Yunusların ermənilərlə işbirliyini şahidlər də təsdiqlədi

Əkbər Həsənov: “Arif Yunusun oranın mühüm diplomatlarından sayılan David Şahnazaryanla sıx əlaqədə olduğunu gördüm”



Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmədə şahidlərin ifadələri Yunusların ermənilərlə işbirliyini təsdiq edir. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

İlk öncə şahid olaraq jurnalist Anna Bartkulaşvili ifadəsini verib. O, qeyd edib ki, Tiflisdə konfransda olarkən Ermənistandan olan Laura Baqrasyan adlı jurnalist ona yaxınlaşaraq L.Yunusla jurnalist kimi əməkdaşlıq etməyi təklif edib: "O, Leyla Yunusun əlaqə nömrələrini verdi. Azərbaycana qayıtdıqdan sonra Leyla Yunus mənə zəng etdi ki, gəl, əməkdaşlıq edək. Mənim işim müsahibələr təşkil etməkdən ibarət idi. Buna görə mənə ayda 150-170 manat pul verirdi. Bəzən xaricdə olduğuna görə pulun verilməsi gecikirdi. Mənim VÖEN-im yox idi. Aldığım əməkhaqqını Leyla Yunusun verdiyi qəbzə qol çəkərək qəbul edirdim. Bir dəfə Leyla Yunus mənim üstümə qışqırdı və işimdən razı olmadığını bildirdi. Sonradan bizim əməkdaşlığımız dayandı”.

Bundan sonra şahid qismində müstəqil jurnalist kimi fəaliyyət göstərən Əkbər Həsənov ifadə verib. O, ifadəsində 19 ildən artıqdır jurnalist fəaliyyəti göstərdiyini bildirib: "Təqsirləndirilən şəxsləri tanıyıram. Jurnalist fəaliyyətimdə dəfələrlə onlardan müsahibə almışam. 2006-cı ildə Arif Yunus mənə zəng edib bildirdi ki, Ermənistanda tədbir var, ora getmək istəyirsənmi? Mən

də onunla razılaşdım. Ermənistanı görmək istəyirdim. Sonra bizim adımıza rəsmi dəvətnamə gəldi. Nümayəndə heyətinin tərkibində Rauf Mirqədirov, mən, Arif Yunus, Azad İsazadə və s. iştirak edirdi. Səfərdə dəyirmi masalar keçirildi. Tədbirlər zamanı Arif Yunusun oranın mühüm diplomatlarından sayılan David Şahnazaryanla sıx əlaqədə olduğunu və tez-tez pıçıldayaraq bir-biriləri ilə əlaqə saxladığını gördüm. Mənə elə gəlirdi ki, elə məhz bu tədbiri David Şahnazaryan təşkil edib. Azərbaycan nümayəndə heyətinin də kordinatorluğunu Arif Yunus edirdi. Bizim bütün xərclərimizi ödəyirdi. Hətta mağazadan aldığımız şəxsi istəklərimizi də. Onların bu münasibətindən hələ o vaxt şübhələnmişdim. Sonrakı il yenidən biz ora getdik. Tədbirlər barəsində day.az saytında məlumatlar vermişəm”.

Əkbər Həsənov ifadə verən zaman müttəhimlər kürsüsündən, Leyla Yunus onu təhqir edib. Arif Yunus isə şahidin ifadəsinə münasibət bildirərək deyib ki, onun danışdıqlarının çoxu cəfəngiyyatdır: "Çünki bizim səfər xərclərimizin hamısını Almaniyada fəaliyyət göstərən Ever təşkilatı qarşılayıb. Mən kordinator olmuşam”.

Əkbər Həsənovdan sonra ifadə vermək üçün hazırda Milli Təhlükəsizlik Nazirliyində saxlanılan jurnalist Rauf Mirqədirov gəlib. O da ifadəsində həm Arif Yunusu, həm də Leyla Yunusu yaxından tanıdığını bildirib: "Leyla xanımı Xalq Cəbhəsinin dövründən tanıyıram. Ariflə isə daha sonralar insan hüquqları ilə bağlı çalışdığım lahiyələr zamanı tanış olmuşuq. Biz dəfələrlə Arif Yunusla Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif konfranslarda iştirak etmişik. 2 dəfə Ermənistana səfərimiz olub. Mənə rəsmi qaydada təşkilatçılar tərəfindən dəvətnamə göndərilib. Hər ikisində də Azərbaycan nümayəndə heyətinin kordinatoru Arif bəy olub. Ona qarşı heç bir şikayətim, tələbim yoxdur. Hər iki konfransda iştirakıma görə 150 dollar qonarar almışam. Bundan başqa, Leyla Yunusun "Şəbəkə” adlı lahiyələrində iştirak etmişəm və bunun müqabilində qonarar almışam. Ən son lahiyəmiz də Suriya münaqişəsi ilə bağlı olub. Ermənistan səfərində də Leyla Yunusun heç bir xidməti, əlaqəsi olmayıb. Biz Ariflə Ermənistana səfərə getməmişdən qabaq hər zaman məsləhətləşirdik. Çünki orada bizə qarşı təxribat və təhlükələr ola bilərdi. Bir dəfə Yerevanda İran səfirliyi tərəfindən mənə qarşı təxribat olub. Bu barədə danışmaq istəmirəm. Mənim heç bir cinayət əməlim olmayıb. Mən sadəcə lahiyələrdə iştirak edib, göstərdiyim xidmət daxilində qonorar almışam”.

Məhkəmədə "Unibank”ın İdarə Heyətinin sədri Arif Hüseynov da ifadə verib. O, ifadəsində Arif və Leyla Yunusların həm şəxsi, həm də təşkilatlarının bank hesabının olduğunu vurğulayıb: "Onların bank hesablarında heç bir qanunsuz köçürmə və yaxud başqa bir şey biz tərəfindən aşkarlanmayıb. Müştərilərimiz olublar, sadəcə onu deyə bilərəm”.

Daha sonra Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib: "Leyla və Arif Yunuslarla münasibətlərim normal olub. Mən əsasən sosial-iqtisadi sahədə hüquq müdafiəçisi olduğum üçün onların layihələrində iştirak etməmişəm. Leyla xanımın lahiyələri ilə bağlı yalnız internetdən məlumat almışam”.

Bundan sonra isə hazırda Avropada mühacirətdə olan hüquq müdafiəçisi Mətanət Əzizovanın istintaqa ifadəsi elan olunub. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Leyla Yunus məhkəmədə Mətanət Əzizovanın Çexiyadan siyasi sığınacaq almasına şəxsən özünün kömək etdiyini xatırladıb.

Məhkəmə zamanı Arif Yunus bir neçə dəfə həkim müayinəsindən keçirilib.

Məhkəmə prosesi bu gün davam etdiriləcək. Bu gün sənədlərin tədqiqi mərhələsi başlayacaq.

Xatırladaq ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2 (vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham elan edilib.

Onu da qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.