“O məktub həyatımı dəyişdi”

Almaz Ülvi: “Bəlkə də Kəsəmənin eşqi idi mənə bu uğurları qazandıran”




Həyat, həqiqətən də, çox qəribədir... Adətən nəsillər ağsaqqalı, ağbirçəyi ilə tanınır. Amma bəzən, əksinə də olur. Böyük bir nəsil 20 yaşlı gəncin şəhidliyi - ölümsüzlüyü ilə daha da ucalır. 20 Yanvar şəhidlərimizin arasında Ülvi Bünyadzadə adı bütün Azərbaycana doğmadır, əzizdir. Fotolarında arıq, çəlimsiz görünən, o qeyrət gecəsində isə sinəsini güllələrə sipər edəcək ürəyə sahib olmasının hardan qaynaqlandığı yazıçı-publisist, filologiya elmləri doktoru Almaz Ülvi ilə söhbətimdə tam anladım. Nəsildən, kökdən, mayadan, qandan gəlirmiş bu qorxmazlıq, düşmən önündə əyilməmək...

Almaz xanım müəllifi olduğu kitabları, gözünün nurunu, ürəyinin yağını əridə-əridə hasilə gətirdiyi əsərlərini göstərdikcə, Ülvinin də obrazı boylanırdı. 1990-cı illərdə nəşr olunmuş bu əsərlər, Ülvinin şeirlərindən ibarət kitablar... Hamısının üz qabığı necə də tanış idi... Onları televiziya ekranında dəfələrlə izləmişik. Amma bu şeirləri kimin bir araya gətirdiyini, Ülvinin elə özü kimi də gənc qalmış poeziyasını hansı şəfqətli əlin topladığını bilmirdik.

İndi bu şəfqət sahibi ilə (Almaz xanım Ülvi Bünyadzadənin bibisidir- red.) həmsöhbət idim və bu görüşdən hədsiz məmnunluq duyurdum. Çünki söhbət edə-edə Almaz xanımı da tanımağa başlayırdım. Qarşımda ziyalı, alicənab, Azərbaycan qadınına məxsus keyfiyyətləri özündə birləşdirmiş bir xanım əyləşmişdi. Hər kəlməsindən, oturuşundan-duruşundan, rəftarından ziyalılıq yağırdı. İnanın, bu "kəşf” mənə xüsusi bir sevinc yaşadırdı. Azərbaycanımızın belə bir xanımı olmasından doğan bir sevinc...

Almaz xanım Göyçə mahalından danışırdı:

- Evimiz Kəsəmən kəndində idi. Evimizin şəklini internetdə tapdım... Həmişə internetdə ilk olaraq Qərbi Azərbaycanı "axtarışa” verirəm. Kəsəmən yazanda, heç nə gəlmir. Ermənilər kəndin adını dəyişib. Arpunk edib. "Arpunk” yazan kimi kənd barədə məlumatlar açılır. Evimizi az qala tanımayacaqdım. Evimiz bağlı-bağatlı idi. Nə qədər meyvə ağaclarımız vardı. Şəkildən görünürdü ki, ağacların hamısını kəsiblər. Evi inzibati bina ediblər.

- Sonuncu dəfə evdən nə zaman çıxmışdınız?

- 1988-ci ilin oktyabr ayında. Yayı kəndimizdə qalmışdım. Bağımızın meyvələrindən çoxlu kompot, mürəbbə bişirmişdim. Hamısı ağzı bağlı qaldı. Noyabrın sonuna avtobusa biletim vardı. Gedəcəkdim. Gedə bilmədim... Heç kim daha ora gedə bilmədi... O bileti indiyədək saxlayıram... Yolumuz çox çətin idi. Qazaxdan Dilicana keçirdik. Əvvəllər qatarla gedirdik. Sonra avtobus marşrutu açıldı. Gəncədən taksiyə minirdik ki, avtobusa vaxtında çataq. Gəncədən rayonumuza 7-8 saatlıq yol idi. Vaxt olub o yolu avtobusda ayaqüstə getmişəm.

- Almaz xanım, o illərdə, hələ Qarabağ savaşı başlamamış, qaçqınlıq, köçkünlük başımıza gəlmədiyi zamanlarda, Ermənistan adlı respublikanın ərazisində yaşayırdınız. Doğma torpaqlarda, amma başqa bir dövlətin tabeçiliyi altında yaşamaq necə hiss idi?

