“Qarabağ” blokunda fikir ayrılığı yaranıb

Buna baxmayaraq AMİP müxalifətin birgə fəaliyyətinə çalışacaq



Azərbaycan Milli İstiqlal Partiyası ilə "Qarabağ” siyasi bloku arasında parlament seçkisində birgə iştirakla bağlı aparılan danışıqlar uğursuzluqla nəticələnib. İddialara görə, bir müddətdir davam edən danışıqlar prosesi ötən gün dayandırılıb və tərəflər müzakirələrə son qoyub.

Yayılan xəbərlərlə bağlı "Şərq”ə açıqlama verən AMİP-in Mərkəzi Şurasının üzvü Əli Oruclu deyib ki, əməkdaşlıqla bağlı müxtəlif qurumlarla rəsmi və qeyri-rəsmi təmaslar qurulub və bundan sonra da qurulacaq: "Bu münasibətlər təkcə "Qarabağ” bloku ilə deyil, digər müxalif qüvvələrlə də qurula, müzakirələr aparıla bilər. AMİP hər zaman müxalifətin inteqrasiyasına və faydalı əməkdaşlığına nail olmaq üçün səy göstərir və bu yöndəki təşəbbüsləri dəstəkləyir. Qarşıdan gələn parlament seçkilərində də qeyri-iqtidar düşərgəsinin uğur qazanması üçün partiya olaraq əlimizdən gələni edirik”.

Ə.Oruclunun sözlərinə görə, danışıqların müsbət nəticə verməsi bir-iki görüşlə alınan məsələ deyil: "Bu, davamlı proses olmalıdır. Çünki subyektiv və obyektiv səbəblərdən qarşıya həlli vacib və çətin olan problemlərin çıxması mümkündür. Lakin bu o anlama gəlmir ki, biz səylərimizi davam etdirməməliyik. Hər halda hamını birləşdirən ümumi nəsnələr var. Hamı istəyir ki, seçkilərdə öz gücünü və imkanlarını ortaya qoysun. Ona görə də biz bu istiqamətdə təşəbbüslərimizi davam etdirmək fikrindəyik”.

İsmayıl