Sürücülərin əsəbiləşməyi doğru deyil

Kondisionersiz maşınlarla yola çıxmaq həqiqətən də təhlükəlidir
“Son günlər ölkə yollarındakı ağır qəzaların kəskin istilərlə birbaşa əlaqəsi var”




Respublika Baş Dövlət Yol Polisi İdarəsinin havaların kəskin isti keçməsilə əlaqədar xəbərdarlığını bəzi sürücülər əsəbi qarşılayır. Xatırladaq ki, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, sürücülərə soyuducu sistemi (kondisioneri) olmayan avtomobillərdən günün isti vaxtlarında mümkün qədər istifadə etməmək tövsiyə olunur.

İdarə rəsmisinin sözlərinə görə, kondisionersiz avtomobillərlə yay aylarında törədilən yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verir: "Günorta vaxtlarında qeydə alınan yol nəqliyyat hadisələri məhz günün qızmar vaxtlarına təsadüf edir. İsti hava, eləcə də havada olan müxtəlif qazlar sürücüyə həm psixoloji, həm də fizioloji təsir edir. Son günlərdə hava temperaturunun ölkə boyu yüksək olmasını nəzərə alaraq nisbətən uzaq məsafədə yola çıxan sürücülərdən kondisioneri olmayan avtomobillərdən saat 12:00-dan 18:00-dək mümkün qədər az istifadə etmələri və soyuducu sistemlə təchiz olunmuş ictimai nəqliyyat vasitələrinə üstünlük vermələri xahiş olunur”. Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından da isti havada avtomobil idarə etməmək tövsiyə edilib. Belə ki, isti havada insanlarda qan qatılaşması zamanı tromb yaranır. Bu da insanda infarkt, insult və digər xəstəliklərə yol açır və sürücünün idarəetmə qabiliyyətini itirməsinə səbəb olur. İstidən insanın görməsi də pisləşir.

Amma bu xəbərdarlıqlardan yersiz əsəbiləşən və "maşında kondisionerimiz yoxdu deyə, yola çıxmayaq?! İşimizin ardınca getməyək?!” deyən sürücülər də var. Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovsa məlum xəbərdarlıqların məhz sürücülərin xeyrinə, onların can güvənliyinə hesablandığını dedi və sürücülərdən anlayışlı olmalarını xahiş etdi:

- Sürücü dostlarımıza demək istəyirəm ki, belə hərarətdə doğrudan da, diqqətli olmalıdırlar. İsti havada normal işləyən kondisioneri olmayan avtomobillə yola çıxmaq əsl təhlükədir. Pəncərəni açıq qoyub sürmək də sizi aldatmasın. Belə qızmar havada ən çox qızan yol örtüyüdür, ona görə də açıq pəncərədən içəri yalnız isti və quru hava daxil olur. Nəticədə insan orqanizmi rütubəti (suyu) daha çox və sürətlə itirir, həm də qızmar hava axını bədən temperaturunu saxlamağı xeyli çətinləşdirir. Qısa müddətə yorğunluq əmələ gəlir, reaksiyalar zəifləyir. Bu isə faciəli qəzalara səbəb ola bilər. Ona görə də kondisionersiz avtomobillə günün isti vaxtı (11:00-19:00 aralığı) yarım saatdan artıq davam edən səyahət təhlükəli ola bilər. Deməliyəm ki, son günlər ölkə yollarındakı ağır qəzaların kəskin istilərlə birbaşa əlaqəsi var. Qızmar yay günlərində yollarda hərəkəti təhlükəli edən daha bir səbəb ilişmənin pisləşməsidir. Bunun nəticəsində tormozlanma çətinləşir, yəni tormoz məsafəsi artır. Məlumdur ki, asfalt və ya asfalt-beton yol belə havada 70-80 (bəzən daha çox) dərəcə selsi qıza bilər. Bu səbəbdən asfaltın tərkibindəki bitum cüzi də olsa üzə çıxmaqla sürüşkən təbəqə yarada bilər. Bu isə ilişmənin əhəmiyyətli dərəcədə pisləşməsi deməkdir. Belə qızmar havada təkərlərin özləri də daha çox qızır. Düzdür, sanballı istehsalçılar bunu nəzərə alırlar, amma yenə də təkərin özünün qızması da ilişməni pisləşdirir. Ona görə də qızmar havada, xüsusən bitumu görünən, yaxud təzə çəkilmiş (qap-qara rəngdə olan) yollarda ehtiyatlı olmaq, ara məsafəsini daha artıq saxlamaq, həmçinin yüksək sürətdən və sərt manevrlərdən çəkinmək lazımdır.

Məlahət Rzayeva