Həsən bəy Zərdabi irsini tam öyrənə bilmişik?

Şamil Vəliyev: “Onun irsinin tamamən tədqiq edilməsi çətinləşir”
Alxan Bayramoğlu: “Şəxsi həyatı və övladlarının taleyi ilə bağlı yetərli araşdırmalar aparılmayıb”




Tahir Aydınoğlu:

"Biz Zərdabidən dəryadan bir damla qədər bilirik”


Bu günlərdə Azərbaycan milli mətbuatı 140 illiyini qeyd etdi. Mətbuat tariximiz 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi” qəzeti ilə başlaması milli mətbuat tarixçilərimizin tədqiqatçılarının fakta və tarixi həqiqətə əsaslanaraq verdikləri qərardır. Həsən bəy Məlikov (Zərdabi) isə 1837-ci il iyunun 28-də keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alan Zərdabi sonra Şamaxı qəza məktəbində oxuyub, orta təhsilini isə Tiflisdə tamamlayıb. 1861-ci ildə Moskva Universitetinə daxil olub.

Dörd il sonra (1865) həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirib. Fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılıb. Lakin vətəninə, doğma Azərbaycanına olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu bu gənc, perspektivli müəllimi Azərbaycana çəkib gətirib. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyən Zərdabi daha sonra Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başlayıb. Gündəlik həyatında və işində xalqla sıx bağlı olan Zərdabi asudə vaxtlarını xalq arasında keçirir, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirirdi. Onun apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdı. Həmin dövrdə Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatımızın yaranması zərurətini doğurdu. Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etdi. Xeyli əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində "Əkinçi” qəzetinin nəşrinə müvəffəq oldu. Bu mətbu orqanla milli mətbuatımızın əsası qoyuldu. Əlbəttə, Həsən bəy sözügedən mətbu orqanı yaratmaqla Azərbaycan xalqının tərəqqisinə nail olmaq istəyirdi. O, "Əkinçi”də dərc olunan məqalələrdə insan hüquqlarını daim ön plana çəkirdi. Bundan başqa, Zərdabi və məsləkdaşlarının qəzet səhifələrində dərc etdirdikləri yazıların bir qismi dini fanatizm və mövhumata həsr olunmuşdu. Məhz ona görə də xalqın tərəqqisini onun maariflənməsində görən Həsən bəy mədəni yüksəliş naminə fərqli vasitələrə baş vurub və müxtəlif ideyaları həyata keçirib. "Əkinçi” qəzetinin nəşri dayandırıldıqdan sonrakı dövrdə (1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrı) Həsən bəy doğma kəndi Zərdabda yaşamağa başlayıb. O, kənd təsərrüfatı sahəsində kəndlilərə yaxşı məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını da çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq Zərdabi yenə də mətbuatda fəal iştirak edirdi. 1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan "Ziya”, "Kəşkül”, "Kaspi”, "Novoye obozreniye” və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunur. Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic xəstəliyinə tutulub və 1907-ci il noyabr ayının 28-də vəfat edib. Doğrudur, Həsən bəyin vəfatından sonra onun irsinin araşdırılmasına başlanılıb. Onun həyat və yaradıcılığına dair çoxsaylı tədqiqatlar aparılıb. Sanballı əsərlər ortaya qoyulub. Bununla belə bəzi tədqiqatçılar onun irsinin hələ də araşdırılmalı olduğunu iddia edir. Bildirirlər ki, hələ də Zərdabi irsinin tədqiq edilməmiş tərəfləri mövcuddur.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev də qeyd edib ki, Zərdabinin övladları və şəcərəsi haqda araşdırmalar azdır: "Səffət bəylə bağlı tədqiqatların aparılmasına ehtiyac duyulur. Çünki o, Türkiyə mühacirət mətbuatında adı, izi olan adamdır”.

Araşdırmaların aparılmamasının səbəblərinə gəlincə, müsahibimiz söyləyib ki, əldə materiallar yoxdur: "Zərdabi bəzən əski əlifbada, bəzən isə rus dilində yazıb. Müasirlərimiz isə əski əlifba və rus dilində çətinlik çəkirlər. Bu səbəbdən onun irsinin tamamən tədqiq edilməsi çətinləşir”.

Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Alxan Bayramoğlu da vurğulayıb ki, Zərdabinin irsi çox zəngindir: "Onu tam olaraq araşdırmaq üçün illər lazımdır. Düzdür, onun xidmətləri müəyyən qədər öyrənilib. Ancaq zaman-zaman yenidən ona qayıtmaq lazım gəlir. Çünki sovet dövründə o ideologiyanın təsiri ilə bir cür dəyərləndirilib. Bəzi şeylər başqa cür yozulub. Bəzi məsələlər düzgün izah olunmayıb”.

