“Vacib olan Türkiyənin eyni anda PKK və İŞİD cəbhəsində döyüşməsidir”

Fərhad Mehdiyev: “Ərdoğan PKK-ya savaş elan etməklə təkrar seçkilərdə kürd seçicilərinin səsini almaq istəyir”



Türkiyənin İŞİD və PKK terrorçularına qarşı əməliyyatları davam edir. 10 gündən artıqdır ki, Ankara həm ölkə daxilində, həm də sərhədlərdən kənarda hər iki terror təşkilatına qarşı əməliyyatlar keçirir. Ölkə daxilində terror təşkilatı üzvləri həbs olunur, eləcə də Suriya və İraq ərazilərində PKK və İŞİD mövqeləri havadan bombalanır.

Qeyd edək ki, ABŞ ilk başlarda Türkiyənin terrorçulara qarşı mübarizəsini dəstəkləsə də, sonradan Ankaradan İŞİD və PKK terror təşkilatlarına qarşı başladığı hərbi əməliyyatın miqyasının azaldılmasını istəyib.

Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev isə hesab edir ki, indiki mərhələdə Türkiyə üçün əsas məsələ bu çağırışlardan nəticə çıxararaq PKK-ya qarşı hücumların miqyasını azaldıb-çoxaltmasında deyil.

Onun sözlərinə görə, burada vacib olan Türkiyənin eyni anda PKK və İŞİD cəbhəsində döyüşməsidir. Sual doğuran məqam isə proseslərin zamanlamasıdır. Nəyə görə Ərdoğan məhz indi hücumlara başladı? Hesab edirəm ki, Ərdoğan PKK-ya savaş elan etməklə təkrar seçkilərdə kürd seçicilərinin səsini almaq istəyir. Yəni ki, Türkiyədə son baş verən hadisələr, xüsusilə kürd partiyası HDP-yə qarşı həmlələr keçirilmə ehtimalı yüksək olan təkrar seçkilərə hesablanıb: "Türkiyə Böyük Millət Məclisində HDP-nin 80 yeri var və AKP bunlardan yarısını ala bilsə, yenidən təkbaşına iqtidarını qura bilər. AKP-nin əsas məqsədi təkbaşına hökumət qurmaq üçün, xüsusilə də dindar kürdlərin səsini geri qaytarmaqdır. Diqqət etsəniz, Ərdoğanın hücumları yalnız PKK-ya qarşı ünvanlanmayıb. AKP liderləri təkrar seçkinin keçiriləcəyi halda HDP-nin səslərini əlindən ala bilməyəcəklərini düşündüklərinə görə, indi də HDP-ni qanunsuz bir təşkilat kimi göstərməyə cəhd edirlər. Halbuki HDP kürd mübarizəsinin sivil şəklidir və buna inanan kürdlər silahlı mübarizəni sona çatdırıb sivil yolla muxtariyyət əldə etməyə çalışırlar. HDP-ni qanunsuz qurum elan etmək kürdləri yenidən silahlı mübarizəyə sövq edəcək. Maraqlıdır, AKP bunu bilmir? Əlbəttə ki, bilir. Onların umacağı HDP-nin olmadığı bir seçkidə müsəlman kürdlərin təkrar AKP-yə səs verməsidir. Lakin HDP qadağan edilsə də, kürdlər əvvəlki kimi müstəqil namizəd olaraq seçiləcəklər. Nəzərə alaq ki, kürd məsələsinin həllinə yönələn PKK ilə həll prosesini başladan da Ərdoğanın özüdür, eyni zamanda, HDP liderlərini Öcalan və PKK ilə vasitəçi kimi qəbul edən də məhz AKP-dir. Bu səbəblə bugünkü gedişat ittihamların legitimliyini sual altına qoyur. Necə olursa olsun, son seçkilərdə AKP-dən qopub HDP-yə səs verən Şərqi Anadolu xalqının təkrar hakim partiyaya səs vermə ehtimalı olduqca azdır. Ölkədə baş verən çaxnaşmaların, İŞİD terrorunun bir nömrəli səbəbkarı kimi görülən elə AKP siyasətidir. Bu səbəblə HDP-ni ləğv etmə, qanunsuz elan etmə taktikasının öz nəticəsini verəcəyini gözləmək sadəlövhlük olardı”.

Son hadisələrdə "Çözüm sürəci”nin artıq geridə qaldığını vurğulayan politoloq deyib ki, bu sürəc seçkilər zamanı AKP-yə uğur gətirmədi. Ərdoğan da bunun fərqinə vardığı üçün "çözüm sürəci”ni tərsinə çevirdi.

Bu prosesdən sonra təkrar seçkilər zamanı millətçilərin AKP-ni dəstəkləməsinə gəldikdə isə F.Mehdiyev deyib ki, bu məsələ də Ərdoğanın planları arasındadır. Amma politoloq belə bir ehtimalı real hesab etmir: "MHP seçkilərdə 17 faiz səs yığıb, bu da standart bir rəqəmdir. Millətçilərin səs faizi heç vaxt 13 faizdən az olmayıb. Onlar hər zaman seçkilərdən 15-17 faiz səslə çıxır. Həm də ki, MHP-ni dəstəkləyənlər ona sadiq qalan kəsim olduğu üçün Ərdoğanın təkrar seçkilərdə MHP-dən səs qopartması inandırıcı deyil. Əslində, MHP başqanı Dövlət Baxçalı PKK amilindən istifadə etməklə təkrar seçkilər zamanı AKP-dən səs qopartmaq istəyirdi. Amma son əməliyyatlarla Ərdoğan bunun qarşısını almış oldu”.

Koalisiya danışıqlarının bu gün son günü olduğunu vurğulayan F.Mehdiyev deyib ki, əvvəldən koalisiya danışıqları imitasiya idi. Bu gün də danışıqların son günü olduğunu nəzərə alsaq, deməli, Türkiyədə hər hansı koalisiyadan söhbət gedə bilməz.

Türkiyənin PKK ilə eyni anda İŞİD cəbhəsində döyüşməsinə gəldikdə isə politoloq deyib ki, bu da Ərdoğanın planlarının tərkib hissəsidir: "Ərdoğan hakimiyyəti İŞİD-ə silah yardımı və lojistik dəstək verməkdə ittiham olunurdu. Türkiyənin əvvəldən həqiqətən də İŞİD-ə dəstək olub-olmadığını deyə bilmərəm, amma anti-Əsəd koalisiyasında İŞİD-ə dəstək verirdi. Proseslərin radikallaşdığını görən AKP hökuməti də geri çəkilərək İŞİD-ə dəstək vermədiyini bəyan etdi. Beynəlxalq gücləri buna inandırmaq üçün də mesaj xarakterli bir addım atmalı idi. Odur ki, PKK-ya qarşı hücumlar zamanı fürsətdən istifadə edərək həm də İŞİD düşərgələrini bombalayaraq İŞİD-lə heç bir bağlılığı olmadığını göstərməyə çalışdı”.

Şəymən