Bu il mandat uğrunda daha çox gənclər yarışacaq

Sərdar Cəlaloğlu isə partiyadan çıxıb, kənarda blok yaradan gənclərin uğur qazanmasına inanmır




Ölkəmizdə bu ilin payızında baş tutacaq növbəti parlament seçkilərinə 3 aydan az müddət qalıb. Artıq əksər siyasi təşkilatlar marafona qatılacaq namizədlərinin siyahısını açıqlayıb. Siyahılardan məlum olur ki, budəfəki seçkilər əvvəlkilərdən tamamən fərqli olacaq.

Çünki indi seçkiyə qatılmaq istəyən gənclərin sayında nəzərəçarpan çoxalma müşahidə olunur. Bir sözlə, gənclər aktivlik nümayiş etdirirlər. Seçki öncəsi gənclərdən ibarət "Ağ blok” və "125-lər” siyasi klubunun yaradılması fikirlərimizin isbatı kimi yozula bilər. Bundan başqa, fərdi qaydada namizədliklərini irəli sürəcək gənclər də kifayət qədərdir. Demək olar ki, sosial şəbəkələrdən gənclərin "parlament seçkilərində mən də gücümü sınayacam” kimi şərhlərinə çox rast gəlinir. Əlbəttə, bütün bunlar ölkədə liberal siyasi mühitin formalaşması və Prezident İlham Əliyevin gəncləşdirmə siyasətinin müsbət təzahürüdür. Heç kimə sirr deyil ki, son illər ölkənin bəzi dövlət strukturlarında - icra orqanları və nazirliklərdə gənclər vəzifələrə çəkilir. Şübhəsiz ki, bu irəliləyişlər gənclərdə yaradılmış şəraitdən maksimum faydalanmaq istəyi yaradır. Məsələn, mən özüm də ölkə başçısı İ.Əliyevin uğurlu və uzaqgörən gəncləşdirmə siyasəti nəticəsində yaranmış əlverişli şəraitdən yararlanaraq seçkilərdə gücümü sınamağı hədəfləmişəm. Bu inam və istək ölkədəki demokratik mühitdən və dövlət başçısının gənclərə göstərdiyi diqqətdən irəli gəlir.

Gənclərin seçkiyə dair fəaliyyətini dəyərləndirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Şərq”ə söyləyib ki, siyasətdə gənc və yaşlı anlamı yoxdur: "Burada söhbət yaşdan getmir. Siyasi mühit imkan verərsə, bütün sosial təbəqələr aktivləşər. Əks halda, gənclərin siyasi aktivlik nümayiş etdirməsinin heç bir mənası yoxdur”.

"Ağ blok”dan söz açan təşkilat sədri qeyd edib ki, bu blokun yaradılması çox yanlışdır: "Çünki siyasi partiyaların gənclər təşkilatı partiyanın qərarlarına uymağa borcludur. Onların öz partiyalarından çıxıb kənarda blok yaradıb, seçkiyə getmələrini heç cür anlaya bilmirəm. Bu nə deməkdir? Onlar "Müsavat”ın liderləri ilə alternativ olacaqlar. Bu əslində siyasi təşkilatların seçkilərdə iştirakının perspektivini aşağı endirir. Bu, majoritar qaydada partiyaların seçkilərdə rolunun azaldılması deməkdir. Biz Azərbaycanda ciddi şəkildə dəyişiklik görmək istəyiriksə, siyasi partiyaların rolunu artırmalıyıq. Hər kəs seçkidə siyasi təşkilatların vasitəsilə təmsil olunmalıdır. Fərdi qaydada təmsilçiliklə uzağa getmək olmaz. Bu, cəmiyyətə heç bir xeyir gətirmir”.

Həmsöhbətimizin qənaətincə, "partiya sədrləri gənclərin seçkilərdə iştirakını əngəlləyir” kimi iddialar əsassızdır: "Belə bir hal yoxdur. Heç bir partiyada belə hal yaşanmır. Əslində biz gənclərin və qadınların siyasi proseslərdə iştirakının tərəfdarıyıq. Sadəcə, onlarda passivlik var. Faktiki olaraq Azərbaycanda heç bir partiyada gənclər sıxışdırılmır”.

"125-lər” siyasi klubunun fəaliyyətindən danışan S.Cəlaloğlunun sözlərinə görə, onlar namizədliklərini ADP-nin "Ümid” Partiyası ilə birgə yaradacağı blokdan verəcəklər: "Əldə etdiyim məlumata görə, bizlə birgə iştirak edəcəklər. Amma onların neçə nəfər olması haqda məlumatım yoxdur. Blok yaradılacaqsa, seçkidə birgə iştirak haqqında qərar qəbul ediləcəksə, məlumatım olacaq”.

Ayyət Əhməd