Media cəbhə xəbərlərinə ehtiyatlı yanaşmalıdır

Baş yazarlar informasiya müharibəsinin vacib faktorlarını sadalayıblar



Son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində intensiv döyüşlərin getdiyinə dair xəbərlər yayılmaqdadır. Cəmiyyətin cəbhədə baş verənlərə marağının böyük olması təbiidir. Medianın da buna adekvat fəaliyyət göstərmək istəyi qəbulediləndir. Ancaq cəmiyyətin cəbhə xəbərlərinə həssaslığını nəzərə alsaq, mövzuya tam peşəkar şəkildə yanaşılması mütləqdir.

Ötən ilin iyul-avqust aylarında cəbhədəki son gərginlik zamanı bir sıra media, o cümlədən internet resursları hərbi texnikamızın hərəkət trayektoriyası, tankların sayı, nömrələri, bir sözlə, hərbi sirr sayılan, dövlətin milli maraqlarına uyğun olmayan materialları yayımladılar. Amma həmin vaxt təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə də internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirdi. Buna rəğmən ötən ilin iyul-avqust ayında olduğu kimi, bu ay da bir çox mətbuat orqanları Gədəbəy cəbhə bölgəsində baş verən məlum hadisədən sonra ermənilərin xeyrinə dezinformasiyaları yaydılar. Erməni KİV-ləri onların yazdıqlarına istinad edərək Azərbaycan əleyhinə bol-bol materiallar verdilər.

Baş redaktorlar isə belə hesab edirlər ki, jurnalistlər dövlət maraqlarına diqqətlə yanaşmalı və həssas məqamlarda peşəkar davranmalıdırlar.

"Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, ötən il avqust ayında cəbhədə baş verən hadisələr zamanı bəzi internet resurslarının davranışları bu müddət ərzində xeyli dərəcədə islah olunsa da, hələ də belə hallara rast gəlirik. Bu günlərdə Gədəbəydə baş verən gərginliklə bağlı bəzi internet resurslarının yoxlanmamış məlumatları yayması faktlarına rast gəlindi. Bəzi hallarda, bu, Azərbaycanın milli-dövlət maraqlarının əleyhinə də işləyir”.

A.Quliyev hesab edir ki, bəzi saytlarda yoxlanmamış məlumatların getməsi peşəkarlıqdan daha çox dövlət maraqlarının düzgün dərk edilməməsindən irəli gəlir: "Məsələn, yoxlanmamış bəzi məlumatların internet səhifələrinə çıxarılması faktları ilə biz hələ də rastlaşırıq. Bu da peşəkarlıqla bağlı deyil, sadəcə olaraq bizim bəzi jurnalistlərin dövlət mənafelərinə lazımi qədər qiymət verməməsi ilə bağlıdır. Hesab edirəm ki, hər bir jurnalist öz peşəsindən əvvəl milli və dövlət maraqlarını düşünməlidir. Jurnalist Azərbaycan Respublikasının vətəndaşıdır və xalqın marağından çıxış etməlidir. Mən bütün jurnalistləri belə həssas məqamlarda diqqətli olmağa çağırıram ki, bizim verdiyimiz informasiyalar hansısa dövlətin marağına xidmət etməsin və bizim informasiyalardan istifadə edib bizim dövlətin əleyhinə kampaniya aparmasınlar. Eyni zamanda, jurnalist hərbi sirri satmamalıdır. Hərbi sirri qorumaq hər bir vətəndaşın, vətəndaş kimi də jurnalistin borcudur”.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlununun qənaətincə, müasir dövrdə ön cəbhə anlayışı informasiya cəbhəsi ilə tamamlanır: "Yəni bu gün informasiya yumşaq güc kimi o qədər əhəmiyyətlidir ki, onu hərbi-siyasi gücə alternativ kimi görmək olar. Bəlkə bir qədər mübaliğəli oldu. Amma həmkarlarımızın öz məsuliyyətlərini daha dərindən dərk etmələri üçün olduqca lazımlı fikirdir. Doğrudan da Gədəbəy rayonunda baş verən hadisələr zamanı yenə də dezinformasiya obyektiv informasiyanı qabaqladı. Halbuki, ötən ilin avqust ayında təmas xəttində baş verən hadisələrdən sonra həyata keçirilən tədbirlər bizdə belə bir ümid yaratmışdı ki, Azərbaycan mediası bundan sonra oxşar hallarda daha diqqətli, dürüst və daha təmkinli olacaq. Amma təəssüflər olsun ki, bəzi internet resursları eyni səhvi təkrar etdilər. Belə olduqda maraqlı bir sual yaranır. Bunu doğrudanmı biz edirik, yoxsa kimsə şüurlu şəkildə bizim informasiya məkanımıza manipulyativ informasiyalar ötürür. Məncə, hər ikisi mümkündür”.

Erməni işğalçılarının Gədəbəyə hücumundan dərhal sonra 40 əsgərimizin mühasirəyə düşdüyü ilə bağlı informasiya yayıldığını vurğulayan H.Babaoğlu düşünür ki, bu informasiya ermənilər tərəfindən bizim informasiya məkanımıza məqsədyönlü şəkildə oturulmuş informasiya idi: "Nə üçün ötürüldüyü isə aydındır. Amma necə ötürüldüyünü bilmirik. Məncə, belə faktlar müvafiq qurumlar tərəfindən ciddi şəkildə araşdırılmalı və ölçü götürülməlidir. Yaxşı ki, Müdafiə Nazirliyinin müvafiq xidməti operativ olaraq həmin informasiyanı təkzib etdi və bu informasiya dövriyyədən çıxdı. Ona görə də media nümayəndələri olduqca həssas və məsuliyyətli olmalıdırlar. Bu, hər birimizin vətəndaşlıq və peşəkar borcumuzdur”.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də hesab edir ki, eyni hadisənin yenidən təkrarlanması xarici kəşfiyyat orqanlarının proseslərdə birbaşa və dolayı inkişafının göstəricisidir: "Azərbaycanın hüdudlarından kənarda açılan anadilli saytların təxribatları nəticəsində bu cür dezinformasiyalar geniş yayılır. Eyni zamanda, Ermənistanın xüsusi xidmət orqanları ilə bağlılığı olan saytların apardığı təxribatlardır.

