Bakı nəhayət, kondisionerli avtobuslar da gördü

“Baku Bus”un avtobuslarında nağd ödəniş olmayacaq
“Yeni marşrut xətlərində avtobusların hərəkətə başlaması avqustun sonu - sentyabrın əvvəlinə nəzərdə tutulub”


Paytaxt əhalisinin həsrətlə gözlədiyi kondisionerli avtobuslar nəhayət ki, xəttə buraxılacaq. Uzun illərdir ki, sürücülər də, sərnişinlər də "açıq qapı, yoxsa təhlükəsizlik?” dilemması qarşısında qalmışdılar. İsti havada bəzən sərnişinlərin "a kişi, qapını aç da, istidən yandıq” yalvarışlarının, bəzən də əksinə, "o qapıları bağla, qapısı açıq avtobus sürməzlər” kimi iradlarının az şahidi olmamışıq.

Bu da təbiidir. İsti havada sərnişinlər də, sürücü də çıxış yolunu avtobusun qapısını açıq saxlamaqda görür. Amma bildiyimiz kimi, məhz belə hal bəzən faciələrə də səbəb olur. Örnəyi, bir neçə gün əvvəl, qızmar istilərdə, 39 saylı marşrutda baş vermiş sərnişin ölümü. Məlum olduğu kimi, sərnişin avtobusun açıq qalmış qapısı önündə dayandığından yıxılıb ölmüşdü.

Ümumiyyətlə, nəqliyyat ekspertləri də, Dövlət Yol Polisi də minik vasitəsi hərəkətdə ikən qapıların açıq saxlanmasını qanun pozuntusu hesab edir. Əslində, tamamilə düzgündür. Hərəkət edən avtobusun qapılarının açıq saxlanması hər an təhlükədir. Amma isti hava insanları o qədər sıxır ki, hətta göz görəsi ölümə də razılaşırlar.

Ona görədir ki, kondisionerli avtobusların marşrutlara buraxılması belə intizarla gözlənilirdi. Gözlənilən baş verdi, lakin, tam deyil. Avropa Oyunları ərəfəsində ölkəyə gətirilən və oyunlar zamanı da istifadəyə verilən avtobuslar bir müddət "yoxa çıxdı”. Bu günlərdə isə məlum olub ki, həmin o görkəmli, yaraşıqlı və ən əsası - kondisionerli avtobusları marşruta buraxmağa hazırlaşırlar. "BakuBus” MMC-yə məxsus "İveco” sərnişin avtobuslarının ictimai nəqliyyatda hərəkəti üçün ilkin marşrut xətləri də artıq müəyyənləşib. İşin əmması da elə buradadır.

Müəyyənləşmiş xətlərə diqqət etdikdə məlum olur ki, yeni avtobuslar ancaq metro stansiyalarının həndəvərində dolaşacaq. 20-ci sahəni çıxmaq şərtilə bu avtobusları Bakıətrafı zonalarda, məsələn, Suraxanı, Sabunçu, Ramana, Maştağa, Novxanı, Binə, Zirə... görməyəcəyik.

Səbəb nədir? Məsələyə münasibət bildirən Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvü Vüqar Tofiqli "Şərq”ə açıqlamasında bildirdi ki, müasir sərnişin avtobuslarının marşrutlarının təyinində yol infrastrukturu nəzərə alınıb:

- Bu avtobuslar komfortabelli yollar üçündü. Hansı yollar ki, təmir olunub, müasir asfalt örtüyü çəkilib, hər cür şəraitə, infrastruktura malikdir, həmin yollara verilir. Fikrimcə, burada məsələ ancaq yolların vəziyyəti ilə bağlıdır. Bildiyim qədər, Bakıətrafı zonalarda təmirsiz hərəkət zolaqları da var. Yəqin, buna görə, yeni avtobusları o yollara istiqamətləndirmək mümkün deyil. Yoxsa, hamımız bilirik ki, Bakı kəndlərinin əhalisi marşrut sarıdan korluq çəkir. Xüsusilə də, isti havalarda kondisionersiz avtobuslarda gedib-gəlmək, uzun məsafələr qət etmək çox əziyyətlidir. İnşallah, yaxın zamanda o yollar da təmir edilər və biz yeni avtobusları orada da görərik.

Bəs, yeni avtobusların iri həcmli olması onların manevr imkanlarını zəiflətməyəcək ki? Xüsusən də, şəhərin darısqal yollarında bu avtobusların hərəkəti çətin olmayacaq ki?

Suala cavabında V.Tofiqli qeyd etdi ki, bu avtobuslar böyük kaboritli olsa da, manevr imkanları da genişdir. Həm də marşrut seçimində bu da nəzərə alınıb. Çalışılıb ki, yeni avtobuslar geniş yollarla hərəkət etməli olsun.

"BakuBus”un direktor müavini Vüsal Kərimli isə "Report”a bildirib ki, qeyd edilən marşrutlar üzrə avtobusların hərəkəti üçün zəruri icazə və sənədlər tələb olunur.

Onun sözlərinə görə, yeni marşrut xətlərində avtobusların hərəkətə başlaması avqustun sonu - sentyabrın əvvəlinə nəzərdə tutulub.

V.Kərimli deyib ki, "BakuBus”un avtobuslarında nağd ödəniş olmayacaq və ancaq vahid ödəniş kartları tətbiq ediləcək. Bu kartlardan metroda da istifadə etmək mümkün olacaq.

Vahid ödəniş kartlarını metrostansiyalardakı "BakıKart” terminallarından əldə etmək olar. Vahid sistemdə iki növ kart - "ümumi” və "məhdud istifadə” üçün olacaq.

"BakıKart” - plastik kartının qiyməti 2 manat, bir gedişin haqqı isə 0,20 manatdır. Balans terminallarda artırılır və kartlar geri qaytarılmır.

Məhdud istifadə üçün nəzərdə tutulan kartın qiyməti 0,20 manatdır. Kart alınarkən 1, 2, 3 və 4 gediş haqqını yükləmək mümkündür (1 gediş - 0,20 manat).

Terminallarda balansın artırılması mümkün deyil və kart ilk istifadədən 45 gün müddətində etibarlıdır.

Məlahət Rzayeva