“İndiyə qədər getdiyimiz yolu davam etdirəcəyik”

Mirmahmud Mirəlioğlu: “Deyilənlərə qulaq asacaqsansa, işin getməyəcək. Fikir verməyəcəksənsə, işi hədəfə aparacaqsan”



Xəbər verdiyimiz kimi, bu günlərdə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) III qurultayı baş tutub. Qurultayda partiya sədrliyinə seçkilər keçirilib və Mirmahmud Mirəlioğlu yenidən sədr seçilib.

Səsverməyə qatılanlardan 220 nəfər onun lehinə, 2 nəfər əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb. Sonra M.Mirəlioğlu çıxış edib. O, çıxışında növbəti qurultayda partiya sədrliyinə namizədliyini irəli sürməyəcəyini bəyan edib: "Bu baxımdan bu qurultay həm də mənim sədr kimi vida qurultayımdı. Növbəti dəfə sədrliyə başqa adam namizəd olacaq. İstəyirəm ki, gənclər irəli çıxsın. Alternativ namizədlər olsun. Məni meydanda tək qoymayın”.

Partiyada bundan sonra görüləcək işlər barədə "Şərq”ə danışan M.Mirəlioğlu vurğulayıb ki, növbəti illərdə Azərbaycanın ictimai-siyasi həyatında yaşanan məsələlərə fərqli şəkildə yanaşmalar ortaya qoyacaqlar: "Bu baxışları fəaliyyətimizlə təsdiq edəcəyik. İndiyə qədər getdiyimiz yolu davam etdirəcəyik”.

Təşkilat daxilində diktatorial mühitin yaradılmasına dair iddiaları dəyərləndirən partiya sədri deyib ki, kimsə iş görmək istəyəndə, kənardan müdaxilələr olur: "Deyilənlərə qulaq asacaqsansa, işin getməyəcək. Fikir verməyəcəksənsə, işi hədəfə aparacaqsan. Sonra hamı gülümsəyəcək və bununla da hər şey bitəcək. Biz diktatura görməmişik. Azərbaycanda diktatura yoxdur. Bu söz-söhbətləri boş vermək lazımdır. Vəssalam”.

Ayyət Əhməd