Kənan Hacının xəstəliyi ciddidir, 15 min manat lazımdır

Şairin həmkarları kampaniyaya qoşulub, yardım etməyə hazırdır





Tanınmış şair-yazıçı Kənan Hacının səhhətində ağır problemlər yaranıb.
8 ildir Hepatit C xəstəliyindən əziyyət çəkən Kənan Hacı maddi problemi olduğundan müalicə ala bilmir:

"Vəziyyətim pis idi. Baxdım ki, ayaq üstə dayana bilmirəm. Getdim həkimə, dedilər ki, səndə Hepatit C xəstəliyi var. İnanmadım, bir neçə yerdə analiz verdim, xəstəlik təsdiqləndi. Xəstəliklə əlaqədar bir müddət yüngülvari müalicə aldım. Amma indi təkrar müalicəyə ehtiyacım var. Bu xəstəlik elədir ki, həmişə həkim nəzarətində olmalısan. Mənim isə müalicə olunmaq üçün problemlərim var. Pulum olmadığından uzun müddətdir ki, müalicə ala bilmirəm. Bunun da nəticəsində iş qabiliyyətimi itirirəm, ayaqlarım tutulur, yuxusuzluqdan əsəblərim korlanıb”.

Xəstəliyin qara ciyərini parçaladığını vurğulayan K.Hacı ya Azərbaycanda, ya da xarici ölkələrin birində müalicə olunmalıdır. 6 aylıq müalicə üçün ona 15 min manat lazımdır. Xəstəliyin dərmanları baha olduğu üçün şairin almağa imkanı yoxdur.

Yazar müalicə ilə əlaqədar bir neçə yerə müraciət etsə də, konkret olaraq, cavab almayıb: "Söz veriblər, amma ortada heç nə yoxdur. Xahiş edirəm, ilk öncə dövlətimdən, sonra imkanlı şəxslərdən mənə kömək edin, vaxtında bu xəstəlikdən qurtula bilim”.

Kənan Hacıya kömək üçün yazarların hansısa formada kampaniya başlatması və ya imza toplayaraq dövlətə müraciət etməsi ilə bağlı fikirlərini öyrənmək üçün bir neçə yazara müraciət etdik.

Kənan Hacının xəstəliyi ilə bağlı xəbəri yenicə eşitdiyini deyən şair Aqşin Yenisey Hepatit C virusunun kifayət qədər təhlükəli və bahalı bir müalicə tələb edən xəstəlik olduğunu deyib: "Hepatit C-nin müalicəsi üçün, ən azı, on min manata yaxın xərc tələb olunur. Kənan Hacı on beş ilə yaxındır ki, istər ədəbiyyatımızda, istərsə də publisistikamızda bütün enerjisi ilə çalışır. Mənə elə gəlir ki, ona kömək etmək istəyənlər olacaq, mən də onların arasındayam”.

Şair Qəşəm Nəcəfzadə də hesab edir ki, hər kəs əlindən gəldiyi qədər Kənan Hacının müalicəsi üçün öz yardımını etməlidir: "Çox yaxşı olar ki, Azərbaycan Yazıçılar Birliyi də bu istiqamətdə öz yardımlarını əsirgəməsin. Kənan Hacı kifayət qədər istedadlı və tanınmış bir yazardı. Azərbaycan ədəbiyyatı üçün əməyi var. Biz onun xəstə olduğunu bilirik və bu, bizim üçün məyusedici bir haldır. Onun çox gözəl qələmi və şeirləri var. Belə bir yazarı xəstəliyin cəngində buraxmaq olmaz. Hesab edirəm ki, sadəcə AYB və yazar dostları yox, Azərbaycan ədəbiyyatına dəyər verən hər kəs Kənanın müalicəsi üçün öz dəstəyini göstərməlidir. Media bu məsələni gündəmdə saxlamalı, imkanı olan şəxslər də müalicəsində ona yardım etməlidir”.

Şəymən