Amerikanın Azərbaycanda nüfuzu aşağı düşüb

“Biz onlardan dəstək gözləyirdik, amma bu olmadı”


Pentaqon Azərbaycanda əhalinin ABŞ-a münasibətini öyrənmək üçün sosioloji araşdırma sifariş verib və ortaya maraqlı nəticələr çıxıb. Məlumata görə, araşdırma nəticəsində Azərbaycan vətəndaşları arasında ABŞ-ın nüfuzdan düşdüyü məlum olub.

Monitorinq prosesini bu ölkənin Viskinson Universitetindən sosiologiya professoru, Rusiyanı, Mərkəzi Asiyanı və Şərqi Avropanı Araşdırma Mərkəzinin rəhbəri Teodor Gerber və Arizona Universitetindən adyunkt-professor Ceyn Zaviska aparıblar. Professorlar araşdırmanın nəticələri barədə "Newsweek” jurnalında dərc edilmiş geniş məqalədə məlumat veriblər. Qeyd ediblər ki, Azərbaycanda sadə insanlar ABŞ-ı dünya nəhəngi statusuna iddia edən, eyni zamanda başqa dövlətlərin daxili işlərinə həyasızcasına müdaxilə edən, öz maraqlarını güdən dövlət hesab edirlər. Müəlliflər hesab edirlər ki, bu, Rusiyanın apardığı təbliğatın birbaşa nəticəsidir. Professorlar təklif edirlər ki, Amerika bu regionda özünün "yumşaq gücünü” bərpa etmək üçün QHT-lərə birbaşa dəstəyi azaltmalıdır. Çünki Ağ Ev həmin ölkələrdə QHT-lərə kömək etməklə onlara "ayı xidməti” göstərir.

Vaşinqtonun məlum addımını dəyərləndirən millət vəkili Sahib Alıyev qeyd edib ki, Amerika qlobal dövlətdir və onun belə araşdırmalar keçirməsi öz dövlət maraqlarından irəli gəlir: "Amma deyim ki, bu araşdırmalar bizə də əl verir. O baxımdan ki, Ağ Evdə oturanlar Azərbaycan əhalisinin mövqeyini bilirlər. Çox təəssüf ki, Amerika ölkəmizlə bağlı siyasətini ancaq özünün maliyyələşdirdiyi QHT-lərin rəyləri ilə müəyyənləşdirir. Bunun da nəticəsində ABŞ-ın ölkəmizə dair siyasətindəki yanlış addımlar Azərbaycan hakimiyyəti ilə yanaşı, xalqımızın da narazılığına səbəb olur. Xalq görür ki, Azərbaycan hakimiyyəti xarici siyasətini məhz milli maraqlar və eyni zamanda xalqın istəyi üzərində qurur”.

ABŞ-a olan münasibətin pisliyinə gəlincə, parlamentari söyləyib ki, son bir neçə ildə təkcə Azərbaycanda deyil, Amerikanın müttəfiq gözündə gördüyü dövlətlərin özündə belə onlara yanaşma mənfidir: "Bu da bir neçə məsələ ilə bağlıdır. ABŞ nəhəng ölkədir. Belə bir dövlətdən

hamının umacağı var. Sabiq ABŞ Prezidenti Corc Buşun bir sözü vardı. O deyirdi: "Allah Amerikanı ən varlı dövlət kimi yaradıb. Ona görə də biz o var-dövləti paylaşdırmağı bacarmalıyıq”. Əgər sən dünyanın ən güclü dövlətisənsə, səndən ədalət gözlənilir. Həm qlobal bir dövlət kimi, həm supergüc kimi, həm də Minsk Qrupunun həmsərdi kimi bu ölkədən Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmada ədalətli mövqe gözləyirik. Lakin həmin yanaşmanın şahidi olmuruq. Əksinə, birbaşa və ya dolayısı ilə erməni separatçılarına dəstək görürük. Təbii ki, bütün bunlar da nəticəsiz qalmır. Azərbaycan xalqının narazılığı da haqlıdır. İstərdik ki, ölkəmizlə bağlı ABŞ-dan gözlədiyimiz addımlar özünü doğrultsun. Demokratiya sadəcə daxili siyasətlə məhdudlaşmır. Əslində xarici siyasət də daxili siyasətin davamıdır. Təəssüf ki, biz ABŞ-ın xarici siyasətində Azərbaycana qarşı yanaşmada demokratiya görmürük. Bəzən Vaşinqton öz hərəkətləri ilə təbliğ etdiyi dəyərlərini gözdən salır. Azərbaycanın Amerikaya yanaşması daha çox "uman yerdən küsərlər” yanaşmasıdır. Biz onlardan dəstək gözləyirdik. Buna da regiondakı ölkələrdən daha çox haqq edirik”.

Ayyət Əhməd