- Bilirsiz, biz ermənilər tərəfindən basqını həmişə hiss edirdik. O zaman da onlar deyirdi ki, Qarabağ bizimdi. Qarabağı Ermənistana birləşdirəcəyik. Bizə bu sözlər təəccüblü gəlirdi. Deyirdik, sayıqlayırlar, bunlar. Təsəvvür edin ki, Xankəndində - Stepanakertdə ermənilər mitinq keçirirdilər, bizimkilər isə hələ də "qardaşlıqdan” dəm vururdular. Şəki ipəkçilik fabrikini barama ilə demə, Xankəndi təmin edirmiş. Orda mitinqlər keçirilirdi, Şəkidə isə təəccüb edirdilər ki, "Stepanakert” görəsən niyə bizə barama vermir? Mənə elə gəlir, inana bilmirdik, ya da inanmaq istəmirdik... Kəndimizin, el-obanın necə didərgin düşdüyünü mən Bakıda bildim. "Günün ekranı” proqramına baxırdım, gördüm ki, Göyçə camaatını çıxarırlar... Bu işğal da, əzəli torpaqlarımızın Azərbaycan türklərindən təmizlənməsi də ermənilərin əsrlərlə planlaşdırdıqları ideyaları idi, fürsət düşən kimi həyata keçirməyə başlamışdılar.

- Bəs Bakı ilə taleyinizi nə zaman "bağladınız”?

- O zaman Azərbaycan Dövlət Universiteti adını daşıyan hazırkı BDU-nun filologiya fakültəsinə daxil oldum. Universiteti bitirdikdən sonra "Ədəbiyyat və incəsənət” qəzetində, sonra "Xalq” qəzetində çalışmağa başladım. Bu gün də həmin qəzetin "Ədəbiyyat və incəsənət” şöbəsində çalışıram. AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisiyəm. Əslində, mənim Bakıya "bağlanmağıma” mərhum şairimiz Nəbi Xəzri səbəb oldu. Universiteti əla qiymətlərlə bitirmişdim. Nəbi Xəzri haqqında 250 səhifəlik "Nəbi Xəzri. Biblioqrafiya” diplom işi yazmışdım. Bir gün kəndə qağamın adına bir məktub gəldi. Nəbi Xəzri məktubunda mənim aspiranturada təhsilimi davam etdirməyimi xahiş edirdi. Eyni məzmunda bir məktubu da universitetin rektorluğuna yazıbmış. O vaxt mən kənd məktəbinin kitabxanasında işləyirdim. Məktəbin direktoru Musa Alıyev söz vermişdi ki, mənə bir "stavka” dərs yükü verəcək. O məktub həyatımı dəyişdi. Bakıya gəldim, AMEA-da elmi işimi təsdiq etdirdim. "Ədəbiyyat və incəsənət” qəzetində, müxbir vəzifəsinə işə qəbul olundum və taleyim, beləcə Bakı ilə bağlandı. Kənddən gələndə gənc qız idim. Təhsil aldım, çalışdım, konfranslara dəvət edildim... Bəlkə də Kəsəmənin eşqi idi, mənə bu uğurları qazandıran. Mən kəndimizin adını uca tutmağa çalışdım...

- Almaz xanım, mən diqqət etmişəm ki, Qərbi Azərbaycandan elm xadimləri, ziyalılar çoxdur...

- Bunun bir səbəbi, bayaq danışdığımız həmin o erməni basqısıdır. Bilirsiz, Qərbi azərbaycanlılar sanki acığa düşüb oxuyurdular. Bizə "türk” deyə tənə vuran, aşağılamağa çalışan ermənilərə meydan oxumaq üçün təhsilə, savada üstünlük verirdilər. Özlərini - türklüklərini təsdiq etdirmək istəyirdilər. Çıxış yolumuz bu idi. Elmə, savada yiyələnmək, mənsəb sahibi olmaq. Bu, bizim üçün özünüqoruma instikti idi. Məsələn, biz ailədə 11 uşaq idik. Atam hamımızı oxutdu. Halal zəhmət ilə. Ola bilsin, yaxşı geyinmədik, nədənsə korluq çəkdik, amma hamımız ali təhsil aldıq. Ömrümün böyük hissəsi Bakıda keçib. Kəsəməndə 16-17 il yaşamışam. Amma o illər mənim üçün o qədər əzizdi ki... O dağlar, çiçəklər, bulaqlar... Təsəvvür edə bilməzsiniz ki, uşaq vaxtı biz torpağı oyub bulaq yaradırdıq. Dağda, yamacda torpağı bir balaca oymağın yetərli idi ki, oradan su axsın. Sonra həmin bulağın üstünə adlarımızı yazardıq...

- Demək, orada Almaz bulağı da var...

