Xalq artisti ayağının kəsildiyini bilir, sadəcə susur

“Bəzən xəstələr bu məqamlarda bir müddət susmağa üstünlük verirlər”

Əgər biz vaxtında ayağını amputasiya etməsəydik, xəstəni itirə bilərdik


Artıq bir neçə gündür Xalq artisti Muxtar Manıyev Elmi Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinə yerləşdirilib. Klinikaya ağır vəziyyətdə, komada çatdırılan Xalq artistinin ayağı amputasiya edilib. Əməliyyatdan sonra Muxtar Manıyevin səhhəti necədir? Xalq artisti hazırda özünü necə hiss edir? Bununla bağlı Muxtar Manıyevin həyat yoldaşı Nisə xanımla əlaqə yaratdıq. Nisə xanım "Şərq”ə açıqlamasında bildirdi ki, hazırda Xalq artisti özünü yaxşı hiss edir:

"Yoldaşımı xəstəxanaya çatdıranda ağır vəziyyətdə idi. Onun sağ qalacağını belə artıq güman etmirdik. Komada xəstəxanaya çatdırıldı. Klinikanın baş həkimi Yusif Əliyev şəxsən Muxtarın səhhəti, əməliyyatı ilə maraqlandı. Bizə bildirildi ki, şəkəri olduğu üçün ayağında ciddi qanqrena başlayıb. Əgər ayaq kəsilməsə, zəhərlənmənin fəsadı ağır ola bilər, bir aya ölə bilər. Həkimlərin məsləhəti ilə ayağı amputasiya olundu. Şükür, bu gün özünü yaxşı hiss edir. Reanimasiyada uzanıb. Yanına gələnləri tanıyır. Deyir, ağrılarım xeyli azalıb. Məni evə aparın”.

Maraqlandıq ki, ayağının kəsilməsinə Muxtar Manıyevin münasibəti necə oldu? Əməliyyatdan sonra ayağının yoxluğunu nə vaxt hiss etdi? Nisə xanımın sözlərinə görə, Muxtar müəllim əməliyyatdan sonra bu barədə bir kəlmə də danışmayıb: "İnanın, əməliyyatdan sonra özünə gələndə bu barədə bir kəlmə də danışmayıb. Mənə elə gəlir ki, hələ bilmir ki, ayağı kəsilib. Çünki danışmır. O barədə heç nə demir. Sadəcə deyir ki, mən ağrımıram. Özümü rahat hiss edirəm. Aparın məni evə. Hər halda bizə hiss etdirmir. Ayağının kəsilməsini bildiyini dilə gətirməyib, deyə bilmərəm bilir, ya özü susur”.

Xalq artistinin əməliyyatdan sonra durumu barədə klinikanın baş həkimi Yusif Əliyev də "Şərq”ə danışdı: "Muxtar Manıyevin klinikaya daxil olandan hazırkı vəziyyəti arasında yerlə göy qədər fərq var. Xalq artisti bizim xəstəxanaya koma vəziyyətində ağır şəkildə daxil olub. Müayinələrdən sonra biz təyin etdik ki, xəstə şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün orqanizmində zəhərlənmə başlayıb. Ayağında olan çürümə demək olar ki, qanında ciddi fəsad yaradıb deyə komaya düşüb. Əgər biz vaxtında ayağını amputasiya etməsəydik, xəstəni itirə bilərdik. Bu barədə Muxtar Manıyevin həyat yoldaşına, oğlanlarına və qardaşlarına məlumat verdik. Onların razılığından sonra Xalq artisti əməliyyata hazırlandı. İndi özünü yaxşı hiss edir. Eyni zamanda əməliyyatdan sonra da zəhərlənmə qanı ilə bədəninin digər hissələrində də fəsad yaratmasın deyə qanını yuyuruq ki, zəhəri tamamilə çəkə bilək. Amma durumu indi stabildi. Əməliyyat uğurlu keçib. Xalq artisti özünü yaxşı hiss edir”.

Bir məqamı bir də həkimdən dəqiqləşdirmək istədik. Xalq artistinin həyat yoldaşı Muxtar Manıyevin əməliyyatdan sonra ayağının kəsilməsini deyəsən hələ də bilmədiyini vurğuladı. Bizim üçün maraqlı məqam da o oldu ki, görən həqiqətən Muxtar Manıyev hələ də ayağının amputasiya olunduğunu bilmir, ya bilsə də, sadəcə bu barədə danışmaq istəmir?

Klinikanın baş həkimi "Muxtar Manıyev ayağının amputasiya olunduğunu bilir. O bunu bilməyə bilməz. Çünki artıq özünə gəlib. Sadəcə bu barədə görünür danışmaq istəmir. Bəzən xəstələr bu məqamlarda bir müddət susmağa üstünlük verirlər. İnsan o qədər güclü bir canlıdır ki, hər çətinliyi qəbul edib dözə bilir. Muxtar Manıyev də həyatı dərk edən bir ahıl yaşlı insandı. Bundan da ağır ola bilərdi. O da bunu bilir deyə qəbul edib. Sadəcə görünür, bu barədə yaxınları ilə danışmağı tez sayır. Çünki o özü bunu qəbul etmək üçün zamana ehtiyac duyur. İstəmir ki, yaxınları da ona görə həyəcan keçirsinlər. Əsas odur ki, sağdı, ailəsinin yanındadı və ailəsi də onu tək qoymayıb. Bizim üçün isə vacib olan odur ki, Xalq artistini komadan çıxara bildik, əməliyyatı uğurlu keçdi”.

Tahirə