Moskva SSRİ-yə uyğun qurum yaratmaq istəyir

Fikrət Sadıqov: “Şimal qonşumuzun buna nail olması mümkünsüzdür”



Qırğızıstan bu gündən Avrasiya İqtisadi İttifaqının (Aİİ) tamhüquqlu üzvü olub. Bu barədə AİK-in mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir. Məlumata görə, avqustun 6-sı Qırğızıstanın sözügedən təşkilata üzv olması barədə saziş qüvvəyə minir və bu ölkə Aİİ-nin beşinci tamhüquqlu üzvü olur.

Məlumat üçün bildirək ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ötən gün məlum sazişi təsdiqləyib. Qazaxıstan Qırğızıstanın bu birliyə qoşulmasını təsdiqləyən sonuncu ölkə olub. Buna qədər sənədi Ermənistan, Belarus və Rusiya Prezidenti təsdiqləyib. Ondan əvvəl Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Aİİ digər ölkələr üçün də açıq qurumdur. Qeyd edək ki, bu İttifaqın yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin ötən ilin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb. Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur. Şübhəsiz ki, Qırğızıstanın addımından sonra beynəlxalq siyasi aləmdə "SSRİ yenidən formalaşır” iddiaları dolaşmaqdadır. Maraqlıdır, görəsən, V.Putin öz sıralarına yeni daxil etdiyi bu ölkələrlə SSRİ-ni qura biləcəkmi?

Politoloq Fikrət Sadıqov "Şərq”ə açıqlamasında qeyd etdi ki, Rusiya yeni SSRİ-nin yaranmasında çox iddialıdır. Ekspertin sözlərinə görə, bu ölkənin bir çox siyasi qüvvələri bunu vaxtaşırı səsləndirirlər: "Həmin məqsəd Kremlin siyasətində hiss olunur. Lakin bu, Rusiyanın istəyindən asılı bir məsələ deyil. Ona görə də Moskva hədəfinə nail ola bilməyəcək. Vaxt keçib, postsovet məkanındakı dövlətlər artıq müstəqildirlər və öz siyasi prioritetləri formalaşıb. Başqa dövlətlərə münasibətləri kifayət qədər güclüdür. Bir çox beynəlxalq təşkilatların tamhüquqlu üzvüdürlər. Hesab edirəm ki, şimal qonşumuzun buna nail olması mümkünsüzdür”.

Bununla yanaşı, ekspert vurğulayıb ki, Moskva SSRİ-yə uyğun qurum yaratmaq istəyir: "Kreml bu təşkilat vasitəsilə öz taktiki məqsədlərini həyata keçirməyi planlaşdırır. Düzdü, Moskva istəklərini Ermənistan, Qırğızıstan və müəyyən mənada Qazaxıstanın əli ilə reallaşdırır. Amma həmin ittifaqda tam hökmranlıq etmək Moskva üçün çox çətin olacaq. Çünki Qazaxıstan kifayət qədər müstəqil siyasət aparır. Hətta Belarusiya da bir çox hallarda öz siyasi istiqamətlərini daha üstün tutur. Azərbaycan isə heç o təşkilatın üzvü deyil. Rusiyanın əsas oyuncaq aləti Ermənistandır”.

Ayyət Əhməd