Qrant vəsaitlərinin istiqamətini dəyişərək xaricdə özlərinə mülk alıblar

Dövlət ittihamçısı Leyla Yunusa 11, Arif Yunusa isə 9 il iş istədi



Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Sülh və Demokratiya İnstitutu” adlı qurumun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Əvvəlcə dövlət ittihamçısı Fərid Nağıyev təqsirləndirilən şəxslərə ittihamlar səsləndirib və bu ittihamların məhkəmə yolu ilə tam sübuta yetirildiyini qeyd edib.
Bundan sonra dövlət ittihamçısı məhkəmədən L.Yunusa 11 il, A.Yunusa isə 9 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
F.Nağıyev vurğulayıb ki, L.Yunus və A.Yunus fəaliyyətləri boyu dələduzluq, qanunsuz sahibkarlıqla məşğul olub və vergidən yayınıblar: "Onlar 896 min manat məbləğində qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyiblər. Qrantları banklarda nağdlaşdırarkən heç bir maliyyə uçotu aparmayıblar. Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşlarının birgə keçirdikləri yoxlamalar nəticəsində məlum olub ki, Leyla Yunus və Arif Yunus maliyyə uçotu qaydalarını kobud şəkildə pozublar. Bankdan nağdlaşdırdıqları vəsaiti heç bir mədaxil qəbzinə qeyd etməyiblər”.

Dövlət ittihamçısı əlavə edib ki, onlar bu qrant vəsaitlərini banklarda şəxsi depozit hesablarına qoyaraq faizlər hesabına şişirtdikdən sonra xaricdəki - Çexiya, Almaniya və Türkiyədə olan bank hesablarına qeyri-qanuni köçürüblər: "Onlar həmin qrant vəsaitləri hesabına Türkiyədə, Çexiyada mülklər, o cümlədən torpaq sahələri, yaşayış evləri alıblar. Bütün bunlar təsdiq edir ki, onlar qrant vəsaitlərinin istiqamətini qeyri-qanuni yolla dəyişərək xaricdə özlərinə mülk almağa yönəldiblər. Beləliklə, onlar qrant müqavilərini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməməklə külli miqdarda vergidən yayınıblar. O cümlədən, Leyla Yunus işçilərə əməkhaqqı verərkən onlar üzrə heç bir vergi və sosial müdafiə xərcləri ödəməyib”.

F.Nağıyev bildirib ki, onlar, həmçinin bank köçürmələrini qeyri-qanuni yolla aparıblar: "Belə ki, Leyla Yunus qrant vəsaitlərini əvvəlcə öz adına olan hesaba, daha sonra isə Arif Yunusun xaricdəki bank hesabına köçürüb. Eyni zamanda, Arif Yunusun adına köçürülən pul daha sonra yenidən Leyla Yunusun xaricdə olan bank hesablarına köçürülüb. "AccessBank”da Leyla Yunusun adına 17, Arif Yunusun adına 14 bank hesabı, həmçinin "Unibank”da Leyla Yunusun adına 19, Arif Yunusun adına isə 4 bank hesabı olub. Leyla Yunus, həmçinin vəzifə səlahiyyətlərindən də sui-istifadə edib. Belə ki, o, Azərbaycan Qadınlar Cəmiyyətinin sədr müavini kimi çıxış edib və bu adla bir çox qeyri-qanuni bank əməliyyatları həyata keçirib. Halbuki onun Azərbaycan Qadınlar Cəmiyyətinin sədr müavini təyin edilməsi haqqında araşdırmalar zamanı heç bir sənədə rast gəlinməyib”.

Sonra dövlət ittihamçısı deyib ki, Leyla və Arif Yunuslara qarşı səsləndirilən bütün ittihamlar məhkəmə yolu ilə tam təsdiqini tapıb.

Dövlət ittihamçısı, həmçinin L.Yunus və A.Yunusun bütün mülkiyyətlərinə və bank hesablarına həbs qoyulmasını və bunların dəymiş zərərin ödənilməsinə yönəldilməsini istəyib. O, həbs müddəti bitdikdən sonra onların hər hansı bir vəzifədə çalışmalarına qadağa qoyulmasını və cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini istəyib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmə onlara avqustun 10-dək vaxt verib.

Məhkəmə prosesi avqustun 10-da davam etdiriləcək.

Xatırladaq ki, L.Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

Hər iki şəxs barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.