Əmək müfəttişliyi hara baxır?

Bakıda 42 dərəcə temperaturun altında işləyən fəhlələr var







Havaların kəskin isti keçməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də, Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə xəbərdarlıq etdi.

Bildirildi ki, Əmək Məcəlləsinə əsasən, havanın temperaturu +41 dərəcədən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən edilməli, işçilərə verilmiş bütün fasilələr iş vaxtına daxil edilməklə, aylıq tarif maaşına hesablanmalıdır.

Bütün işəgötürənlərdən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi tələb edilir.

Qanunvericiliyin tələbinə əməl olunmamasına görə işəgötürənlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb ediləcəklər.

Amma görünən budur ki, nə qızmar hava şəraiti, nə də əlaqədar qurumların xəbərdarlığı paytaxtdakı bəzi şirkətlərə təsir etməyib. Temperaturun 42 dərəcəni aşdığı bu günlərdə paytaxtda açıq hava altında, həm də günün ən qızmar saatlarında işləyənlər var. Analoji halı dünən Hüseyn Cavid prospektində müşahidə etdik. Prospektdə "Evrostroy” adlı mənzil tikinti kooperativinin rəhbərlik etdiyi inşaatda qızmar havada qızğın iş gedirdi. Həm də saat 13:00 radələrində. Bu hal "Şərq”çilərin gözündən yayınmadı. Əmək Müfəttişliyinin necə, onu görəcəyik.

Məlahət