Koalisiyon masası dağıldı: erkən seçkiyə gedilir

Baş nazir Əhməd Davudoğlu CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşünün ardından açıqlama verib




AKP və CHP sədrlərinin 3-cü görüşündə müsbət nəticə əldə edilməyib
Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu arasında koalisiya hökumətinin qurulmasına dair növbəti görüş başa çatıb.
Görüş 1,5 saat davam edib. İlkin ehtimala görə, görüşdə iki partiyanın koalisiya hökuməti qurması ilə bağlı müsbət nəticə əldə edilməyib. Bir azdan Əhməd Davudoğlu jurnalistlərə açıqlama verməsi gözlənilir. O, görüşdə aparılan müzakirələr və nəticələr barədə məlumat verəcək. Ondan sonra isə Kamal Kılıçdaroğlunun açıqlama verəcəyi gözlənilir.
Bu, onlar arasında keçirilən 3-cü görüş idi.
AKP sədri, baş nazir Əhməd Davudoğlu görüşdən sonra mətbuata açıqlama verib. Lent.az-ın məlumatına görə, o deyib ki, CHP uzunmüddətli hökumət qurmağı istəsə də, AKP buna razılaşmayıb. Davudoğlu bildirib ki, müzakirələri davam etdirmək niyyətiundədirlər, ancaq indiki halda birlikdə hökumət qurmaqla bağlı razılığa gələ bilməyiblər. Baş nazirin sözlərinə görə, bu qərarı alarkən hər iki partiya seçicilərinin gözləntilərini də nəzərə alıblar: "Ancaq bu o demək deyil ki, ölkə hökumətsiz qalacaq. Ölkəmizin hökumətsiz qalmamağı üçün bütün cəhdləri edəcəyik". Davutoğlunun sözlərinə görə, indiki mənzərə onu deməyə əsas verir ki, erkən seçkiyə gedilməsi qaçılmazdır və qarşıda duran yeganə variantdır: "Bizim vəzifəmiz ölkəmizi təhlükəsiz bir şəkildə erkən seçkiyə aparmaqdır. İnanıram ki, biz əlimizdən gələni etdik. Ölkənin hökumətsiz qalmaması üçün erkən seçkiyə getməkdən ötrü siyasi dialoqu davam etdirmək əsas şərtdir".
Baş nazir bildirib ki, erkən seçkiyə getmək üçün avqustun 23-nə qədər siyasi partiya liderləri qərar qəbul etməlidir: "Koalisiya mümkün deyilsə, erkən seçkiylə bağlı qərarı da siyasi partiyalarla birlikdə, parlamentdə verməliyik. Açıq deyirəm, erkən seçkidə ən çox qazanmaq ehtimalı olan partiya AKP-dir. Çünki 18 mandat daha qazansaq, təkbaşına hökumət qura biləcəyik. Digər heç bir partiyanın belə bir şansı yoxdur”.
Davudoğlu deyib ki, Kılıçdaroğlu ilə görüşdən sonra əldə olunan nəticələrlə bağlı prezident Ərdoğana da məlumat verib. Onun sözlərinə görə, MHP sədri Dövlət Baxçalı ilə görüşdən sonra erkən seçkinin ən yaxın tarixdə keçirilməsi ilə bağlı qərar qəbul edəcəklər.