbt etdikləri ərazilərdən çıxandan
sonra münaqişə öz həllini tapacaq. Amma beynəlxalq vasitəçilər bunu etmirlər və əvəzində gülməli şəkildə deyirlər ki, gedin özünüz razılığa gəlin.

- Bəs Ermənistana təzyiq edilmədiyi halda Azərbaycan tərəfi hansı addımı atmalıdır?

- Azərbaycan öz hərbi gücünü Ermənistana nümayiş etdirməlidir. Hər dəfə televiziyalarda deyirlər ki, Ermənistan tərəfi atəşkəsi yüz dəfə pozdu, iki yüz dəfə pozdu və s. Elə düşmən atəşkəsi poza-poza gedəcək, biz də onlara cavab atəşi açacağıq?! Bəs Azərbaycan tərəfi nə vaxt atəşkəsi pozacaq? Bizim güclü və qüdrətli ordumuz, hərbi texnikamız var. Artıq 20 il qabaqkı Azərbaycan deyilik. Gərək öz gücümüzü düşmənə göstərək və deyək ki, "ya torpaqlarımızdan rədd olun, ya da biz müharibə yolu ilə zor gücünə ərazilərimizi geri qaytaracağıq”. Bax, onda düşmən qorxub münaqişənin dinc yolla həllinə razı olar.

- Dağlıq Qarabağ ətrafı rayonların Azərbaycana qaytarılması məsələsi də tez-tez gündəmə gəlir. Bu tipli informasiyaların yayılmasında məqsəd nədir?

- Belə danışıqlar, söz-söhbətlər çoxdan gedir. Gah deyirlər 5 rayon qayıdır, gah da deyirlər 7 rayon. Amma belə getsə, 1 rayon da geri verilməyəcək. Bunlar vaxt udmaq və baş qatmaq üçün uydurulan məsələlərdir.

- Amerikalı həmsədr deyir ki, Qarabağ, Ukrayna və Gürcüstan münaqişələrini biri-biri ilə müqayisə etmək olmaz. Siz bu barədə nə düşünürsüz?

- Üç münaqişənin hamısı biri-birinə bənzəyir. Qüvvələr və zaman fərqli ola bilər, amma bütün münaqişələrdə torpaqların zəbt olunması faktı var. Ona görə də bu münaqişələrin həlli prosesi eyni olmalıdır. İşğalçılar mütləq şəkildə girdikləri özgə torpağından çıxmalıdır.

- Fransalı və rusiyalı həmkarlarından fərqli olaraq amerikalı həmsədrin xüsusi canfəşanlıq göstərməsi nə ilə bağlıdır?

- Mən düşünmürəm ki, Fransa və Rusiya təmsilçiləri prosesdə passiv mövqe sərgiləyirlər və yaxud da amerikalı həmsədrdən fərqli münasibət ortaya qoyurlar. Ceyms Uorlikin aktivliyi məsələni həll etmir. Hər üç dövlətin də münaqişənin həlli ilə bağlı mövqeyi demək olar ki, eynidir. ABŞ, Fransa və Rusiya indiki status-kvonun qalmasını və dolayı yolla işğalçı Ermənistanı müdafiə edirlər. Hər üç dövlət bu məsələdə biri-biri ilə əvvəlcədən razılaşıb. Ona görə də proses uzanır.

- Artıq parlament seçkisinə üç aylıq bir zaman qalıb. Əksər partiyalar müəyyən mənada marafona hazırlaşsalar da, ümumilikdə seçki ab-havası zəifdir. Sizcə, partiyaların seçkilərə həvəssiz yanaşmasının səbəbi nədir?

- Partiyalar bundan artıq neyləməlidir ki? Bəziləri bir yerə yığışıb, digərləri də təkbaşına seçkiyə hazırlaşırlar. Üstəlik, hakimiyyətlə də danışıqlar aparırlar. Nə razılığa gəlsələr, ona uyğun da hərəkət edəcəklər. Partiyaların edə biləcəyi iş namizəd siyahısı hazırlamaqdır. Kimsə bu prosesdə zəif mövqe sərgiləyir, kimsə aktiv çıxış edir, əslində bunun heç bir fərqi yoxdur. Çünki ümumilikdə seçki mühiti eynidir. Siyasi partiyalar açıq şəkildə başqa şeylərə əl ata bilmirlər. Buna imkanları da yoxdur. Faktiki olaraq bu gün Azərbaycanda əksər partiyalar siyasi təsir mexanizminə sahib deyil. Onların mövqeyi zəifdir. Bu durumda olan partiyalardan əlavə nəsə gözləmək mümkün deyil.

- Siyasi blokların uzunömürlü olmaması nədən asılıdır?

- Hansı blok olursa-olsun və kim tərəfindən yaradılırsa-yaradılsın, hakimiyyətin dəstək vermədiyi hər hansı blokun və ya namizədin parlament seçkilərində uğur qazanmaq şansı sıfırdır. Bunu birmənalı demək və qəbul etmək lazımdır. Ən yaxşı üsul dinc yolla iqtidarla dialoq aparmaqdır.

- Necə düşünürsüz, budəfəki parlamentdə yeni simalar görəcəyikmi?

- Hələlik bu barədə nəsə demək tezdir. Qoy, namizədlər ortaya çıxsın, ondan sonra fikir demək olar. Amma hər halda hesab edirəm ki, müəyyən dəyişiklik olacaq. Yəqin ki, daha çox gənc parlamentə seçiləcək.

- Budəfəki seçkilərdə namizəd olmaq istəyirsiniz?

- Xeyr, seçkidə iştirak etmək niyyətim yoxdur.

- Bəs, hər hansı blok yaratmaq və ya siyasi qurumlara dəstək vermək fikriniz varmı?

- Heç bir blok yaratmaq, kimisə dəstəkləmək niyyətində deyiləm. Bir vətəndaş kimi, özüm və ailə üzvlərim seçkiyə gedib istədiyimiz namizədə səs verəcəyik.

İsmayıl