“Necə əmin olaq ki, İŞİD-in Azərbaycanda kökü, dayağı yoxdur”

İlqar Altay: “Amma reallıq elə deyil axı. İŞİD özü dəfələrlə elan edib ki, “Azərbaycan bizim əyalətimizdir”



"Azərbaycanda İŞİD-in hansısa dayağı, sosial bazası, məntəqəsi yoxdur və ola da bilməz”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, İŞİD qruplaşmasının Türkiyə üzərindən Azərbaycana yaxınlaşması ilə bağlı yayılan məlumatlar əsassızdır:

"Təəssüf ki, bəzi mətbu orqanlar radikal din nümayəndələrini lider kimi təqdim edib, onların bəyanatlarını tirajlayır və bununla cəmiyyətdə yanlış təəssürat yaradırlar. Hansısa xırda radikal qruplaşma Azərbaycanda İŞİD-in tezislərini təkrar edirsə, bu o demək deyil ki, ölkəmizdə onların güclü dayağı var”. Dini komitə sədrinin dediklərinə və ümumiyyətlə, Azərbaycandakı İŞİD təhlükəsinə münasibət bildirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-tədqiqatçı İlqar Altay deyib ki, terror məsələsində heç vaxt arxayınlaşmaq olmaz: "İŞİD elə-belə terror dəstəsi deyil. Bu qruplaşma özünə "dövlət” qurub. Biz görmüşdük ki, terror təşkilatı hansısa bir dövlətin və cəmiyyətin içərisində olur və sadəcə öz kiçik ambisiyalarını dar çərçivədə həyata keçirir. Amma İŞİD bir neçə dövlətin ərazisində fəaliyyət göstərir və digər ölkələri təhdid edir. Hətta "Taliban” kimi güclü terror təşkilatına meydan oxuyur. Axı harada görünüb ki, adi bir terror qruplaşmasının tankı, topu olsun?! Buradan aydın görünür ki, sözügedən qruplaşmanın arxasında məkirli güclər dayanır və onları silahlandırır”. Ekspertə görə, bu qədər güclənmiş təşkilat istənilən ölkə üçün ciddi təhlükə hesab olunmalıdır: "Biz necə əmin olaq ki, İŞİD-in Azərbaycanda kökü, dayağı yoxdur. Bu qruplaşmanın ölkəmizdə müəyyən dayaqları var. Əlbəttə, biz də istəyirik ki, olmasın. Amma reallıq elə deyil axı. İŞİD özü dəfələrlə elan edib ki, "Azərbaycan bizim əyalətimizdir”. Düzdür, biz hələlik buna utopiya kimi baxırıq, ancaq təhlükə riskinə hər zaman hazır olmaq lazımdır. Əgər İŞİD-in Azərbaycanda istinad nöqtələri yoxdursa, onda bizim yüzlərlə vətəndaşımız hansı yollarla terrorçulara qoşulur, insanlar niyə ailəsini götürüb Suriyaya, İraqa gedirlər, İŞİD-in tərkibində döyüşən azərbaycanlı "komandirlər” haradan peyda olur?! Deməli, ölkədə onları təşkilatlandıranlar, terroru təbliğ edənlər var”.

İsmayıl