Narkomaniya “cavanlaşır”

Mehriban Zeynalova: “Küçə həyatı keçirən uşaq faktiki risk qrupuna daxildir”



"Narko-ticarət”ə qurşananlar arasında yeniyetmələr də var. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, bu ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 1963 fakt aşkar edilib. Cinayət məsuliyyətinə cəlb edilən 1251 nəfərdən 5-i 18 yaşadək yeniyetmələrdir. Yeniyetmələrin konkret narkotik vasitələrin qanunsuz satışı, daşınması və ya saxlanması, yaxud da qanunsuz istifadəyə görə məsuliyyətə cəlb edildiyi açıqlanmayıb. Lakin bu cür ağır cinayətlərdə yeniyetmələrin hətta hansısa dərəcədə iştirakı da vəziyyətin ciddiliyindən xəbər verir.

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova məsələ ilə bağlı "Şərq”ə açıqlamasında yeniyetmə və gənclər, hətta azyaşlılar arasında narkotiklərə, psixotrop maddələrə aludəçiliklə bağlı dəfələrlə həyəcan təbili çaldıqlarını söylədi:

- Biz bu barədə bildirmişdik ki, təhlükə realdır. Məktəbdən yayınan, küçə həyatı yaşayan uşaqlar arasında taksikomaniyaya meyillilik artır və bu da, gələcəkdə onların narkotiklərdən asılılığını şərtləndirir. Sosial şəbəkələrdə yapışqan iyləyən uşaqların videogörüntüləri dəfələrlə yayılıb. Biz buna qarşı orta məktəblərdə şagirdlərlə maarifləndirici işlərin aparılmasını təklif edirdik. Məktəbli onu gələcəkdə hansı təhlükənin gözlədiyini bilməlidir. Bunun üçün də, orta məktəb şagirdlərilə söhbətlər aparılmasına, narkomaniyanın necə bir fəlakət olduğunun əyani göstərilməsinə ehtiyac var.

M.Zeynalova narkotik vasitələrin satışı, daşınması, paylanmasında yeniyetmələrin iştirakından təəssüfləndiyini bildirdi. Birlik sədri qeyd etdi ki, narkotik vasitələrə aludə olanlar arasında problemli ailələrin övladları və küçə uşaqları çoxluq təşkil edir:

- Cinayətkar uşaqlar arasında nikahdankənar doğulan uşaqlar üstünlük təşkil edir. Nikahdankənar doğulan uşaqların sayının artmasında isə erkən nikahların rolu danılmazdır. Rəsmi nikahın bağlanması qanunsuz olduğundan, adətən belə hallarda nikahdankənar övladlar dünyaya gəlir. Bəziləri nikah şəhadətnaməsini uşaq olduqdan sonra da almadıqlarından, uşaqlarının 6 yaşı tamam olduqda məktəbə göndərə bilmirlər. Təhsil almayan uşağı isə gələcəkdə hansı problemlərin gözlədiyi bəllidir. Oğlan uşağıdırsa, cinayətkar qruplara qoşulur, qızdırsa, erkən ailə quraraq özü kimi nikahdankənar övlad dünyaya gətirir. Nikahdankənar doğulan uşaqlar əksər hallarda vərəsəlik hüququndan məhrum olur. Belə uşaqların cəmiyyətə adaptasiyası, həmyaşıdları ilə ünsiyyət qurması xeyli çətinləşir. Bəllidir ki, bu cür uşaqlara münasibət cəmiyyətdə birmənalı deyil. Cəmiyyətin, hardasa özündən kənar etməyə çalışdığı uşağın cinayətkar qruplara qoşulması da, narkotiklərə aludəçiliyi də tamamilə gözləniləndir. Burada uşaqların, internatdan sonra faktiki sahibsiz qalması da böyük təsirə malikdir. İşsiz qalan,
yaşamağa yeri olmayan yeniyetmənin gedəcəyi yer özü kimi sahibsiz uşaqların olduğu yerlərdir. Belə yerlərdə isə uşaqlar istənilən cinayətlə üz-üzə qalırlar. Onları buna təhrik edənlər də olur.

Narkotik maddələrin satışı, paylanması, daşınması, saxlanması kimi cinayət tərkibli işlər üçün də məhz belə uşaqlar seçilir. Küçə həyatı keçirən uşaq faktiki risk qrupuna daxildir. Bu uşaqların potensial cinayətkar kimi yetişməsi üçün əslində, münbit şərait mövcuddur.

Belə uşaqlar cinayət də törədə bilər, narkotik maddələrə də aludə olar. Narko-ticarətçilərin əlində vasitə də ola bilər.

M.Zeynalova vurğuladı ki, rəhbərlik etdiyi birlik küçə uşaqlarının həyatı ilə bağlı monitorinqlər aparıb. Və məlum olub ki, küçə həyatı yaşayan uşaqlar arasında taksikomaniya geniş yayılıb:

- Taksikomaniya isə narkotik asılılığından da ağır bəladır. Narkotik asılılığından yaxa qurtarmaq üçün müalicə üsulları var. Amma taksikomaniya ilə bağlı belə üsullar yoxdur. Yeniyetmə yaşında bu asılılığa düçar olmuş şəxsin getdikcə narkotiklərə qurşanacağı daha realdır. Problem bundadır ki, bu uşaqlar başqa uşaqları da yapışqan iyləməyə sövq edir. Cinayətkar qruplar da məhz belə uşaqları hədəf seçir. Və onlardan cinayət əməllərində istifadə edirlər. Narkotiklərlə mübarizə sahəsində cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər arasında cəmi 5 nəfərin yeniyetmə olması bizə kiçik rəqəm görünə bilər. Amma dərindən yanaşdıqda, bu, gənclər arasında artıq real təhlükənin olduğunu göstərir. İlk növbədə uşaq və yeniyetmələrin zərərli vərdişlərdən sığortalanması təmin edilməlidir. Narkotiklərə və ya digər uyuşduruculara asılılıq yarandıqdan sonra, qarşısını almaq çətinləşir.

Məlahət Rzayeva