Borçalını din pərdəsi altında zədələmək istəyirlər

Gürcüstanda İran mollalarının sözçüləri çoxalıb, məsələ çox ciddidir



"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli öz "facebook” profilində azərbaycanlıların kompakt yaşadığı Borçalı mahalı ilə bağlı çox maraqlı məsələyə diqqət çəkib. Təşkilat sədri bildirib ki, sözügedən bölgədə din pərdəsi altında İran mollalarının sözçüləri xeyli çoxalıb. Onun sözlərinə görə, bu, qorxulu tendensiyadır:

"Borçalının özəlliyi ondadır ki, məzhəb ayrılığı elin birliyinə toxunmağa cəsarət etməyib. Bu məlhəm məkanı zədələmə cəhdləri mütləq durdurulmalıdır”. Məsələnin ciddiliyini nəzərə alıb, daha ətraflı məlumat əldə etmək üçün Z.Məmmədli ilə əlaqə saxladıq. Cəmiyyət sədri "Şərq”ə açıqlamasında söyləyib ki, Azərbaycanın bugünkü davranışları Borçalıya təsirsiz ötüşmür:

"Ölkəmizdə də kifayət qədər aqressiv və radikal dini cərəyanlar fəaliyyət göstərə bilir. Bunu heç kim danmır. Dini sahədə boşluq var. Cəmiyyətdə sosial ədalət və hüququn aliliyi pozulduğundan insanlar bu cür alternativ yollara meyillənirlər. Radikallığın kökündə də bu işlər dayanır. Borçalı qədim türk diyarıdır. Orada məzhəb bölücülüyünün milli mənsubiyyəti üstələməsi meyilləri olsa da, bu tendensiya hansısa bir formada eloğluluq və türklüyün üzərindən keçə bilməyib. Borçalı unikal bir ərazidir və oradakı toplumun əsas hədəfi bir arada olmaqdır. Bu hədəfi zədələyəcək məsələlər diqqətimizdən yayınmır. Konkret olaraq İran Borçalı elində sünni və şiə məzhəbi adı altında müəyyən gizli təfriqələr aparır. Halbuki Borçalı insanı məzhəblə bağlı məsələlərdə heç zaman qarşıdurmaya getməyib. Tehran o eldə molla rejiminin təbliği ilə məşğul olan saytlar yaradır. Şübhəsiz ki, onlar Gürcüstandan idarə olunur”.

Borçalıda savadlı axundların az olduğunu iddia edən müsahibimiz söyləyib ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə və dövlət başçısı İlham Əliyevə də müraciət edilib: "Bu bölgədə türk ruhunun saxlanılmasını milli maraqlarımıza uyğun hesab etməliyik. Onu zədələyəcək bir şeylər varsa, qarşısını almalıyıq. O cümlədən yeni kadrların hazırlanmasına dair dövlət başçısı və QMİ sədrindən istəyimiz olub. Həmin kadrların daha çox Türkiyənin dini mərkəzlərində hazırlanmasına önəm vermişik. Çünki bu, bölgəyə də uyğundur”.

Z.Məmmədli hesab edir ki, Borçalıdakı radikalizmdə vəhhabilik və Səudiyyə Ərəbistanın gördüyü işlərin bir elementi var: "Əlbəttə, İranın apardığı oyunlar Azərbaycanın milli maraqlarına uyğun deyil. Bunlar təhdidedici işlərdir. Biz məzhəb bölücülüyünə yol verənlərin qarşısını almalıyıq. Tehranın siyasi, ideoloji xəttində islam və siyasi şiəlik mühüm yer tutur. Eyni zamanda 35 milyon insanın milli mənsubiyyətinə görə, hüquqlarından məhrum edilməsi, İranın islam dəyərlərinə sədaqətli olmadığını aydınca ortaya qoyur. İranın aktivləşməsi və xüsusilə Qum şəhərində hazırlanan kadrların Borçalıya qayıtması təhdidedici faktdır”.

Ayyət Əhməd