Klinikalar da bir-bir bağlanır

Nə qədər ki, əhalinin tibbi sığortası yoxdur, bu problemlər yaşanacaq




Azərbaycanın bağlanmış tibb ocaqlarının sırasına daha biri qoşulur. Bu dəfə paytaxtın ən tanınmış klinikalarından biri olan "Leyla Şıxlinskaya” fəaliyyətini dayandırır. Məlumata görə, bu tibb müəssisəsinə fəaliyyətini davam etdirməsi üçün lisenziya verilmir. Klinika bağlandığına görə artıq həkim heyəti başqa müəssisələrdə özünə iş tapıb.

Tibb ocağı isə qapılarının bağlanmasını təmirlə əlaqələndirir. Klinikadan bildirilib ki, hazırda müəssisə lisenziya almaq ərəfəsindədir. Beş illik lisenziyanın vaxtı bitmək üzrədir. Ona görə də klinika müvəqqəti olaraq təmirə dayanır. Qeyd edək ki, əsasən ginekoloji sahə üzrə məşhurlaşan L.Şıxlinskaya klinikasının tanınmış ginekoloq və uşaq həkimləri müxtəlif vaxtlarda paytaxtın başqa tibb müəssisələrinə keçiblər. Bundan başqa, Bakıda fəaliyyət göstərən bir neçə klinikaya lisenziya verilmədiyindən fəaliyyətini dayandırıb.

Səhiyyə Nazirliyindən vurğulanıb ki, adıçəkilən tibb ocağı fəaliyyətini davam etdirməsi üçün nazirliyə müraciət edib: "Nazirlikdə klinikaya lisenziya verilməsi məsələsinə baxılır”.

Klinikanın bağlanmasını dəyərləndirən Tibb elmləri doktoru Adil Qeybulla "Şərq”ə açıqlamasında qeyd edib ki, dünyanın hər yerində səhiyyə xidməti mühüm strukturdur: "Tibb xidmətinin 80 faizdən yuxarısı özəl olmalıdır. Sadəcə, əhalinin tibbi sığortası tətbiq olunmalıdır ki, xəstəxanalarda bu imkanlardan yararlana bilsinlər. Özəl sektorun inkişafına dövlət həm texniki, həm də digər güzəştli yardımlar göstərməlidir. Düşünürəm ki, özəl sektorun inkişafı rəqabət deməkdir. Bu, xeyli həkimin işlə təmin olunması və xəstələrin müəssisə seçmək imkanının genişlənməsi anlamına gəlir. Bu baxımdan özəl sektorun inkişafına qayğı ilə yanaşılmalıdır”.

Adıçəkilən klinikaya gəlincə, ekspert vurğulayıb ki, əldə etdiyi məlumata görə, onun lisenziyası bitib: "Lisenziyanın verilməsi üçün də vaxt lazımdır. Bu səbəbdən bağlanma haqda birmənalı söz demək çətindir. Hesab edirəm ki, bir az gözləyib, hadisələri izləmək daha yaxşı olar”.

Ayyət Əhməd