Azərbaycana qaçmış erməninin arvadı üsyan etdi (FOTO)

Ruzanna Mardanyan Ermənistan məhkəməsini sərt ittiham edib




Ermənistandan sərhədi keçərək ailəsi ilə Azərbaycana gəlmiş, daha sonra geriyə qaytarılmış Yeqişe Qevorkyan və həyat yoldaşı Ruzanna Mardanyanın məhkəməsi davam edir.
ANS PRESS-in məlumatına görə, özünü qismən günahkar sayan Yeqişe qanunla müəyyən edilmiş cəzanı çəkməyə hazır olduğunu bildirib.
52 yaşlı Yeqişe məhkəmə iclaslarında susacağı üçün vəkilə ehtiyacı olmadığını qeyd edib.
"Hörmətli hakim, mən Ermənistan hökümətindən üzr istəyirəm və bildirirəm ki, cəzamı çəkməyə hazıram. Mənə vəkil lazım deyil. Mən məhkəmədə danışmayacağam”,- deyə Yeqişe bildirib.
Onun arvadı Ruzanna Mardanyan isə ittihamları qəbul etməyib. "Mənə vəkil lazım deyil, çünki özümü günahkar saymıram və müdafiəyə ehtiyac duymuram”, - deyə qadın bildirib.
Ermənistan vətəndaşı olan 5 mülki şəxs - Yeqişe, Ruzanna, Alfred, Qayane və Petros Qevorkyan 2010-cu ilin yanvarında Azərbaycan ərazisinə keçiblər.
Ermənistan vətəndaşı Yeqişe Qevorkyanın sözlərinə görə, o, Naxçıvanın Sədərək rayonu tərəfindən erməni postunu yarıb Azərbaycan tərəfə keçib: "Bizim sərhədçilər maşında körpə uşaqların olduğunu bilsələr də atəş açdılar. Həmin vaxt qızım Qayane yaralandı. Amma biz Azərbaycan postuna çatanda mən dayandım. Onlar maşında ailəmin olduğunu görəndə bizə atəş açmadılar. Sonra sizin tərəfə keçdik”.
Qevorkyan Yeqişe həyat yoldaşı Mardanyan Ruzanna və ailəsilə birlikdə Azərbaycana keçdikləri gün 2010-cu ilin yanvarın 10-da Ermənistana qayıtmaqdan imtina etmiş, üçüncü ölkəyə göndərilmələri barədə Azərbaycan hökumətinə yazılı müraciət ünvanlamışdı.
Ailə Azərbaycan ərazisində saxlanıldığı andan etibarən Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında olub. Təşkilat bu müddət ərzində ailənin saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğunu təsdiq edib. Ailə müntəzəm olaraq tibbi müayinədən keçirilib və sağlamlıqları ilə bağlı hər hansı problem olmayıb.
Ermənistan tərəfi isə artıq 6 aydan çoxdur ki, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmaqdan imtina edir. Onlar yaxınlarının məzarını ziyarət etmək üçün getdikləri Kəlbəcərdə girov götürülüblər. Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq girovlar üzərində qondarma məhkəmə prosesi təşkil edib.