Gələcəyin jurnalistini seçə bilməyəcəyik, yerlər boş qalacaq

“Nəyə görə onların qarşısına “orfoqrafik sədd” çəkilməlidir?!”
“Jurnalistika ixtisasına qabiliyyət imtahanlarında meyarlar düzgün təyin edilməyib”



Jurnalistika ixtisasına qabiliyyət imtahanlarının nəticələri heyrət doğurur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatında bildirilir ki, qabiliyyət imtahanında iştirak etmək hüququ qazanmış 341 nəfərdən 178-i imtahana gəlməyib. İmtahanda iştirak etmiş 163 abituriyentdənsə cəmi 57 nəfəri məqbul qiymət alıb.

Qiymətləndirmədə ekspert qismində iştirak etmiş "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bu nəticəni doğuran səbəblərdən danışıb.

Baş redaktor bildirib ki, jurnalistika ixtisasına qabiliyyət imtahanlarında meyarlar düzgün təyin edilməyib. Hazırkı meyarlarla gələcəyin jurnalistlərini seçmək faktiki, mümkün deyil:

- Bu meyarlar hansılardır; mövzunun əhatə olunması, faktlardan, sitatlardan istifadə... Və orfoqrafik səhvlərin 5-dən az olması. Deməli, orfoqrafik səhvlərə görə abituriyentə "0” bal verilir və beləcə, onun jurnalist olmaq arzusunun üzərindən xətt çəkilir. Jurnalistikada əsas meyar yazı müəllifinin fikrini düzgün ifadə etməsi bacarığıdır. Burada fərdilik varmı? Fərqlilik özünü büruzə verirmi? Müəllif özünü ifadə edə bilibmi? Mövzunun aktuallığını çatdıra bilibmi? Mövzuya yaradıcı yanaşma varmı? Jurnalistikada bu meyarlara üstünlük verilir. Amma biz orta məktəb məzunundan bu meyarlara dolğun cavab verməsini də tələb etməməliyik. Bir halda ki, qabiliyyət imtahanında iştirak etmək hüququ əldə etmiş 341 nəfərdən 163-ü imtahana gəlib, deməli, bunlar jurnalist olmaq istəyənlərdir. Nəyə görə onların qarşısına "orfoqrafik sədd” çəkilməlidir?! Narahat edən bir məsələ də, abituriyentlərə esse yazmaq üçün təkcə bir vərəq verilməsidir. Qaralamasız yazılmış yazıda istənilən qədər səhv tapmaq olar.

A.Aşırlı qabiliyyət imtahanında iştirak edənlərin qiymətləndirilməsinə ekspertlərin cəlbindən də narazılığını qeyd etdi:

- Orada bir-iki nəfər Mətbuat Şurasının üzvü, bir-iki nəfər də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi idi. Digərləri orta məktəblərin dil və ədəbiyyat müəllimləridir. Onlar abituriyentin məqalə yazmaq qabiliyyətini müəyyənləşdirə bilməz. Ədəbiyyat müəllimi jurnalistika sahəsini bilmir. Yəqin ki, cümlə quruluşuna, qrammatik normalara fikir verirlər. Qəzetçilikdə, mətbuatda korrektura anlayışı var. Jurnalist orfoqrafik səhvə yol verə də bilər. O səhvi düzəltmək korrektorun vəzifəsidir. Çünki jurnalistika yaradıcı işdir. Yaradıcı şəxs bəzən öz işinə o qədər aludə olur ki, hərf səhvi buraxdığını, cümlədə mübtəda ilə xəbərin yerini səhv saldığının heç fərqinə də varmır.

A.Aşırlı bu fikirdədir ki, jurnalistika sahəsində ixtisaslı, güclü kadrların yetişməsini istəyiriksə, qabiliyyət imtahanı meyarlarının dəyişməsi mütləqdir:

- Məleykə xanım uzun illərdir TQDK sədri kimi peşəkarlığını sübut edib. Amma qabiliyyət imtahanları ilə bağlı bunu deyə bilmərik. Bu imtahanlar düzgün təşkil edilmir. Bəlkə, qabiliyyət imtahanı keçirmək əlavə vəsait tələb edir, ona görə və TQDK sədri əlavə xərc çəkilməsini istəmir? Amma bu meyarlarla biz jurnalistika ixtisasına düzgün seçim apara bilməyəcəyik. Bu ixtisasa da indi olduğu kimi yerlər boş qalacaq.

Onu da qeyd edək ki, TQDK-nın məlum açıqlaması sosial şəbəkələrdə də geniş müzakirələrə rəvac verib.

Jurnalist Natiq Məmmədli fikirlərini belə bildirib:

- Ölkənin 4 universitetində "Jurnalistika” ixtisasına ayrılan 198 yerə qarşı cəmi 57 abituriyent qabiliyyət imtahanından keçə bilib. Amma bu da qəti nəticə deyil, çünki həmin uşaqların ixtisas seçimində digər ixtisasları seçmə ehtimalları da var. Deyirlər bəlkə qabiliyyət imtahanı ləğv edilsin. Niyə axı? Əgər "hüquq” və "beynəlxalq hüquq” kimi ixtisaslara da qabiliyyət imtahanı tətbiq edilsə, "jurnalistika”nın nəticələri kimi olarmı? İnanmıram. Axı sovet vaxtı da "jurnalistika”da qabiliyyət imtahanı var idi və plan yerləri də artıqlaması ilə dolurdu, müsabiqə də kifayət qədər gərgin keçirdi. Fikrimcə, səbəblər başqadı: birincisi, "Ana dili”ndən 70 faizi "2”-”3” alan uşaqların yazdığı inşa nə olacaq? İkincisi, söhbət bir ixtisas kimi jurnalistikanın "prestij”indən gedir. Cəmiyyətin münasibəti göz qabağındadı - qabiliyyət imtahanı tətbiq edilmiş nə keçən il, nə də bu il 4 universitetin heç birində plan yerləri dolmayıb.

Bu, hardasa jurnalistika ilə məşğul olmanın hansısa formada lisenziyalaşdırılması anlamına da gələ bilər. Amma mən diqqəti nəticəyə yönəldirəm. Qabiliyyət imtahanı olmasa, 198 plan yerinin hamısı dolsa, məgər bu, keyfiyyət dəyişikliyi ola bilərmi? Hələ həmin ali məktəblərdə Boloniya sisteminin necə "kreativ” tətbiqini kənara qoyuram. Nəticə odur ki, hətta sovet dövrü ilə müqayisə aparıldıqda belə peşəyə marağın əsaslı dərəcədə azalmasını görürük.

N.Məmmədlinin fikirlərinə hüquqşünas Ələsgər Məmmədli reaksiya verib:

- Jurnalistika fakültələrinə qabiliyyət imtahanının keçirilməsi doğru yanaşma deyil. Gənc universitetə öyrənməyə gəlir. Əgər yazmağı bilsə, birbaşa yazar, daha universitet nəyinə lazımdır? Əslində həyatı boyu iynə vurmağı bilməyən birinin tibb fakültəsinə qəbulu mümkün ikən, jurnalist kimi yazmağı bilməyənin də qəbulu mümkün olmalıdır. Universitet məhz onun yazmağı, həm də necə yazmağı öyrənəcəyi yer olmalıdır. Hüquqi baxımdan da bu tətbiq ayrıseçkilikdir.

Məlahət Rzayeva