“Görəsən üzüyü kim oğurladı?”

Yadigar Cəfərli




Ramiz Əzizbəylinin doğum günü imiş




...Biz həmişə bu filmə baxanda, mənim son dərəcə fədakar bir dil-ədəbiyyat müəlliməsi olan və sənətinin incəliklərini dərindən bilən mərhum Anam maraqla bu sualı səsləndirərdi ki, "Görəsən üzüyü kim oğurladı?”.
İş elə gətirib ki, 1991-ci ildən bəri bu filmə müxtəlif məkanlarda, ayrı-ayrı insanların əhatəsində üst-üstə bəlkə 20 dəfəyə qədər baxmışam. Və ən qəribəsi budur ki, məkan və mühit fərqindən asılı olmayaraq tamaşaçılardan heç olmasa, bir nəfəri eyni sualı mütləq təkrarlayıb: "Görəsən üzüyü kim oğurladı?”
Hətta detektiv gümanlarının içkiyə xərcləmək üçün daim pul axtaran Söyünün, yaxud həyətdəkiləri darvaza arxasından pusan qatıqsatanın üzərinə apardığı vaxtlar da olub.
Ona görə çox istərdim ki, zəmanəmizin müqtədir sənətkarlarından Ramiz Əzizbəylinin 1991-ci ildə mərhum şair-dramaturq Vaqif Səmədoğlunun əsəri əsasında çəkdiyi "Bəxt üzüyü” filminə bir də bu qeydlərdən sonra baxaq.
Bu filmdə söhbət Saranın üzüyü timsalında ümumən cəmiyyətin bəxtinin itməsindən gedir. Filmdə cəmi üç nəfər bu həqiqətdən xəbərdardır. Onlardan biri – binokllu kişi bu həqiqətdən sarsılaraq dənizdə intihar edir. Digəri Söyün - bu həqiqəti çoxdan anlasa da, heç nəyi dəyişə bilməyəcəyini yaxşı bildiyindən çarəni hər gün içməkdə görür. Onlardan yalnız üçüncüsü – Sara cəmiyyətin bəxtinin itməsi həqiqətini car çəkməyə özündə cəsarət tapıb dərhal da ətrafdakı, öz hallarından məmnun insanların hücumları ilə üzləşir.
Filmdə qürub etməkdə olan sovet cəmiyyətinin müxtəlif qütbləri çox ustalıqla təsvir edilib. Bir neçə on il əvvəl daha xoşbəxt bir gələcək uğrunda vuruşub sağlamlıqlarını itirmiş idealistlər – Tarıbəyi kişinin timsalında artıq köməyə möhtac durumdadırlar. Cəmiyyətin dayaqlarını sarsıdan naqis meyllərin – narkomaniyanın, mənəviyyatsızlığın isə Rasim, Seda və b. obrazlarında çiçəklənmə dövrü başlanıb. Bu o qədər güclü bir dalğadır ki, artıq onun qarşısında Söz də dəyərini itirir və daha xoşbəxtliyə doğru heç bir yol göstərə bilməyib üstəlik Moşu kimi qafiyəpərdazların qələmində gülüş hədəfinə çevrilir.
Moşu və Söylünün oğul övladları, yaxud Tanrıverdi babanın kosmopolit ruhlu nəvəsi Vilsto və onun nişanlısı timsalında, bəlkə həyat elə bu şəkildə də davam edərdi. Çünki onlardan cəmiyyətin gələcəyi üçün nəsə gözləməyə dəyməz.
Amma filmdə kiçik bir ümid də var. O ümidi cəmiyyətin bəxtinin itməsi həqiqətini aləmə car çəkən qadın - Sara dünyaya gətirib. Bu ağ paltarlı qızcığaz film boyu bir kəlmə danışmasa da, finalda geriyə tərəf çevrilir və deyir: "Tanrıverdi baba, sabah yağış yağacaq”.
Filmin bitdiyi günün səhərindən başlanmış o yağışın ən gözəl meyvəsi bu gün köklərini getdikcə möhkəmləndirərək daha da ucalara doğru qol-budaq atan müstəqil dövlətimizdir. Cəmiyyətdə müşahidə etdiyimiz inkişaf meylləridir. Və indikindən də gözəl bir gələcəyin müjdəçiləri kimi sıraları getdikcə genişlənən, savadlı, intellektual, öz Vətəninə, dövlətinə bağlı gənclikdir.
Bu günsə o filmi yaradan kişinin - Ramiz Əzizbəylinin doğum günü imiş. Bu münasibətlə Ona ünvanlanan bütün təbrik və arzulara mən də qoşuluram.
Bəzən, sənət adamları söz düşəndə deyirlər ki, özümün ən gözəl əsərimi hələ yaratmamışam. Amma fikrimcə, Ramiz Əzizbəyli bir sənətkarın öz istedadının, peşəkarlığının sonuncu qətrəsinə qədər xərclədiyi ən gözəl əsərini çoxdan ortaya qoyub.
Bu, məhz "Bəxt üzüyü” filmidir.
Bir dəfə gənc publisistlərdən biri yazmışdı ki, Ramiz Əzizbəyli bu filmi çox güman, təhtəlşüur səviyyəsində çəkib. Məncə də o, haqlı idi.
Çünki belə bir filmi adi insan halında çəkmək qeyri-mümkündür.