Yeni bazar açılır

Sanksiyalar aradan qalxdıqca, İranla Azərbaycanın iqtisadi əlaqələri genişlənəcək




Qərbin İrana qarşı sanksiyaları geri götürəcəyinə dair əldə olunan tarixi razılaşma ölkəmiz üçün də müəyyən imkanlar yaradıb. Belə ki, qonşu İranın iqtisadi inkişafı ölkəmizə də öz müsbət təsirini göstərə bilər. Bu baxımdan İranla iqtisadi əlaqələrin daha da genişləndirilməsi əsas prioritet məsələlərdəndir.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi ilə bir qrup nümayəndə heyətinin İrana səfəri ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə hesablanmış addımdır.
Nazir İran Prezidenti Həsən Ruhani ilə görüşündə bildirib ki, Azərbaycan şirkəti İranda zavod tikmək istəyir.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycanın 6 şirkəti qarşılıqlı sərmayələr sahəsində İranla əməkdaşlıq edir: "Şirkətlərin biri İranda zavod tikmək istəyir. Bəzi problemlər var. Onun həlli üçün də Ticarət Palatasında danışıqlar aparılacaq. "İran Khodro” şirkəti də Azərbaycanda zavod tikmək istəyir. Biz bunu alqışlayırıq və yer verməyə hazırıq”.

Azərbaycanla İran arasındakı iqtisadi yaxınlaşmanı dəyərləndirən millət vəkili Əli Məsimli bildirib ki, dünya güclərinin İrana tətbiq elədiyi sanksiyaların mərhələlərlə aradan qaldırılması ilə İran öz inkişafının yeni mərhələsinə qədəm qoyacaq: "Hansı sahələrdə maraqlar üst-üstə düşür, perspektiv daha çoxdur, həmin sahələrdə də əməkdaşlığı genişləndirmək və dərinləşdirmək lazımdır. İranla əlaqələri inkişaf etdirmək Azərbaycan üçün zəruridir, amma bunun ölkəmizin iqtisadiyyatına nəzərəçarpan müsbət təsiri bu işin necə, nə dərəcədə səmərəli qurulmasından asılı olacaq. Sanksiyaların götürülməsi ilə əlaqədar İranın özünün böyük sərmayələrə ehtiyacı yaranır”.

İqtisadçı-ekspert Natiq Cəfərli də hesab edir ki, qərb ölkələrinin İrana qarşı tətbiq elədikləri sanksiyalar götürüldükdən sonra İranla əməkdaşlıq istiqamətində ciddi fürsətlər açılıb: "İran bizim tarixi qonşumuzdur və din baxımından mədəni bağlantılarımız var. İranın böyük iqtisadi potensialı var. 80 milyonluq bazardır və bu bazarda hər bir ölkə, hər bir şirkət özünə yer tutmağa çalışmalıdır. Xüsusilə də, qərb ölkələrinin həm rəsmi nümayəndələri, həm də şirkət rəhbərlərinin böyük heyətlərlə İrana səfərləri məhz bununla bağlıdır”.

N.Cəfərlinin sözlərinə görə, Azərbaycanla İran arasındakı iqtisadi əlaqələrin ən çox inkişaf edəcəyi sahə energetika sahəsidir. Bu sahə ilə bağlı müəyyən avadanlıqların İrana ötürülməsində Azərbaycanın müəyyən qədər rolu ola bilər. Ən azından ona görə ki, sanksiyalarla əlaqədar olaraq İranda olan avadanlıqlar həddindən artıq köhnəlib və yenilənməsinə çox böyük ehtiyac var.

Şəymən