Digər faktor isə yeni mediada qeyri-peşəkarların sayının həddindən artıq çox olması ilə bağlıdır. Həmçinin sosial şəbəkələrdə baş verən özbaşınalığın qarşısının alınması üçün hüquqi mexanizmlərin olmaması ilə bağlıdır. Bu günə qədər Azərbaycanda fəaliyyət göstərən internet saytlarının hansı standartlara, hansı qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərməsinə aydınlıq gətirilməlidir. Onların Kütləvi İnformasiya Vasitələri hesab olunub-olunmadığı müəyyənləşdirilməlidir. Virtual aləmdəki tənzimləmələrlə bağlı çox ciddi problemlər yarandığı halda müvafiq dövlət qurumlarının bu prosesə hüquqi müdaxiləsi qeyri-mümkündür. Əks təqdirdə, bunun bəzi beynəlxalq təşkilatlar tərəfindən söz azadlığına müdaxilə kimi qiymətləndirilməsi halı ilə üzləşirik. Odur ki, bu cür məsələlərlə bağlı medianın özü bir qədər aktiv olmalıdır”.

Baş redaktor hesab edir ki, hüquqi mexanizmlərin tətbiqinin reallaşması da müəyyən mənada bu cür təxribatları önləyə bilər. Bunun üçün də qardaş Türkiyə təcrübəsindən yararlanmaq olar. Türkiyə və bir çox dünya ölkələrində "facebook” və ya "tvitter” kimi sosial şəbəkələrin istifadəçiləri öz fəaliyyətini leqallaşdırmalıdır. Həmçinin ölkədən kənarda yayılan internet portalları ilə bağlı hüquqi addımların atılması üçün çoxtərəfli və ya ikitərəfli müqavilələrin bağlanılmasına ehtiyac var ki, həmin saytların dövlət və ya milli maraqlara zidd fəaliyyəti zamanı bağlanması mümkün olsun.

İnformasiya təhlükəsizliyinin qlobal bir problem olduğunu vurğulayan E.Mirzəbəyli deyib ki, məsələnin kompleks həllinə ehtiyac var: "İndiki şəraitdə yalnız ictimai qınaq və tövsiyə xarakterli məsləhətlərlə problemin qarşısını almaq mümkün deyil. Erməni fitnəsinin güdazına gedən saytlarla şərt bağlanılmalı və inzibati məcəlləyə uyğun olaraq həmin sayt rəhbərliyi böyük məbləğdə cərimə edilməlidir. Bunun üçün də ilk növbədə qanunvericilik bazasına müəyyən dəyişiklik edilməlidir. Eyni zamanda, "domen” adlarının verilməsi zamanı müəyyən şərtlər irəli sürülməlidir. Qeydiyyat zamanı konkret şəxs yaratdığı informasiya portalından hansı məqsədlə istifadə edəcəyini xüsusi olaraq vurğulamalıdır.

Heç bir həqiqəti əks etdirməyən təxribat yönlü xəbərlərin insanlar tərəfindən daha inandırıcı olmasına gəldikdə isə media eksperti deyib ki, yalan hər zaman şirin olur: "Azərbaycanın hər bir vətəndaşı Qarabağın işğaldan azad olmağını arzuladığı üçün cəbhə xəttində baş verən atışmalarla bağlı yayılan bütün dezinformasiyalara inanır. Maraqlı qüvvələr də bunu bildiyi üçün insanların vətənpərvərlik hissləri ilə oynayırlar. Təxribat törətmək, reytinq qazanmaq xatirinə insanların

vətəndaşlıq hissləri ilə oynamaq isə çox ləyaqətsiz bir addımdır. Yalan hər zaman mübaliğəli olur və insanların diqqətini daha çox cəlb edir. Sözsüz ki, xarici qüvvələr qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün həmin saytlar üçün bu əsl fürsətdir. Bu baxımdan obyektiv xəbərlə yalan xəbərin arasındakı sərhəd çox mürəkkəbdir. Qızıl orta var, amma onu da hər oxucu müəyyənləşdirə bilmir”.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFN) sədri Azər Həsrət də qeyd edib ki, ötən il yaşanan xoşagəlməz hadisələrin bu il yenidən ortaya çıxmasına rəğmən İKT sahəsində ölkədə ciddi irəliləyişlərin olduğunu da qeyd edib: "Amma qanunvericiliyin təkmilləşdirilməsi, ümumilikdə müvafiq dövlət strukturlarının maddi-texniki bazasının yaxşılaşdırılması, ən yeni texnologiyaların alınıb Azərbaycana gətirilməsi və tətbiq edilməsi, bütövlükdə ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsində aparılan yüksək səviyyəli işlər onu deməyə əsas verir ki, bu sahədə ciddi irəliləyişlər var. Amma bizim ümumilikdə ictimai rəyimiz informasiya təhlükəsizliyi sahəsində yetərincə hazırlıqlı olmadığına görə cəbhə xəttində təmaslar zamanı arzuolunan şəkildə reaksiya verilmədi. Yəni insanlarımız müharibə getdiyinin çox da fərqinə varmadılar. Düşmənin faydasına ola biləcək informasiyaları rahat bir şəkildə tirajladılar”.

Davamı olacaq...

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb