Nazirin təklifi məntiqlidir

Təhsil haqqı ödəyən tələbələr də təqaüd almalıdır, bu rəqabət mühiti yaradacaq




"Ali məktəblərin ödənişsiz fakültələrində təhsil alanlarla yanaşı, təhsil haqqı ödəyən tələbələr də təqaüd almalıdır”. Bu barədə Təhsil naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, mövcud sistem ali təhsil üçün rəqabət mühitinə şərait yaratmır: "Bu baxımdan nazirlik artıq tələbə təqaüdləri ilə bağlı islahatlara başlayıb”.

Nazir onu da diqqətə çatdırıb ki, tələbənin akademik göstəricilərindən asılı olaraq ona "tələbə təqaüdü” ödənilməlidir: "Burada məqsəd tələbələr arasında rəqabət mühiti yaratmaq və onların akademik nailiyyətlərinin artırılmasına xidmət etməkdir”.

Təşəbbüsü dəyərləndirən Azərbaycan Təhsil Şurasının sədri, təhsil eksperti Əjdər Ağayev "Şərq”ə açıqlamasında söyləyib ki, bu, rəqabətə imkan verəcək. Ekspertin qənaətincə, söhbət yüksək bal toplayıb, ödənişli fakültəyə düşən tələbədən gedir: "Həmin tələbə bütün semestrləri əla qiymətlərlə başa vuracaqsa, o, təqaüd almalıdır. Yəni yanaşma belə olmalıdır. Nazirin təklifi çox məntiqlidir”.

Şura sədri hesab edir ki, ölkəmizdə fəaliyyət göstərən bəzi özəl universitetlərdə belə bir təcrübə mövcuddur: "Baxın, bu artıq Qafqaz Universitetində var. Çox təqdirəlayiq işdir. Ümumiyyətlə, ödəniş və ödənişsiz fakültələrdə oxumalarından asılı olmayaraq yaxşı tələbəni dəyərləndirib, stimul vermək lazımdır. Sözügedən təcrübəni bütün ali məktəblərdə tətbiq etmək olar. Nazirin yanaşmasını dəstəkləyirəm”.

Ayyət Əhməd