“Mən 3-5 ilin aktrisası deyiləm ki, susum”

Firəngiz Mütəllimova: “Teatrda rol oynamağa Mehriban Zəki dəvət olunub, mənim adım çəkilmir”


Akademik Milli Dram Teatrının ətrafında söz-söhbətlər hələ səngiməyib. Tərəflərin qarşılıqlı ittihamları məsələyə aydınlıq gətirməyib.

Yaranmış gərginliyə Xalq artisti Firəngiz Mütəllimovanın münasibəti də maraqlı olmalıdı. İllərini Akademik Milli Dram Teatrına verən aktrisa görən bu söz-söhbətlərdə hansı tərəfdə durub? Onun teatrda baş verənlərə yanaşması necədir?

- Son iki ildə kifayət qədər Dram Teatrında baş verənlər müzakirə olundu. Nə baş verir teatrda?

- Düzü, mən hazırda məzuniyyətdəyəm deyə, bilmirəm nə baş verir. Kimi yığırsan telefonu bağlıdı, kimisi Bakıda deyil. Ona görə də elə mən də ordan-burdan nəsə eşidirəm. Bilirəm ki, hərənin fərqli münasibəti var. Ona görə də sentyabrı gözləyirəm ki, iclas olanda nə deyilər. Əslində ailə daxilində də nəsə narazılıqlar olur.

- Niyə ki, orda baş verənlərdən xəbəriniz yoxdu? Sizcə, bütün bu söz-söhbətlər əsassızdır? Teatrda problemlər yoxdu?

- Demirəm əsassızdı. Təbii ki, problemlər var. Hər işdə problem olur. Amma mənə elə gəlir ki, bunları bu qədər ictimailəşdirməyə ehtiyac yox idi. Mənim də teatrda razı olduğum, olmadığım məqamlar var.

- Yəni işdə narahat edən məqamlar, narazılıqlar olmur ki?

- Niyə olmur ki? Məni nə isə narahat edirsə, özüm teatrın rəhbərinin otağına girib iradımı da deyirəm, gileyimi də. Bunu mətbuata çıxartmağa ehtiyac duymuram.

- Teatrın direktoru sizin iradları necə qəbul edir?

- Normal. Necə qəbul etməlidir ki? Mən olan problemdən danışıram. O da sona qədər dinləyir. Sonra onun da deyəcəyi fikirlər olur. Razılaşdığımız, razılaşmadığımız məqamlar var təbii. Mənim də gileylərim olur.

- Nədi gileyiniz? Teatrda sizi narahat edən hansı problemdi?

- Mən bunu bir daha inadla qeyd edirəm ki, mən illərimi teatra verən aktrisayam. Mənim ömrüm bu teatrda çürüyüb. Ona görə də teatrda haqqım var danışmağa.
Misal üçün, Fuad Poladov teatra dəvət olundu, rol verildi. Mən təbrik edirəm. Çox dəyər verdiyim həmkarımdı. Sadəcə bu yaxınlarda yeni mövsümdə rol alacaq aktyorların adını çəkdi direktorumuz. Amma mənim adım o siyahıda nədənsə yoxdu. Mən ömrümü bu teatra vermişəm. Başqa teatrlardan aktyorların adı var, mənim yox. Bəlkə olacaq, deyə bilmərəm. Amma hələ mənə deyilməyib ki, yeni mövsümdə səni rol gözləyir. İstəyərdim ki, adım olsun. Fəxrəddin Manafov elə ilk dəfə mənimlə oynayıb o teatrda. "Səhra yuxuları”nda oynamışıq. Mehriban Zəki də dəvət alıb. Amma mənim adım yoxdu. Mən də iki ildi əməliyyatdan çıxmışam. İki ildə səhnəyə çıxmamışam. Mən bunlara pis olmuşam. Mən teatra bütün həyatımı vermişəm, adım yoxdusa, təsir etməlidi. Kim olsa təsir edər. Mən zəif aktrisa da olmamışam ki, deyim səbəb budu. Mən tamaşaçı üçün də maraqsız aktrisa olmamışam heç vaxt. Səbəbini bilmirəm. Sadəcə, İsrafil müəllimin müsahibəsində adımı görmədim, təsir etdi. Bəlkə də jurnalistlər yazmayıb. Amma hər halda adım çəkilmədi deyə, toxundu mənə.

- Teatrdan əldə olunan gəlir sizi qane edirmi?

- Bilirsiz, mən sadəcə maaş alıram. Teatrdan əlavə qonorar da almıram. Prezident təqaüdü alıram, vəssalam.

- Onda seriallarda maddi sıxıntınız var deyə çəkilirsiz?

- Yox, qətiyyən o təəssürat yaranmasın. Çünki mən seriala təkcə maddiyyata görə çəkilmirəm. Bir işi başladımsa, yarımçıq qoymuram. Heç kimi də yarı yolda qoymağı sevmirəm. Artıq illərdi Elməddingillə çalışıram. Bundan sonra da nə qədər imkanım var, çəkiləcəm. Yəni serialdan aktyora o qədər böyük pul verilmir ki? Sadəcə orda özümü rahat hiss edirəm. Darıxmıram, aktrisa yaratmaq həvəsində olur həmişə. Mən təkcə pula görə serialda çəkilmirəm. Qaldı teatra, əmək vermişəm. Ona görə də bu gün inciməyə də, umu-küsüyə də haqqım var. Mən 3-5 ilin aktrisası deyiləm ki, susum.

Tahirə Məmmədqızı