Tehran-Ankara münasibətləri gərginləşir

İran Türkiyə ilə sərhədini bağladı, XİN başçısı səfərdən imtina etdi



İran Türkiyə ilə sərhədində Gürbulaq-Bazargan Gömrük keçid məntəqəsini bağladığını bəyan edib. Bu barədə İranın Yol və Şəhər Planlaşdırma nazirinin köməkçisi Davud Keşaverziyan məlumat verib. Nazirlik rəsmisinin sözlərinə görə, bu ölkələr arasındakı ən böyük keçid qapısı olan Gürbulaq-Bazargan Gömrük keçid məntəqəsinin yalnız İran tərəfinə aid olan hissəsi bağlanıb.

Türkiyə tərəfdən isə sərhəd məntəqəsi öz işini normal qaydada davam etdirir. Açıqlamada sərhəd-keçid məntəqəsinin bağlanmasına səbəb kimi İran nömrəli bir yük maşınının Türkiyə ərazisində silahlı hücuma məruz qalması göstərilir. Bu arada qeyd edək ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb. Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti İran xarici işlər nazirinin Ankaraya səfərinin təxirə salındığını açıqlayıb, səfərin dəqiq tarixi haqda isə məlumat verilməyib. Türkiyədə Suriya böhranının həlli və İŞİD terror təşkilatına qarşı birgə mübarizə yollarının müzakirəsi məqsədilə planlaşdırılan səfərin vaxtının dəyişdirilməsinin səbəbləri isə açıqlanmayıb. İranlı diplomatın görüş çərçivəsində rəsmi Tehran tərəfindən hazırlanan fəaliyyət planını Ankaraya təqdim etməyə hazırlaşdığı da qeyd olunurdu. Bəzi məlumatlara əsasən, Suriya münaqişəsinin həllini nəzərdə tutan plan ölkədəki bir sıra rayonların Bəşər Əsəd hökumətinin nəzarətində qalmasını əks etdirir. Planda müxalifətin nəzarəti altında olan rayonların müxalifətdə qalacağı nəzərdə tutulur, sünni əhalisinin təhlükəsizliyinə diqqət ayrılması xüsusi vurğulanır.

Ankara-Tehran münasibətlərini şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə söyləyib ki, yaxın Şərqdəki problemlərlə bağlı bu ölkələr arasında ciddi rəqabət gedir: "Bu rəqabətdə cənub qonşumuzun təklif etdiyi variant Türkiyənin istəklərinə uyğun deyil. Məsələn, İran iddia edir ki, bölgədəki ziddiyyətləri bölgə dövlətlərinin özləri həll etsin. Buraya Amerika və başqa dövlətləri cəlb etməyə ehtiyac yoxdur. Həmçinin Tehran Suriyanı sünni və şiə bölgələrinə bölərək sünni bölgəsinin Ankaraya verilməsinə dair təkliflə çıxış edib. Amma Türkiyə ərazi iddiasında deyil. Sadəcə, Suriyada normal rejimin formalaşmasını və ərazisində məskunlaşan 1 milyon 8 yüz min suriyalı qaçqının öz torpaqlarına qaytarılmasını istəyir. Bundan başqa, qardaş ölkə Suriya türkmənləri üçün normal şəraitin yaradılmasını tələb edir. Çünki orada türkmənlər kürdlər tərəfindən təhdid edilir. Evlərindən zorla çıxarılır və yurdlarında kürdlər məskunlaşdırılır. Bir sözlə, türkmənlər ciddi aqressiya ilə üzləşib”.

Səfərin təxirə salınmasına diqqət çəkən ekspert vurğulayıb ki, bu səfər ərəfəsində İran mətbuatı Türkiyənin əleyhinə çox ağır təhdidlər yağdırdı: "Türkiyə mətbuatı da buna cavab verdi. Yazılanların həqiqəti əks etdirmədiyi bildirildi. O səbəbdən nazirin səfəri təxirə salındı. Bu onu göstərdi ki, bölgədə əmin-amanlığı pozan iki amil var. Biri İŞİD, digəri isə özlərinə müstəqil dövlət yaratmaq sevdasına düşən kürdlərdir”.

Ayyət Əhməd