- Elədi... 40 ildir Bakıda yaşayıram. Amma heç vaxt Bakını yuxumda görməmişəm. Həmişə kəndimiz, evimiz, həyətimiz, o dağlar, dərələr, çiçəkliklər yuxuma gəlir. Biz o dağlar-daşlar üçün darıxdığımız kimi, o cansız-dilsiz, amma ruhu olan dağlar, daşlar, qayalıqlar da bizim üçün darıxır. Adları çəkilmədikcə, həsrət-həsrət əriyirlər. Biz ora gedib çıxmasaq dağlar dərddən iki yerə bölünəcək. Hər şey torpağa gömüləcək. Bax onda, Göyçənin qiyamət günü olacaq. Hələ ki, səbr edib bizi gözləyirlər. Ona görə də biz ora qayıtmalıyıq. Ora qayıtmağa borcluyuq... Kim nə deyir, desin. O torpaqlar bizimdi. Bunlar, pafoslu sözlər deyil. Bəziləri irad tutur ki, "qayıdacağıq”, "qayıtmalıyıq” sözlərini tez-tez deyirik. Amma qayıtmırıq. Amma mən buna qəti inanıram. Çünki başqa cür ola da bilməz. Evimiz oradır, yurdumuz oradır. Vətənimizdi ora bizim. Dədə-babalarımızın məzarları var orda. Bəlkə də çoxu dağıdılıb. Uçurulub. Ruhlar ki, diridir. Babalarımızın ruhları dolaşır orda. O ruhlar bizə kömək olacaq.

(Almaz xanım danışdıqca qəhərlənirdi. Gözlərini kənara çəkirdi. Bəlkə də, necə bir itkiyə məruz qaldığını, ürəyinin necə yandığını hiss etdirmək istəmirdi. Qürurludur axı... Türk qüruruna sahibdir. "Axı necə oldu ki, evimizdən, el-obamızdan didərgin düşdük?!” acısı tərk etmir onu. Rahatlıq vermir ona... Və evlərinə aparacaq bir yolu axtarıb tapmaq istəyir...)

- İndi top, güllə zamanı deyil. Elm-texnika dövrüdür. Bəşəriyyət nə qədər yeniliklərə imza atıb və hər gün də yeniliklər artır. Bu yeniliklər məcmusunda torpaqların işğaldan azad edilməsinin də bir yolu olmalıdır. Biz bu yolu tapmalıyıq. Mütləq tapmalıyıq.

- Siz belə deyirsiniz. Amma münaqişədən 20 ildən artıq vaxt keçir. 20 ildir ki, Qərbi Azərbaycanda, Qarabağ torpaqlarında körpələr dünyaya gəlmir...

- Bilirsiz, hər şey ruhdan, mayadan qaynaqlanır. Mən "Kəsəmən” ("Göyçə mahalı. Kəsəmən. Bir kəndin tarixindən səhifələr”) kitabımda elimizin nəsil-şəcərələrini, Göyçənin, kəndlərin tarixini yazmışam. Nə qədər buna müvəffəq olmuşam, oxucular deyə bilər. Amma çalışmışam ki, əzəli yurd yerlərimiz haqqında bacardığım qədər məlumat verim, oxucuya nəsə çatdırım. Mən bu kitabla Kəsəmənin ruhunu uşaqlarımızın ürəyinə, qəlbinə köçürməyə çalışmışam. Qoy onların qəlbi Kəsəmənlə döyünsün, ruhları Kəsəmənin ruhuna qarışsın. Hamı belə etməlidir. Ən azından buna çalışmalıdır.

- Gözləntiləriniz nədir?

- Gözləntilərim böyükdü. Gəncliyə çox güvənirəm. Bu da səbəbsiz deyil. Azərbaycan gəncləri çox yetişib. Sovet illərində əmim oğlu Moskvada təhsil alırdı. Biz onunla necə öyünürdük. Bu, bizim üçün böyük hadisə idi. Qürur duyurduq onunla. İndi bizim gənclərin səsi Amerikadan, İngiltərədən gəlir. Xarici ölkələrdə özlərini təsdiq edirlər. Əsas odur ki, gənclər xarici ölkələrə orada daimi qalmaq arzusu ilə getmirlər. Azərbaycana qayıdırlar. Bu, məni çox ürəkləndirir. İnanıram ki, bu gün yetişən gənclər bizim arzularımızı həyata keçirəcəklər. Mən buna çox inanıram. Almaz xanımın mənə təqdim etdiyi kitablara baxırdım. "Görəsən, onlardan hansı şeirlər kitabıdır? - deyə düşündüm və soruşdum:

- Almaz xanım, şeir kitabınız varmı?

Cavabı məni heyrətləndirdi;

- Mən heç vaxt şeir yazmamışam...

(Doğrusu, duyğulu bir xanımın poeziyaya baş vurmaması məni təəccübləndirdi)

- Ülvinin şeirlərini toplayıb nəşr etdirmişəm. "Ülviləşən Ülvim”, "Ülvi duyğularım”, "Bir ölümün acığına”, "Ömrüm sənin eşqindi”... bunlar hamısı şəhid Ülvinin şeirləri, poemalarının məcmusudu. Sadəcə, mən onları oxuculara təqdim etmişəm. "Müharibə ağrılarım”sa sənədli-publisistik düşüncələrimdir. "Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi” mövzusunda namizədlik dissertasiyasını əsasən Xəlil Rza Ulutürk və Məmməd Araz poeziyası üzərində işləmişdim. Sonra fikirləşdim ki, Ülvi də milli-azadlıq duyğularını poeziyamıza gətirən ən gənc şairimizdir. Professor Vaqif Arzumanlıya bunu dedim, o da "əlbəttə, yaza bilərsən” dedi. O məşum gecədən sonra, özüm də hiss edirdim ki, əlimə qələm alanda Ülvi sanki gəlib başımın üstündə dayanır. Yazmağa çox çətinliklə başlayırdım, amma elə ki, Ülvi "gəlirdi”, yazı sürətlə axara düşürdü. Redaksiyada da deyirdim ki, bu yazının yarısı mənimdi, yarısı Ülvinin. Almaz Ülvi imzası da belə doğdu... Hətta doktorluq dissertasiyası üzərində çalışanda da, görürdüm ki, yenə Ülvinin adını yazıram. Tamam fərqli bir mövzu olmasına baxmayaraq Ülvi adını ora da daşıyıram.

Qeyd edim ki, Almaz xanımın doktorluq işi "20-ci əsr Azərbaycan ədəbiyyatşünaslığında özbək klassiklərinin yaradıcılığı”dır. Almaz xanım özbək ədəbiyyatından çox maraqla danışır.

- Mən özbək ədəbiyyatını araşdırdıqca, qədim türk yazılı abidələrinin möhtəşəmliyini bir daha özüm üçün təsdiqləmiş oldum. Əlişir Nəvai, Hüseyn Bayqara, Abdulla Qədiri... Özbək ədəbiyyatı nəhəng bir abidədir. Və mən bu abidəni yaradanların nəhəngliyini də bilirsiz, nə vaxt təsdiq etmiş oldum?.. Baxın, Əlişir Nəvainin əlyazmalarını tədqiq etmişəm. Nəvai "Xəmsə”sini Nizami Gəncəvi misralarının əhatəsində yazıb. Nizaminin beytlərini mərkəzdə orijinaldan verib, özünün yazdığı beytləri isə onun çevrəsi boyunca yazıb. Yəni, bu, "Nizami bir günəşdir, mən onun ətrafında dolanıram” anlamına gəlir. İndi baxın, dahi Füzuli nə yazır. Füzuli "Leyli və Məcnun”da yazır ki, mənim üçün bu əsəri türk dilində yazmaq çətin olmadı, çünki onun bünövrəsini Nəvai qoyub. Yəni, Füzuli Əlişir Nəvainin türk dilində "Xəmsə” yazmağından bəhrələndiyini və Nəvainin artıq türk ədəbi dilini formalaşdırdığını təsdiq edir. Qəlbi böyük insanlar özlərindən əvvəl yaşamış dahiləri həmişə olduğu kimi qəbul edirlər. Cılız, xəbis insanlarsa özlərindən yüksəkdə heç kimi görmürlər. Görə bilmirlər.

Təəssüf ki, vaxt darlığı vardı və sağollaşıb getməliydim. Almaz xanım isə yenə də əsl Azərbaycan xanımı kimi belə "atüstü” gəliş-gedişləri qəbul edə bilmirdi.

- Bilmirəm, sizə nə hədiyyə edim? İlk dəfədir qarşılaşırıq...

- Kitablarınızı verdiniz, bundan yaxşı hədiyyə? Əslində, biz sizə ad günü hədiyyəsi etmək istədik. Və görüşünüzə gəldik.

- Ad günü olduğumu hardan bilirsiniz?

- Onu deməzlər...

Məlahət Rzayeva

PS. "Şərq” qəzeti kollektivi Almaz Ülvini doğum günü münasibətilə təbrik edir, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır.