“Hərəkat olaraq seçkilərdə iştirak etməyəcəyik”

Vurğun Əyyub: “Üzvlərimizdən kimlərsə fərdi qaydada namizədliyini irəli sürəcəksə, biz onun təşəbbüsünə sayğı ilə yanaşacağıq”




Parlament seçkisinə iki aylıq bir zaman qalıb. Bir çox siyasi partiyaların seçkilərdə iştirakı ilə bağlı müəyyən versiyalar və təkliflər olsa da, yeni yaranmış ictimai-siyasi təşkilatların seçkidə hansı addım atacağı qeyri-müəyyəndir. Bu mənada Müsavat rəhbərliyindən narazı düşərək istefa verənlərin yaratdığı Azərbaycan Demokratik və Rifah Hərəkatının seçki prosesinə qatılıb-qatılmayacağı və hansı mövqeyi sərgiləyəcəyi ictimaiyyət tərəfindən maraqla izlənməkdədir.

Hərəkatın fəaliyyət istiqaməti və seçkiyə hazırlığı ilə bağlı "Şərq”ə müsahibə verən ADR sədrinin birinci müavini, professor Vurğun Əyyub rəhbərliyində təmsil olunduğu qurumun parlament seçkisində iştirak etməyəcəyini bildirib...

- Vurğun bəy, ADR-in təşkilatlanma prosesi necə gedir?

- Biz qurumun təsis konfransından sonra aktiv şəkildə təşkilatlanmağa başladıq və bu ili təşkilatlanma ili elan etdik. Artıq ölkənin yarıdan çoxunda, mərkəzdə və regionlarda 40-dək strukturumuz yaradılıb. Salyan rayon təşkilatı artıq özünün təsis yığıncağını keçirib və rəhbər orqanlarını seçib. Əsas məqsədimiz Azərbaycanın bütün inzibati dairələrində hərəkatı təmsil edəcək dəyərli və fədakar insanları vahid şəbəkədə birləşdirməkdir. Təşkilat qruplarımız da fəaliyyət göstərməkdədir. Hərəkatımız zaman-zaman ölkədə baş verən hadisələrlə, ciddi problemlərlə bağlı öz mövqeyini bildirir, bəyanatlar verir. İndiyə kimi bir neçə "dəyirmi masa” təşkil etmişik.

- ADR siyasi qurum kimi parlament seçkisində iştirak edəcəkmi?

- Hərəkatımız ictimai təşkilatdır. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə görə, ictimai birliklər və hərəkatlar seçkilərdə iştirak edə bilməz. Biz, ADR-i yaradanda da bəyan etmişdik ki, Hərəkat olaraq seçkilərdə iştirak etməyəcəyik. Çünki siyasi partiya deyilik. Amma bu o anlama gəlmir ki, ADR hərəkatının üzvləri də seçkilərə qatıla bilməz. Üzvlərimizdən kimlərsə fərdi qaydada namizədliyini irəli sürəcəksə, biz onun təşəbbüsünə sayğı ilə yanaşacağıq və şəxsi resurslarımız hesabına onun təbliğatına çalışacağıq.

- Qurum sədri Qubad İbadoğlu və ya siz özünüz deputatlığa namizəd olacaqsınızmı?

- Qubad bəy artıq konkret mövqeyini bildirib. O, seçkidə iştirak etməyəcək. Mən isə çox güman ki, Müsavatın Suraxanı rayon təşkilatı tərəfindən namizəd olacağam. Çünki 2005-ci ildə də o dairədən namizədliyimi vermişdim. Amma sandıqdan başqası çıxdı.

- Hərəkat olaraq digər partiyalarla, ictimai qurumlarla əlaqəniz, əməkdaşlığınız varmı?

- ADR bütün siyasi partiyalarla, ictimai təşkilatlarla normal münasibət qurmaq niyyətindədir. Bizim Hərəkatda müxtəlif partiyaların, hətta hakim YAP-ın üzvləri belə təmsil olunur. Amma rəsmi olaraq hansısa partiya və ya qurumla müzakirəmiz olmayıb. Siyasi partiyalarla seçkidə birgə iştirak üçün isə əməkdaşlıq müzakirə mövzusu ola bilməz.

- Müsavat Partiyası ilə münasibətləriniz necədir?

- ADR-in Müsavatla hansısa əlaqəsi, münasibəti yoxdur. Çünki onların bizə olan münasibəti düzəlməyib. Əksinə, partiya tərəfindən hər zaman böyük qısqanclıq və təzyiqlə qarşılanmışıq. Yerli-yersiz tənqidlərə, çox zaman isə təhqirlərə məruz qalmışıq. Bu da qarşılıqlı münasibətləri gərginləşdirib. Amma güman edirəm ki, zamanla münasibətlər qaydasına düşəcək.

- Başqanlığa keçmiş namizəd Tural Abbaslının narazı gənclər üçün "Ağ blok” adlı siyasi təşkilat yaratmasını necə qarşıladınız?

- Bu barədə məlumatı mətbuatdan oxudum. Nə deyim, onlara uğurlar arzulayıram. Görünür, gənclər öz siyasi yolunu müəyyən etmək istəyirlər. Buna qısqanclıqla yanaşmağa ehtiyac yoxdur.

- Ümumilikdə siyasi partiyaların passivliyi ciddi tənqid olunur. Siyasətçi kimi partiyaların seçki hazırlığını necə qiymətləndirirsiniz?

- Nəinki partiyaların, ümumən Azərbaycan cəmiyyətinin seçki əhval-ruhiyyəsi çox zəifdir. Bunun da müəyyən səbəbləri var. Üstəgəl, siyasi partiyaların da potensialı, təsir imkanları xeyli dərəcədə zəifdir. Müxalifət partiyalarının seçkidə uğur qazanması üçün hər hansı obyektiv şərtlər mövcud deyil. Bütövlükdə cəmiyyətdəki süstlük partiyalara da sirayət edib.

- Bəy, AXC hakimiyyəti dövründə xarici işlər naziri işləmiş və hazırda İsveçdə yaşayan fizika alimi Tofiq Qasımov haqqında son günlər mediada müəyyən informasiyalar yayılmaqdadır. İddiaya görə, T.Qasımov bəlli səbəblərdən Azərbaycan mediası və müxalifəti ilə əlaqə qurmaqdan ehtiyat edir. O da sizin kimi elmdən siyasətə gedənlərdəndir. Alim və siyasətçi həmkarınız T.Qasımov haqda nə deyə bilərsiz? Ondan xəbər tutursuzmu?

- Tofiq Qasımov çox dəyərli alim və siyasət adamıdır. Biz onunla çiyin-çiyinə mübarizə aparmışıq. Hər zaman Tofiq bəyin hörmətini yüksək tutmuşuq. O, Azərbaycan siyasi mühitinə kifayət qədər böyük töhfələr vermiş nüfuzlu bir şəxsiyyətdir. Unudulmayacaq insanlardandır. Düzdür, son dövrlər Tofiq bəyin özü ilə birbaşa münasibətimiz olmasa da, Avropada olan dostlarımız vasitəsi ilə dəyərli alimimizlə daim maraqlanmışam, onun barəsində məlumatlar almışam. O, hazırda İsveçdə elmi fəaliyyətini davam etdirir və Enşteynin nisbilik nəzəriyyəsində boşluqların aradan qaldırılması istiqamətində elmi tədqiqatlar aparır. Hesab edirəm ki, Tofiq bəy nəinki Azərbaycan üçün, ümumiyyətlə, bütün dünya elmi üçün fayda verən insanlardandır.

- T.Qasımovun media və müxalifətdən uzaq durmasının səbəbi nədir?

- Sözün açığı, bunun dəqiq səbəblərini bilmirəm. Amma hiss edirəm ki, Tofiq bəy ümumiyyətlə, Azərbaycan siyasi mühitindən uzaq durmağa çalışır. Yəqin ki, özünə görə ciddi səbəbləri var. Biz onun bu seçiminə hörmətlə yanaşırıq. Ona görə də Tofiq bəylə siyasət haqqında hansısa söhbət aparmamışıq.

İsmayıl