Professorun sözlərinə görə, Zərdabiyə çağdaş baxış olmalıdır: "Bu həmişə vacibdir. Onun irsi, mətbuata dair xidmətləri, dövlətçiliyin yaranmasında və inkişafındakı fəaliyyəti gənc nəslə çatdırılmalıdır. Zərdabi bizə örnək olacaq dərəcədə qiymətli bir sərvətdir”.

A.Bayramoğlu hesab edir ki, Zərdabinin ailə həyatı işıqlı fəaliyyətinin kölgəsində qalıb: "Onun əsli-nəsli və yaxınları haqda elə də geniş məlumat yoxdur. Hətta son vaxtlar Səffət Zərdabi özünü Həsən bəyin nəslində olan biri kimi təqdim edir. Zərdabinin həyatı ilə bağlı mükəmməl araşdırma olmadığına görə, ona inanmaq məcburiyyətində qalırıq. Fəaliyyətinə dair araşdırmalar göz önündədir. Amma şəxsi həyatı və övladlarının taleyi ilə bağlı yetərli araşdırmalar aparılmayıb”.

Müsahibimizin fikrincə, mətbuatın 140 illiyində Zərdabinin elmi deyil, populist dəyərləndirilməsinə üstünlük verilib: "Bu da onunla bağlıdır ki, indiki nəsil Zərdabinin elmi, ədəbi və humanitar irsini elmi səviyyədə mənimsəyə bilməyib”.

Tarixçi-alim Nəsiman Yaqublu söyləyib ki, Azərbaycan mətbuatının öyrənilməyən çox tərəfləri var: "Onları ciddi şəkildə araşdırmaq lazımdır. Məsələn, düşünürəm ki, Zərdabinin yaradıcılığı haqqında Azərbaycan mühacirət mətbuatında çox dəyərli yazılar dərc olunub. O yazılar hazırda tədqiq edilməyib. Həmin yazıları öyrənsək, Azərbaycan mətbuatında yeni məqamlar üzə çıxar. Digər tərəfdən Zərdabi daha çox sovet dövründə tədqiq edilib. Şübhəsiz ki, həmin tədqiqat əsərləri sovet ideologiyasının təsiri altında olub. Zərdabini araşdıran alimlərin zəhmətini qətiyyən inkar etmirəm. Onlar çox böyük işlər görüblər. Amma onlar sovet ideologiyasının təsiri altında bu araşdırmanı aparmağa başlayıblar”.

Həmsöhbətimiz bildirib ki, Zərdabinin tədqiqatına daha çox 50-ci illərdən diqqət ayrıldı: "Bundan başqa, Şıxəli Qurbanov, Abbas Zamanov və başqalarının çox böyük xidmətləri olub ki, onlar da açılmır. Həmin şəxslərin də fəaliyyəti öyrənilməlidir. Azərbaycan mətbuatının ən böyük dövrü mühacirət mətbuatı ilə bağlıdır. Bu dövrün öyrənilməsində ciddi problemlər mövcuddur. Mətbuatımızın 140 illiyi qeyd olunsa da, hələ 2015-ci il başa çatmayıb. Oktyabrın 2-də Azərbaycan mətbuat tarixində çox önəmli rol oynamış "Açıq söz” qəzetinin yubileyi olacaq. Bu yubileyi çox yüksək səviyyədə qeyd etmək lazımdır. Çünki "Açıq söz” ilk dəfə olaraq Azərbaycan ədəbi türkcəsində çap edilən mətbu orqan olub”.

N.Yaqublu diqqətə çatdırıb ki, H.Zərdabi çox ağrılı tale yaşayıb: "Onun qızı Əlimərdan bəy Topçubaşovla ailə həyatı qurmuşdu. Topçubaşov xaricdə mühacirətdə yaşayırdı. O, sovet hökumətinin əleyhinə təbliğat apardığına görə, yaxınlarının çoxunu sürgün etmişdilər. Hətta Zərdabinin məzarının yerinin itməsi məsələsi də vardı. Onu Bibiheybət qəbiristanlığında dəfn etmişdilər. Sonra nəşini çıxarıb, şəhər qəbiristanlığına, oradan da indiki Fəxri Xiyabana gətirdilər. Zərdabi böyük bir şəxsiyyət kimi az öyrənilib”.

Tarixçi-alim bəyan edib ki, Zərdabi irsinin araşdırılmasını əngəlləyən bir neçə səbəb var: "Burada həm maddi, həm də dil tərəfləri var. Həsən bəy yazılarını köhnə əlifba ilə yazıb. Bəziləri də rus dilindədir. Ona görə də çətinlik yaranır. Bu, əziyyətli işdir. Bu mənada düşünürəm ki, mətbuat tarixinin öyrənilməsinə dair problemlərimiz qalmaqdadır. Baxın, "Azərbaycan” qəzetinin nümunələrini çap etmək lazımdır. Amma buna indidən başlanılmalıdır. Görüləsi işlərimiz çoxdur. Sadəcə olaraq bu işlərdə dəstək lazımdır”.

Həmsöhbətimizin fikrincə, ilk növbədə Zərdabinin yazılarının tədqiq edilməsinə ehtiyac var: "Onun "Kaspi” qəzetində dərc olunan yazılarının araşdırılması çox zəruridir. Elmi yazılarının öyrənilməsinə də ehtiyac duyulur. Nəhayət, "Əkinçi”nin yenidən tədqiqinə zərurət yaranıb. Ona yeni baxışlarla yanaşılmalıdır. Zərdabi haqda dediklərimiz ancaq prafarik sözlərdən və yanaşmalardan ibarətdir. O vaxt bir fransız jurnalisti yazırdı ki, mən Avropada elə bir insan tapa bilməzdim ki, belə bir əziyyətə qatlanıb qəzet yaratsın. "Əkinçi”nin nəşr xüsusiyyətlərinin və digər cəhətlərinin tədqiqatına ehtiyac var. Bu olarsa, onun böyük redaktorluq qabiliyyəti ortaya çıxacaq. Məncə, bu işə yenidən başlamaq lazımdır. Keçmişi inkar etmirik. Amma yeni yanaşmalar da olmalıdır”.

Əməkdar jurnalist Tahir Aydınoğlu söyləyib ki, sovet dövründə Zərbadi irsi müəyyən mənada araşdırılıb: "1957-ci ildə milli ziyalılarımız Abbas Zamanov, İzzət Rüstəmov, Firudin Köçərli və başqaları Zərdabini yeni öyrəndilər. Sonrakı illərdə yenə unuduldu. Zərdabi uzaq tarix deyil. O, 2 əsrin fenomenidir”.

Müsahibimizin sözlərinə görə, biz Zərdabidən hələ çox az şey bilirik: "Onun "Əkinçi”dən başqa qəzetlərdə də rus dilində məqalələri dərc olunub. Rus dilində olan irsi demək olar ki, azərbaycanlılara çatdırılmayıb. Düzdü, "Kaspi” qəzetində yazılarını Ziyəddin Göyüşov çap etdirib. Onun sistemli bioqrafiyası yenidən işlənməlidir. Sovet dövründə Zərdabi mövzusuna qorxa-qorxa müraciət edirdilər. Onu Rusiyada təhsil almış bir ziyalı kimi qeyd edirdilər”.

T.Aydınoğlu deyib ki, Zərdabinin elmi bioqrafiyası ilə yanaşı, ailəsi haqda da dərin məlumatlar yoxdur: "Ailənin tarixi öyrənilməlidir. Böyük oğlu Midhət barədə heç nə bilmirik. Bu günlərdə "Türküstan” qəzetində "Şərq” qəzetinin baş redaktoru, araşdırmaçı-jurnalist Akif Aşırlının Həsən bəyin kiçik oğlu Səffət bəy haqda silsilə yazıları dərc olundu. Çox maraqlı yazı idi. Biz Zərdabidən dəryadan bir damla qədər bilirik”.

Müsahibimiz düşünür ki, Zərdabi bütün bilik, bacarıq və həyatını xalqın inkişafına səfərbər edib: "Bax, bunlar açılmalıdır. Zərdabi kimdi? Bu sualın ən dolğun və geniş cavabı tapılmalıdır. O, sıravi vətəndaş deyildi. Mən onu bir neçə məqaləmdə millət məcnunu adlandırmışam. O, doğrudan da millət məcnunu idi. Bu keyfiyyətlərini xalqa çatdırmaq lazımdır”.

T.Aydınoğlu vurğulayıb ki, tədqiqatçı-jurnalistlər Zərdabinin həyat və yaradıcılığına dair araşdırmalarını davam etdirməlidirlər: "Onu da deyim ki, Zərdabinin araşdırılması ilə bağlı az iş görülməyib. O, böyük bir dağdı. İndiki araşdırmalar o dağdan bir parçadır”.

Əməkdar jurnalist bəyan edib ki, Zərdabi Azərbaycanın milli iqtisadiyyatının inkişafı üçün çoxsaylı təkliflər irəli sürüb: "Məsələ qaldırıb ki, Bakı-Tiflis dəmiryolu Kür qırağından çəkilsin ki, həmin məntəqələrdə yaşayanlar ondan istifadə etsin. Bu, vacib məsələ idi. Zərdabi Kürdə gəmiçilik və balıqçılıq məsələlərini gündəmə gətirmişdi. Onlar öyrənilməlidir. Zərdabinin toxunduğu məsələlərə yenidən qayıtmaqla iqtisadiyyatımızın yeni sahələrini yarada bilərik. Ona görə bütün sahələrdə çalışanlar Zərdabidə özləri üçün nələrsə tapa bilərlər”.

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb